Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Şarka virusu ilə bağlı həyəcan böyüyür - Oğuzdan sonra Şəkidə də şübhəli hallar – FOTOLAR
Şarka virusu ilə bağlı həyəcan böyüyür - Oğuzdan sonra Şəkidə də şübhəli hallar – FOTOLAR

Oğuz rayonunda çəyirdəkli meyvə bağlarında müşahidə olunan şarka (Plum poks virus – PPV) virusu ilə bağlı narahatlıq artıq qonşu Şəki rayonuna da yayılıb.

Reportyor.tv-nin əldə etdiyi məlumata görə, Şəkidə fəaliyyət göstərən fermerlərdən biri aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edərək bölgədəki iri meyvə bağlarından birində bu təhlükəli karantin xəstəliyinin əlamətlərinin müşahidə olunduğunu bildirib və təxirəsalınmaz araşdırma aparılmasını istəyib.

Müraciət müəllifi qeyd edir ki, uzun illərdir kənd təsərrüfatı ilə məşğuldur, son illərdə isə intensiv meyvə bağları salaraq sağlam və keyfiyyətli məhsul istehsalına sərmayə yatırıb. Onun sözlərinə görə, qonşuluqdakı iri təsərrüfatda becərilən nektarin və şaftalı ağaclarında Şarka virusuna xas simptomlar görünür. Fermer iddia edir ki, bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yoluxduğu ehtimal olunan ağaclar nə təcrid edilib, nə də onların məhv olunması və ya digər fitosanitar tədbirlər həyata keçirilib.

Bağ sahibinin fikrincə, bu vəziyyət təkcə onun təsərrüfatını deyil, ətrafdakı bütün meyvə bağlarını risk altına salır. Çünki virusun əsas daşıyıcılarından sayılan mənənələrin hərəkətinə tam nəzarət etmək mümkün deyil. Bir bağda yoluxmuş ağacların qalması isə xəstəliyin qısa müddətdə geniş əraziyə yayılmasına səbəb ola bilər.

Fermer müraciətində "Fitosanitar nəzarəti haqqında" qanunun tələblərinə də istinad edir. O xatırladır ki, təhlükəli karantin orqanizmlərinin aşkarlandığı hallarda torpaq mülkiyyətçiləri bunu dərhal aidiyyəti qurumlara bildirməli, dövlət orqanları isə laborator analizlər apararaq zərurət yaranarsa daxili karantin rejimi tətbiq etməlidirlər.

Müraciətdə AQTA-dan şübhəli bağlarda təcili fitosanitar baxış keçirilməsi, laborator analizlər üçün nümunələrin götürülməsi və virus təsdiqlənərsə qanunvericiliyə uyğun sərt karantin tədbirlərinin həyata keçirilməsi xahiş olunur.

Şarka virusu dünyada çəyirdəkli meyvə ağaclarının ən təhlükəli xəstəliklərindən biri hesab edilir. İlk dəfə 1915-ci ildə Bolqarıstanda qeydə alınan virus sonradan Avropa, Asiya, Yaxın Şərq və Amerika qitəsinə yayılıb. Hazırda 40-dan çox ölkədə rast gəlinən bu xəstəlik gavalı, ərik, şaftalı, nektarin və alça bağlarında böyük iqtisadi itkilərə səbəb olub.

Tarixdə ən ağır zərbələrdən birini Serbiya alıb. Həmin ölkədə minlərlə hektar gavalı bağı sıradan çıxıb, meyvəçilik sektoru uzun illər böhran yaşayıb. ABŞ, Almaniya, Fransa, İspaniya, Rumıniya, Bolqarıstan və Türkiyə də virusun yayılmasının qarşısını almaq üçün milyonlarla ağacı məhv etməyə və genişmiqyaslı karantin proqramları həyata keçirməyə məcbur qalıblar. Beynəlxalq qiymətləndirmələrə əsasən, Şarka virusunun dünya iqtisadiyyatına vurduğu ümumi zərər artıq 10 milyard dolları keçib.

Mütəxəssislər bildirirlər ki, bu virusun ən təhlükəli xüsusiyyəti onun müalicəsinin olmamasıdır. Heç bir pestisid və ya aqrokimyəvi preparat virusu məhv etmir. Xəstəlik laboratoriya şəraitində təsdiqləndikdən sonra yeganə effektiv üsul yoluxmuş ağacların kökündən çıxarılaraq məhv edilməsidir.

Bundan əlavə, virus illərlə gizli formada qala bilir. Yoluxmuş ağac 2-3 il ərzində heç bir əlamət göstərməsə də, həmin müddətdə ondan götürülən calaq materialı və tinglər vasitəsilə xəstəlik yeni bağlara daşına bilir. Mənənələr isə virusu sağlam ağaclara sürətlə ötürür.

Son illər Azərbaycanda meyvəçiliyin inkişafına böyük həcmdə dövlət və özəl investisiyalar yönəldilib. Müasir aqroparklar salınıb, minlərlə hektar intensiv bağ yaradılıb, damcı suvarma sistemləri, soyuducu anbarlar və emal müəssisələri qurulub.

Ekspertlər hesab edirlər ki, əgər Şarka virusunun yayılması nəzarət altına alınmasa, təhlükə artıq ayrı-ayrı fermer təsərrüfatlarından çıxaraq bütöv aqrar sənayeni əhatə edə bilər. İntensiv bağlarda ağacların sıx əkilməsi virusun daha sürətlə yayılması riskini artırır. Bir neçə yoluxmuş ting qısa müddətdə yüzlərlə hektar məhsuldar bağın itirilməsinə səbəb ola bilər.

Belə bir ssenari təkcə fermerlərin deyil, tingçilik təsərrüfatlarının, soyuducu anbarların, meyvə emalı müəssisələrinin, logistika şirkətlərinin və ixracatçıların fəaliyyətinə də ciddi zərbə vura bilər. Azərbaycanın ərik, şaftalı, gavalı, nektarin və digər çəyirdəkli meyvələr üzrə ixrac potensialı da risk altına düşər.

Oğuzdan sonra Şəkidən gələn bu siqnallar göstərir ki, məsələ artıq lokal problem olmaqdan çıxır. Virusun mövcudluğu laborator şəkildə təsdiqlənəcəyi təqdirdə, beynəlxalq fitosanitar standartlara uyğun karantin tədbirlərinin operativ tətbiqi və yoluxma ocaqlarının təcrid olunması xüsusilə vacib görünür.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti