Rusiyada koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində elan olunmuş tətil müddəti aprelin 30-dək artırılıb. Ölkə prezidenti Vladimir Putin bildirib ki, bütün ölkədə elan edilmiş qeyri-iş həftəsi qüvvələri toplayıb, virusun yayılmasına qarşı daha effektiv mübarizə üsullarının tapılmasına, bu sahədə beynəlxalq aləmdə olan daha yaxşı praktikadan yararlanmağa imkan verib: “Biz hələlik yaşlı nəsli ciddi təhlükədən uzaq saxlamağa, məktəblər, institutlar, uşaq bağçalarında yayılmanın qarşısını almağa nail olmuşuq. Amma biz onu da başa düşməliyik ki, təhlükə hələ qalır. Virusoloq mütəxəssislər hesab edirlər ki, dünyada, eləcə də bizim ölkədə epidemiyanın pik həddi arxada qalmayıb. Buna görə də mən qərar qəbul etmişəm ki, ölkədə elan olunmuş qeyri-iş günlərinin müddəti aprelin 30-dək uzadılsın”.
Qeyd edək ki, Azərbaycanda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə ölkədə qeyri-iş günləri martın 29-dan aprelin 20-dək uzadılıb. Bəzi mütəxəssislər ölkədə koronavirusa yoluxma statistikasını əsas gətirərək, bu müddətin bir qədər də uzadıla biləcəyini ehtimal edir. Eləcə də tibb sahəsinin bəzi mütəxəssisləri pandemiyanın pik həddinin aprelin sonu, mayın əvvəlinə təsadüf edəcəyini qeyd edir.
Bəs ölkəmizdə də qeyri-iş günlərinin müddəti uzadıla bilərmi? Azərbaycanda pandemiyanın pik həddi nə zamana təsadüf edə bilər?
Musavat.com olaraq mövzu ilə bağlı tanınmış həkimlərin rəyini öyrənməyə çalışdıq. Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, bu məsələ epidemioloji vəziyyətdən aslı olacaq:
“Əgər pandemiyanın pik dönəmi aprelin 15-20-si arası olacaqsa, yəqin ki, qeyri-iş günlərinin vaxtının uzadılması zəruriyyəti yaradılacaq. Əgər aprelin 15-də statistikada eniş müşahidə etsək, hansısa tədbirlərdə yumşalamar ola bilər.
Hər halda aprel bizim üçün gərgin ay olacaq. May ayından isə səngimələr başlayacaq və infeksiya tədricən azalan istiqamətdə gedəcək. Əgər insanlar rejimi gözləyəcəksə, deyilən qaydalara əməl edəcəklərsə, bəli onda virus may ayından artıq sönən istiqamətdə gedəcək və iyun ayında bitəcək. Hər halda proqnoz bu cür gözlənilir”.
Adil Qeybulla qeyd etdi ki, hazırda mövsümlə bağlı spesifik xəstəliklər də mövcuddur, lakin onlara olan diqqət koronavirusa görə arxa plana keçib:
“Mövsümlə əlaqədar bu gün xeyli sayda yuxarı tənəffüs yollarının iltihabı infeksiyaları var ki, bəzən xəstələr bunu koronavirus olduğunu düşünür, həkimə müraciət edir.
Bu gün həmçinin “Mers” deyilən koronavirusun digər forması və onun yayılması faktı var. Sadəcə həmin xəstəliklərə diqqət koronavirusa görə arxa plana keçib. Koronavirus ajiotajı sanki məqsədli şəkildə ortaya atıldı və bu gün diqqət ancaq onun üzərindədir.
Ümumiyətlə hər zaman soyuqdəymə xəstəlikləri ilə bağlı ehtiyatlı olmalıyıq. Dünya sürprizlərlə üz-üzə dayanıb. İnsanlar Yer kürəsində olan heyvanları, bitkiləri sıxışdırıb və onlarda olan viruslar da artıq insanlara transfer edir. Bu mənada HİV, SPİD, Ebolanın adını çəkmək olar. Eləcə də koronavirus heyvan mənşəli virusdur, yəni heyvandan insana keçib. Bütün bu situasiyalar onu göstərir ki, insanlar təbiətə müdaxilə etdikcə onların sayı artdıqca və başqa canlıları sıxışdırdıqca dünyada bu cür proseslər baş verir”.
Adil Qeybulla qeyd edib ki, koronavirusdan sağalan şəxs təkrarən bu virusa yenidən yoluxa bilər:
“Ya da ola bilər ki, təkrarən yoluxmasın, amma infeksiya başqa formada baş qaldırsın. Hər halda dünyada bu cür hallar var. Bütün bunlar onu göstərir ki, biz tamamilə arxayınlaşmamalı, proses sona çatana qədər epidemioloji tədbirləri davam etdirməli və sonda səhiyyə sisteminə yenidən baxış keçirməliyik.
Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının konkret reseptləri yaradılmalı, bu cür infeksiyaları vaxtında lokollaşdırmaq, epidemioloji ocağı söndürmək, onun yayılmasının qarşısının alınması ilə bağlı effektiv mexanizmlər işə salınmalıdır. Tibb elminə lazımi səviyyədə kapital qoyulmalıdır ki, artıq bu cür infeksiyalarla bağlı müalicə və profilaktik işləri aparıla bilsin. Koronavirus hadisəsi onu göstərdi ki, bəşəriyyət hər an təhlükə ilə üz-üzə qala bilər. Ona görə də viruslarla mübarizədə yeni effeltiv müalicə işlərinin hazırlanması ilə bağlı konsepsiyamız olmalıdır.
Təcrübə onu göstərdi ki, ÜST baxmayaraq, inkişaf etmiş ölkələrə çox böyük vəsaitlər ayırırdı, amma bu gün həmin ölkələr də bu məsələ qarşısında aciz qalıb. Məsələn, ABŞ səhiyyəsinə qoyulan vəsait federal büdcədən çoxdur. Lakin son nəticədə göründüyü kimi o qədər də effekt vermədi. Deməli, başqa effektiv vasitələr lazımdır. Düşünürəm ki, koronavirus dünya düzənində xeyli sahələrdə, o cümlədən iqtisadiyyatda, siyasətdə, təbabətdə ciddi dəyişikliklər edəcək”.
“Herba Flora” tibb mərkəzinin baş həkimi, fitoterapevt, ixtisasca infeksionist olan Füzuli Hüseynov da mövzu ilə bağlı danışıb: “Deməzdim ki, bu gün koronavirus Azərbaycanda sürətlə yayılır. Ona görə də qeyri-iş günlərinin uzadılmasının tərəfdarı deyiləm, çünki insanalar maddi durumla bağlı ciddi problem yaşaya bilər. İnsanların hamısı artıq bu virus barəsində məlumatlandırılıb, hərşeyi bilir.
Əslinə qalanda pandemiya çox ağır məsələdir. ÜST baş verən prosesi pandemiya adladırıb. Lakin tarixin pandemiya olan dövrlərində milyonlara insan məhv olub. Bəzi ölkələrdə insanların 80, bəzilərində isə 50 faizi xəstəliyə yoluxaraq, dünyasını dəyişib. Amma indiki dövrdə ölüm faizi yalnız 1-2 faiz təşkil edirsə, bunu pandemiya adlandırmaq nə dərəcədə doğrudur, deyə bilmərəm”.
