Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Kremlçi media dəliyə döndü: separatçılara Bakıda kəsilən cəzalar Paşinyanı "günah keçisi" etdi
Kremlçi media dəliyə döndü: separatçılara Bakıda kəsilən cəzalar Paşinyanı "günah keçisi" etdi

Kremlə yaxınlığı ilə seçilən Rusiyanın “Moskovski komsomolets” nəşri Qarabağda Azərbaycan dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı cinayətlərdə iştirak etmiş erməni separatçı rəhbərlərinin Bakıda məhkəmə hökmü ilə cəzalandırılmasını açıq narahatlıq və qıcıqla şərh edib.

Musavat.com-un məlumatına görə, Kremlçi media iddia edir ki, guya Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdan keçən və ABŞ-ın patronajında reallaşdırılan TRIPP layihəsindən əldə olunacaq gəlirlər naminə Qarabağdakı separatçı rəhbərliyi “Azərbaycana satıb”. Əslində isə söhbət Azərbaycan xalqının qanına batan, onilliklər boyu işğal siyasətinin icraçısı olmuş şəxslərin Azərbaycan məhkəməsi qarşısında cavab verməsindən gedir.

Kimlər və hansı cəzaya məhkum edildi?

Bakı Hərbi Məhkəməsinin hökmü ilə qondarma rejimin əsas simaları ən ağır cəzalara məhkum olunub:

Qondarma qurumun keçmiş “prezidenti” Araik Arutyunyan – ömürlük həbs

Qondarma “ordu”nun keçmiş komandanı Levon Mnatsakanyan – ömürlük həbs

Onun müavini Davit Manukyan – ömürlük həbs

Qondarma “parlament sədri” Davit İşxanyan – ömürlük həbs

Qondarma “xarici işlər naziri” Davit Babayan – ömürlük həbs

Yaş həddi ilə bağlı Azərbaycan qanunvericiliyinə əsasən ömürlük həbs verilməsi mümkün olmayan digər iki əsas separatçı fiqur – Bako Saakyan və Arkadi Qukasyan isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Reallıqda bu hökmün də faktiki olaraq ömürlük həbs demək olduğu açıqdır.

Bundan əlavə, separatçı rejimin strukturlarında iştirak etmiş daha 8 nəfər də 15–19 il arası həbs cəzaları alıb. Beləliklə, Azərbaycan dövləti öz suveren hüququnu həyata keçirərək xalqımıza qarşı ağır cinayətlər törətmiş şəxsləri hüquqi müstəvidə cəzalandırıb.

Kreml niyə narahatdır?

“Moskovski komsomolets” məqaləsində bu hökm “skandal” kimi təqdim olunur, separatçıların taleyinə acınacaqmış kimi yanaşılır. Kremlçi media Paşinyanı hədəfə alaraq iddia edir ki, guya Ermənistan Qarabağ mövzusunu bağlayıb, əvəzində Zəngəzur marşrutundan gələn iqtisadi dividendləri seçib.

Yazıda xüsusi vurğu ABŞ-ın əsas paya sahib olduğu TRIPP layihəsinə edilir və Ermənistanın bu marşrutu 49 illik (sonradan 99 ilə qədər uzadıla bilən) idarəetməyə verməklə guya öz suverenliyindən imtina etdiyi iddia olunur. Halbuki məsələ Ermənistanın suverenliyindən daha çox, Rusiyanın regiondakı geosiyasi maraqlarının zərbə altına düşməsidir.

Alen Simonyanın sözləri Moskvanı qıcıqlandırdı

Kremlçi medianın qəzəbinə səbəb olan əsas məqamlardan biri də Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamalarıdır. Simonyan açıq şəkildə bildirib ki, Zəngəzur layihəsinin Rusiyaya heç bir aidiyyəti yoxdur və Moskvanın bu layihədə iştirakından söhbət gedə bilməz. Məhz bu mövqe Kreml mediasında açıq qıcıq və isterik ritorika ilə qarşılanıb.

“Moskovski komsomolets” yazını ritorik sualla tamamlayır: Simonyan Moskvaya danışıqlara gəlibsə, görəsən, artıq hər şey həll olunduğu halda, müzakirə edəcək nə qalıb?

Nəticə aydındır

Reallıq ondan ibarətdir ki, Kreml və onun nəzarətində olan media nə Ermənistanın suverenliyinə, nə də “humanitar dəyərlərə” görə narahatdır. Onları narahat edən əsas məsələ Qarabağ kartının birdəfəlik bağlanması, separatçıların cəzalandırılması və Rusiyanın Cənubi Qafqazda illərlə istifadə etdiyi təsir rıçaqlarını itirməsidir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti