
Azərbaycan və Rusiya prezidentlərinin 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsini imzalamasından bu gün düz 4 il ötür. O sənəd ki, iki ölkə münasibətlərini faktiki, müttəfiqlik səviyyəsinə qaldırmışdı. Lakin imzaların mürəkkəbi qurumamış rəsmi Kreml öz ənənəvi və xəbis imperiya xislətinə uyğun surətdə anlaşmanı görməzlikdən gəlməyə başladı. Yalnız iki fakt.
Bəyannamənin 18-ci bəndində deyilir ki, tərəflər separatizm, terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparacaqlar. Amma biz Qarabağın Rusiya “sülhməramlı” kontingentinin nəzarətindəki hissəsində bunun tam əksini müşahidə elədik. Rusiya 10 noyabr 2020 kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələrini ərazimizdən çıxarmaq əvəzinə, xunta rejimi ilə “çaşka-lojka” olub, onun hərbi cəhətdən dirçəlməsi və Azərbaycana qarşı revanşa hazırlaşması üçün əlindən gələni elədi. Hətta birgə təlimlər keçirildi.
Bu harasıdır, qanuni torpaqlarımızda “Donbas ssenarisi” üzrə qondarma “Rus icması” yaratmağa belə cəhdlər olundu. Kontingentin Xocalıdakı iqamətgahı önündə separatçıların bayraq adlandırdığı əski parçası asıldı – Rusiya və Ermənistan bayraqları ilə yan-yana!! Sanki Qarabağın Azərbaycana heç bir dəxli yoxmuş (Bax: foto).
Sonrası məlum: Moskva Bəyannaməsindən 1 il 7 sonra – 2023-cü il sentyabrında Azərbaycan Rusiyanın bütün bu özbaşınalıqlarına, suverenliyinəmiz əleyhinə məkrli planlarına son qoymaq, Kremlin erməni separatizminə ikinci “nəfəs vermək” cəhdlərini önləmək üçün Qarabağda antiterror əməliyyatı keçirdi. Bir neçə ay sonra isə rus hərbçiləri də bölgədən rədd olub getdilər. Beləcə, dövlətçiliyimizə qənim kəsilən rus-erməni qruplaşması çox şey istəyirdi, fəqət, azdan da oldu...
Əslinə qalsa, rəsmi Moskva sözügedən sənədi cəmi iki gün sonra – fevralın 24-də suveren Ukraynaya qarşı hərbi təcavüzə başlamaqla böyük şübhə altına almışdı. Niyə?
Ona görə ki, oxşar yazılı anlaşma vaxtilə Kiyevlə də imzalanmışdı. 1995-ci il Budapeşt sənədinə görə, Rusiya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zəmanət verirdi. Gəl ki, Rusiya həmin imza və vədinə də tüpürdü...

AZAL-a məxsus mülki təyyarəmizin vurulması olayı Kremlin Moskva Bəyannaməsinə barmaqarası baxdığının növbəti bariz təzahürü və Putinin ikinci böyük xətası kimi tarixə düşdü. Rusiya lideri öz sözündən qaçdı. 38 mülki şəxsin öldüyü cinayət işi nümayişkaranə şəkildə bağlandı. Halbuki, sənəddə belə bir bənd-öhdəlik (7) də var: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”.
Hanı bəs?
Bu azmış kimi, neçə vaxtdır Rusiyadakı soydaşlarımıza qarşı repressiv siyasətə start verilib. Bu siyasət hələ də davam edir. Eyni zamanda, Kremlə yaxın qırğılar və informasiya köpəkləri Azərbaycan əleyhinə hədə və böhtanlarından qalmırlar.
Yekun olaraq bu gün gəldiyimiz nöqtə bu: Bakı-Moskva münasibətləri de-fakto “soyuq müharibə” dövrünü yaşayır. Bu vəziyyətin tək səbəbkarı, əlbəttə ki, Rusiya. SSRİ 35 ildir cəhənnəmlik olsa da, "SSRİ -2" xülyası ilə yaşayıb postsovet ölkələrinə yuxarıdan aşağı, vassal qismində baxan Rusiya.
Putin 22 fevral Bəyannaməsini qısa zamanda bax, belə “dəfn edib”. Hərgah o, onsuz da “ölü doğulmuşdu”...
Z. SƏFƏROĞLU






Şərhlər