
Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq İran bütün Aİ üzv dövlətlərinin dəniz və hava qüvvələrini terror təşkilatları kimi tanıyıb.
Bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb:
“Biz Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarını beynəlxalq hüquq və normaların pozulması hesab edirik”.
İranın bu qərarı Aİ üzvü dövlətlərə ciddi problemlər yarada bilərmi? İran bu qərarına əsaslanıb hansı praktiki addımları atmaq potensialına malikdir?
YUSİF SON.jpg (41 KB)
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, bu qərarın praktik nəticələri özünü daha çox siyasi-psixoloji müstəvidə göstərə bilər, nəinki birbaşa hüquqi və ya hərbi müstəvidə:
“İranın cavabı əsasən siyasi mesaj xarakteri daşıyır. Tehran göstərmək istəyir ki, terror təşkilatları siyahıları birtərəfli mexanizm deyil və qarşılıqlı addımlar da mümkündür. Bu, daha çox daxili auditoriyaya və regiondakı tərəfdaşlara ünvanlanan güc nümayişidir. Praktik baxımdan ən həssas istiqamət Fars körfəzi və xüsusilə Hörmüz boğazıdır. Dünya enerji ticarətinin əhəmiyyətli hissəsi bu marşrutdan keçir və Aİ ölkələrinin hərbi dəniz qüvvələri bölgədə təhlükəsizlik missiyalarında bu və ya digər şəkildə iştirak edir. İran nəzəri olaraq “terrorla mübarizə” arqumentinə əsaslanaraq Aİ ölkələrinə məxsus hərbi gəmiləri daha sıx izləyə, yoxlama və ya qısamüddətli saxlamalar həyata keçirməyə cəhdlər edə bilər. Lakin genişmiqyaslı hərbi qarşıdurma ehtimalı aşağıdır, çünki bu, NATO üzvü dövlətlərlə birbaşa eskalasiya demək olardı və Tehran üçün strateji baxımdan yüksək risklidir. Hava məkanı məsələsində də oxşar vəziyyət mövcuddur. İran Aİ ölkələrinin hərbi təyyarələrinin öz hava məkanına girişini qadağan edə və ya məhdudlaşdıra bilər. Lakin Aİ hərbi aviasiyasının İran üzərindən sistemli tranzit asılılığı olmadığı üçün bu addımın real təsiri məhdud qalacaq. Əsas risk fövqəladə vəziyyətlərdə hüquqi çərçivənin sərtləşdirilməsi ilə bağlı ola bilər”.
Politoloq hesab edir ki, daha real təsir enerji bazarında psixoloji gərginlik və qiymət dalğalanmaları şəklində özünü göstərə bilər:
“Hörmüz boğazında hər hansı insident və ya gərginlik xəbəri qlobal neft qiymətlərinə dərhal təsir edir. İranın ritorik sərtləşməsi və mümkün taktiki addımları bazarlarda risk dərəcəsini artıra bilər. Bu isə xüsusilə enerji təhlükəsizliyi məsələsinə həssas yanaşan Avropa ölkələri üçün əlavə iqtisadi təzyiq yarada bilər.
Digər mümkün istiqamət hibrid və kiber müstəvidir. İran keçmişdə rəqiblərinə qarşı kiber imkanlardan istifadə edib və Aİ ölkələrinin kritik infrastrukturuna qarşı təzyiq cəhdləri istisna edilmir. Bununla belə, bu cür addımların sübut olunması və cavab reaksiyası riski Tehranın davranışını məhdudlaşdıran amillərdəndir”.
Yusif Bağırzadə qeyd edib ki, İranın qərarı hüquqi baxımdan Aİ dövlətləri üçün sistemli və ciddi təhlükə yaratmır. Bu, daha çox siyasi balans və qarşılıqlı çəkindirmə mexanizminin tərkib hissəsidir:
“Tehran eskalasiyanı müəyyən səviyyədə saxlamağa çalışacaq, çünki Avropa ilə tam diplomatik və iqtisadi qırılma İranın öz maraqlarına da ziddir. Buna görə də mövcud addımı daha çox simvolik qarşılıq və strateji siqnal kimi qiymətləndirmək olar”.
Etibar Seyidağa,
Musavat.com






Şərhlər