
Qazaxıstan hökuməti Qazaxıstanın Xəzər dənizi Elmi‑Tədqiqat İnstitutu üçün 1,1 milyard tenge vəsait ayırıb.
Reportyor.tv xəbər verir ki, ayrılan maliyyə laboratoriyaların modernləşdirilməsi və müasir tədqiqat avadanlıqlarının alınmasına yönəldiləcək.Layihə üçün ayrılmış 1,1 milyard tenge təxminən 3,8 milyon Azərbaycan manatı (təxminən 2,2 milyon ABŞ dolları) həcmində vəsait deməkdir ki, bu da Xəzər dənizinin tədqiqi və laboratoriyaların modernləşdirilməsi üçün mühüm maliyyə resursu hesab olunur. Bu qərar Xəzər dənizinin sürətlə dayazlaşması və ekoloji balansın pozulması fonunda atılmış ilk sistemli addımlardan biri kimi qiymətləndirilir.
İllər boyu Xəzərlə bağlı fundamental tədqiqatların böyük hissəsi xarici – xüsusilə də Rusiya elmi mərkəzləri tərəfindən aparılıb. İndi isə Qazaxıstan öz elmi bazasını gücləndirməklə, dənizin səviyyəsinin azalması, çay axınlarının dəyişməsi və iqlim faktorlarının təsirini müstəqil şəkildə araşdırmaq niyyətindədir. Yeni avadanlıqların alınması hidrologiya, ekologiya, bioloji resurslar və dəniz dibinin dəyişməsi ilə bağlı daha dəqiq ölçmələr aparmağa imkan verəcək.
Xəzərin quruması region üçün hansı təhlükələri yaradır?
Ekspertlərin fikrincə, Xəzər dənizinin səviyyəsinin azalması ekoloji, iqtisadi və sosial fəlakət riski yaradır.
Xəzər sahilində yerləşən Bakı, Aktau, Türkmənbaşı və Mahaçqala kimi limanların dayazlaşması gəmiçilik üçün ciddi maneələr yaradır. Bu isə Orta Dəhliz kimi beynəlxalq nəqliyyat layihələrinin gələcəyini sual altına qoyur.
Bundan başqa, Xəzər dünyada nərə balıqlarının əsas məskənidir. Səviyyənin azalması və suyun duzluluq balansının dəyişməsi bu nadir növlərin kütləvi azalmasına səbəb ola bilər. Bu isə həm ekosistem, həm də balıqçılıq sənayesi üçün ağır zərbədir.
Suyun geri çəkilməsi nəticəsində minlərlə hektar dəniz dibi açılır və duz-toz fırtınaları yaranır. Bu proses ətraf ərazilərdə yaşayan əhalinin sağlamlığına təhlükə yaradır, torpaqları yararsız hala salır.
Eyni zamanda Xəzərdə yerləşən platformalar, boru kəmərləri və terminallar yeni geoloji və texniki problemlərlə üzləşə bilər. Sahil xəttinin dəyişməsi mövcud infrastrukturun yenidən qurulmasını tələb edə bilər.
Xəzər regionu milyonlarla insan üçün iqtisadi həyat mənbəyidir. Dənizin sürətlə kiçilməsi miqrasiya, işsizlik və iqtisadi itkilərə səbəb ola bilər ki, bu da region ölkələri arasında yeni gərginlik riskləri yaradır. Alimlər hesab edir ki, Xəzərin taleyi tək bir ölkənin deyil, bütün sahilyanı dövlətlərin – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın birgə fəaliyyətindən asılıdır. Yeni maliyyələşdirmə qərarı Qazaxıstanın bu istiqamətdə öz elmi mövqeyini gücləndirmək və beynəlxalq ictimaiyyətin diqqətini Xəzərin quruma təhlükəsinə cəlb etmək cəhdi kimi qiymətləndirilir.
Xatırladaq ki, son illərdə Xəzərin səviyyəsi davamlı şəkildə azalır və bəzi ərazilərdə sahil xətti onlarla metr geri çəkilib. Bu tendensiyanın davam etməsi halında, Xəzər regionu XXI əsrin ən böyük ekoloji böhranlarından biri ilə üz-üzə qala bilər.
Musavat.com






Şərhlər