
Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi hücumlar təkcə Yaxın Şərqdə deyil, qlobal maliyyə sistemində də yeni dalğalanmalar yarada bilər.
Reportyor.tv xarici agentliklərə istinadən xəbər verir ki, “Guardian” qəzetində dərc olunan təhlildə ABŞ-nin aqressiv xarici siyasətinin dolların qlobal dominant mövqeyini zəiflədə biləcəyi qeyd olunur.
Qəzet analitiklərinin fikrincə, Donald Trampın “Operation Epic Fury” adlandırdığı İran əməliyyatı Vaşinqtonun nümayişkaranə güc tətbiqinin növbəti nümunəsidir. Lakin bu addım yalnız regional sabitliyi sarsıtmır, həm də ABŞ-nin beynəlxalq hüquq və qlobal normaları nəzərə almadan hərəkət etdiyi barədə təsəvvürü gücləndirir. Qəzet xatırladır ki, Trampın tarif siyasəti və Venesuela ilə bağlı addımları da oxşar mübahisələr doğurmuşdu.
Məqalədə vurğulanır ki, bu cür siyasət maliyyə sferasında daha dərin və tarixi bir prosesə – dolların qlobal dominant mövqeyindən tədricən geri çəkilməsinə təkan verir. “Guardian”a görə, yaxın perspektivdə dolları birdən-birə əvəz edəcək tək bir valyuta görünmür. Lakin daha mürəkkəb, çoxqütblü valyuta sistemi formalaşır.
Son bir ildə dollar əsas dünya valyutaları səbətinə nisbətdə 7 faiz dəyər itirib. Halbuki ABŞ iqtisadiyyatı güclü artım nümayiş etdirir və Wall Street-də səhmlər rekord səviyyələrə çatıb. Bu paradoks yalnız inflyasiya və faiz proqnozları ilə deyil, həm də ABŞ siyasətinin əvvəlki kimi sabit və proqnozlaşdırıla bilən olmaması ilə izah edilir.
Məqalədə beynəlxalq ticarətin böyük hissəsi hələ də dollarla aparıldığı qeyd olunur . Lakin Çin yuanının istifadəsi artır və Pekin bunu fəal şəkildə təşviq edir. Beynəlxalq valyuta ehtiyatlarında dolların payı 2001-ci ildəki 71 faizdən ötən ilin son rübündə 57 faizə düşüb.
“Guardian” müəlliflərinə görə, bu prosesin əsasları 2007–2008-ci illərin maliyyə böhranı dövründə qoyulub. ABŞ Federal Ehtiyat Sistemi seçilmiş ölkələrə svop xətləri açaraq qlobal maliyyə sistemini xilas edib. Bu addım dollar sistemini qorusa da, dünya iqtisadiyyatının ABŞ valyutasından nə qədər asılı olduğunu göstərib.
Eyni zamanda iqtisadi sanksiyaların – o cümlədən xarici aktivlərin dondurulması və SWIFT sisteminə çıxışın məhdudlaşdırılması – geosiyasi alətə çevrilməsi “silahlandırılmış qarşılıqlı asılılıq” anlayışını gündəmə gətirib. Kanadanın baş naziri Mark Karni Davos forumunda çıxışı zamanı böyük güclərin iqtisadi inteqrasiyanı və maliyyə infrastrukturlarını təzyiq vasitəsinə çevirdiyini bildirib.
Bu fon da alternativ sistemlərin qurulmasına təkan verir. Avropa Mərkəzi Bankı son vaxtlar REPO əməliyyatlarını genişləndirərək digər mərkəzi banklara avro ilə kredit vermək imkanlarını artırıb. Məqsəd avronun böhran dövrlərində daha etibarlı alternativ kimi qəbul edilməsini təmin etməkdir.
Çin və Avropa rəqəmsal valyutalara, svop xətlərinə və yeni maliyyə mexanizmlərinə investisiyanı artırır. BRİKS ölkələri isə uzun müddətdir dollar dominantlığını azaltmaq yollarını axtarır. “BRİKS valyutası” ideyası hələ nəzəri səviyyədə qalsa da, ABŞ-dan yan keçən maliyyə əlaqələrinin qurulması müzakirə edilir.
“Guardian”a görə, ABŞ üçün dolların zəifləməsi real maliyyə xərcləri yarada bilər. Federal Ehtiyat Bankının iqtisadçıları ABŞ xəzinə istiqrazlarının “rahatlıq üstünlüyünün” azaldığını qeyd ediblər – yəni ABŞ hökuməti artıq əvvəlki qədər ucuz borclana bilmir. Dövlət borcunun yaxın beş ildə ÜDM-in 130 faizinə çatacağı proqnozlaşdırılır.
Hələlik ABŞ xəzinə istiqrazları böhran anlarında investorların sığınacağı olaraq qalır. Lakin qəzet hesab edir ki, Tramp administrasiyasının qeyri-sabit və aqressiv kursu dedollarizasiya prosesinə əlavə impuls verib və bir çox hökumətlər alternativlər üzərində sakit şəkildə işləyir.
“Guardian”ın qənaətinə görə, bu proses dərhal nəticə verməsə də, yüksək borclanma səviyyəsinə malik ABŞ üçün orta və uzun müddətdə ciddi nəticələr doğura bilər.
Musavat.com






Şərhlər