
Gələn həftə ABŞ ilə Çin arasında Parisdə görüş olacaq. Çin İranın ən yaxın müttəfiqidir. ABŞ və İsrailin başlatdığı hərbi əməliyyatlardan sonra İrana gözlənilən dəstəyi verməsə də, Çin “bu proseslərdən tam olaraq kənarda deyiləm” mesajını ünvanlamaqdadır. Şübhəsiz ki, Amerika-Çin arasında yeni ticarət danışıqlarının başlaması qlobal siyasətdə təsadüfi hadisə deyil. Xüsusilə də görüşün Parisdə keçirilməsi və bunun ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri ərəfəsinə təsadüf etməsi diqqət çəkir.
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda danışıqlarda İran məsələsi gündəmə gətirilə bilərmi?
AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Musavat.com-a açıqlamasında bu görüşün təsadüfi olmadığını söyləyib: “ABŞ və Çin arasında yeni ticarət danışıqlarının keçirilməsi qlobal siyasətdə sırf iqtisadi məzmunlu hadisə kimi qiymətləndirilsə də, əslində, bu proses daha geniş geosiyasi kontekstdə baş verir. Dünyanın iki ən böyük iqtisadi gücü olan ABŞ və Çin arasında aparılan bu danışıqlar formal olaraq ticarət balansı, tariflər və investisiya mühiti kimi məsələləri əhatə etsə də, müzakirələrin daha geniş siyasi və təhlükəsizlik məsələlərinə də toxuna biləcəyi şübhəsizdir”.
Onun fikrincə, danışıqlarda Yaxın Şərqdə artan gərginlik də müzakirə mövzusuna çevriləcək: “Pekin hər nə qədər rəsmi olaraq regiondakı münaqişələrə birbaşa müdaxilə etməsə də, Yaxın Şərqin sabitliyi Çin üçün mühüm iqtisadi və enerji maraqları baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən ABŞ-Çin danışıqları zamanı İran məsələsinin birbaşa və ya dolayı şəkildə müzakirə olunacağını proqnozlaşdıra bilərik. Çin üçün əsas məsələ regionda genişmiqyaslı hərbi eskalasiyanın qarşısının alınmasıdır. Pekin son illərdə öz xarici siyasətində iqtisadi əməkdaşlıq və sabitlik prinsiplərini ön plana çıxarmağa çalışır. Bu yanaşma həm Çinin qlobal ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək, həm də enerji tədarükünü sabit saxlamaq məqsədi daşıyır. Əgər Vaşinqton və İsrail Tehrana qarşı təzyiqləri artırarsa, Çin çox güman ki, birbaşa qarşıdurmanın tərəfinə çevrilməkdən çəkinəcək və daha çox diplomatik balans siyasəti yürüdəcək”.
R.Bayramov deyib ki, Yaxın Şərqdə hazırkı vəziyyət Çin iqtisadiyyatı üçün ciddi risk yaradır, çünki enerji qiymətlərinin artması istehsal xərclərini yüksəldir və iqtisadi artım tempinə mənfi təsir göstərir. Ekspertə görə, Çin üçün ən optimal ssenari Yaxın Şərqdə hərbi eskalasiyanın qarşısının alınması və enerji tədarükünün fasiləsiz davam etməsidir: “Odur ki, Parisdə keçirilən ABŞ-Çin danışıqları formal olaraq ticarət məsələlərinə həsr olunsa da, qlobal siyasətin mürəkkəb reallıqları bu görüşün daha geniş geosiyasi məna daşıdığını göstərir. Yaxın Şərqdəki gərginlik, xüsusilə İran faktoru və enerji təhlükəsizliyi məsələləri danışıqların pərdəarxası gündəminin mühüm hissəsinə çevrilə bilər. Bu isə göstərir ki, Vaşinqton və Pekin arasında aparılan dialoq yalnız iki ölkə arasındakı iqtisadi münasibətləri deyil, həm də qlobal siyasi və enerji balansını müəyyən edən amillərdən biri kimi qiymətləndirilə bilər”.






Şərhlər