Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır - ŞƏRH
Tarix: 10-05-2020, 12:25
Baxılıb: 198
Google+ Paylaş
Tumblr Paylaş

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır - ŞƏRH

10-05-2020, 12:25

"Heydər Əliyev sözün əsl mənasında Azərbaycan dövlətçiliyinin memarıdır".
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub:
"Heydər Əliyev iki dəfə Azərbaycanda siyasi vəzifə tutub. Sovetlər İttifaqı dövründə o, Azərbaycan Kommunist Partiyasının birinci katibi olub. Həmin dövrdə ölkənin sosial-iqtisadi inkişafı çox sürətlə aparılıb. Azərbaycan bir neçə dəfə sosializm yarışının qalibi kimi qırmızı bayraqlarla mükafatlandırılıb. Heydər Əliyev respublikaya rəhbərlikdəki uğurlarına görə Sosialist Əməyi Qəhrəmanı adını alıb. Bu müddətdə 5 dəfə "Lenin ordeni" mükafatına layiq görülüb. Daha sonra onu yuxarı vəzifələrə təyin ediblər. Ümumilli lider 1983-cü ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi olarkən, Sovett İttifaqı Kommunist Partiyasının siyasi bürosunun üzvlüyünə namizəd seçilib və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. Sovetlər İttifaqı tarixində müsəlman aləmindən ən yüksək vəzifəyə təyin edilən ilk şəxs olub. Heydər Əliyev Azərbaycan üçün ən böyük xidmətlərini müstəqillik illərində reallaşdırıb. O, Naxçıvan Ali Məclisinin sədri işləyərkən, Muxtar Respublikanın blokada şəraitində yaşamasına baxmayaraq, qonşu ölkələrlə əlaqələrini gücləndirib. Naxçıvanın mərkəzdən heç bir köməyi olmamasına baxmayaraq, oranı uğurla idarə edib.
17 iyun 1993-cü il tarixində Bakıya yüksək vəzifəyə təyin edilib. Həmin dövrdə ölkədə vəziyyət çox ağır idi, suverenliyimiz ciddi təhlükə qarşısında idi. Müxtəlif qeyri-formal silahlı qüvvələr respublikanı bir neçə yerə parçalamağa cəhd göstərdilər. Ermənistanın ölkəmizə təvacüzünün genişləndiyi bir vaxtda Heydər Əliyev sözün əsl mənasında siyasi xilaskar kimi Bakı şəhərinə dəvət edildi. Əvvəlcə Azərbaycan Respublikası Milli Məclisinin sədrliyinə seçildi, daha sonra isə o zamankı prezident Elçibəyin Bakını tərk etməsindən sonra ölkə başçısı təyin edildi. Heydər Əliyevin prezidentliyi dövründə çox sayda problemlərin həlli yolunda mühüm işlər həyata keçirildi. Talış-Muğan Respublikasındakı separatçılıq hərəkətlərinin cilovlanması qeyd olunması vacib olan məsələdir. Həmin dövrdə ölkə blokada şəraitində idi. İqtisadi durum da yaxşı deyildi. Amma bütün bunlara baxmayaraq, Heydər Əliyev polad iradəsi və bu çətinlikləri aradan qaldırması istiqamətində Rusiya Federasiyası ilə ciddi danışıqlara getdi. Ölkənin Müstəqil Dövlətlər Birliyinin tərkibinə qatılması üçün Rusiya ilə danışıqlar apardı və buna nail oldu".
Q.Hüseynli Heydər Əliyevin təbliğ etdiyi azərbaycançılıq ideologiyasının mahiyyətini belə izah edib:
"Heydər Əliyevin hakimiyyəti illərində ordu quruculuğu prosesinə ciddi diqqət ayrıldı. Dövlətçiliyin bir sıra fundamental məsələləri həm nəzəri, həm də praktiki şəkildə həll edilməyə başlandı. Azərbaycançılıq ideologiyasının təbliğ edilməsi, bu ideologiya ətrafında ölkəmizdə yaşayan bütün millət və xalqların birləşdirilməsi Heydər Əliyevin ən böyük xidmətlərindən biridir. Çünki bu ideya və məfkurə ətrafında birləşən bir sıra azsaylı xalqlar vətənimizin çiçəklənməsində, inkişafında mühüm rol oynamağa başladı. Heydər Əliyev həmçinin, erməni işğalçılarına qarşı böyük qüvvə sərf etdi, BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə nail oldu. Bu qətnamələr hazırda problemin həllinin hüquqi bazasını təşkil edir.
Bundan başqa, Heydər Əliyev ölkənin elm, mədəniyyət, maarif, səhiyyə, təhsil sahələrində ciddi dəyişikliklərin başlanmasının əsasını qoydu. Bu əsas üzərində də ölkənin bütün sahələr üzrə inkişafı başladı. Heydər Əliyevin ən böyük nailiyyəti "Əsrin müqaviləsi"nin imzalanması oldu. 20 sentyabr 1994-cü ildə Heydər Əliyev Azərbaycanın neft strategiyasının əsasını qoydu. Bu gün də ölkəmiz həmin strategiya əsasında inkişaf etdirilir.
Məhz Heydər Əliyevin irəli sürdüyü ideyalar əsasında suverenliyimiz dönməz və əbədi istiqamət aldı. Bu gün isə onun istedadlı davamçısı İlham Əliyev tərəfindən dövlətçilik ənənələri daha da inkişaf etdirilir və yeni töhfələrlə zənginləşdirilir".
Məhərrəm Əliyev


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ