Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Hindlilər Bakıda girov götürüldü, beynəlxalq əməliyyatla xilas ediliblər - TƏFƏRRÜAT
Hindlilər Bakıda girov götürüldü, beynəlxalq əməliyyatla xilas ediliblər - TƏFƏRRÜAT

Hindistan vətəndaşlarının Azərbaycan üzərindən ABŞ-yə qeyri-qanuni getmək cəhdi ağır cinayət hadisəsi ilə nəticələnib.

Reportyor.tv xəbər verir ki, bu barədə Hindistanın nüfuzlu “Indian Express” nəşri azad edilmiş girovlardan biri ilə söhbətə istinadən geniş məlumat yayıb.

Nəşrin yazdığına görə, insan alveri şəbəkəsinin təşkil etdiyi və Hindistanda “eşşək marşrutu” (“dunki route”) kimi tanınan qanunsuz miqrasiya yolu ilə hərəkət edən üç nəfər Bakıda girov götürülərək günlərlə işgəncəyə məruz qalıb. Onlar Azərbaycan hüquq-mühafizə orqanları ilə Hindistanın Bakıdakı səfirliyinin birgə əməliyyatı nəticəsində azad ediliblər.

Məlumata görə, Qucarat ştatından olan Dhruv Patel, onun həmyerlisi Dipika Patel və Pəncab ştatından daha bir nəfər ABŞ-yə qanunsuz miqrasiya etmək üçün insan alverçilərinə müraciət ediblər. Onlara bildirilib ki, marşrut təhlükəsizdir və mərhələli şəkildə həyata keçiriləcək: əvvəl Hindistandan Azərbaycana, daha sonra Türkiyə üzərindən Kanadaya, oradan isə ABŞ sərhədini qeyri-qanuni keçmək mümkün olacaq.

Bu məqsədlə vasitəçilərə təxminən 38 min dollar ödəmək barədə razılıq əldə olunub. 2026-cı ilin fevral ayının əvvəlində onlar Delhidən Bakıya uçublar.

Zərərçəkənlərin sözlərinə görə, Bakıya çatdıqdan sonra onları hava limanında qarşılayan şəxslər tranzit üçün nəzərdə tutulmuş otelə deyil, paytaxtın Xəzər rayonunda yerləşən ucqar yaşayış evinə aparıblar. Orada onların mobil telefonları əllərindən alınıb, qapı kilidlənərək girov saxlanıldıqları bildirilib.

Beləliklə, vəd edilən tranzit dayanacağı əslində fidyə məqsədli qaçırılma planının bir hissəsi olub.

Girovların ifadələrinə görə, onları səkkiz gün ərzində ağır fiziki və psixoloji işgəncələrə məruz qoyublar. Onları soyundurur, döyür, elektrik cərəyanı verirdilər. Bəzən isə orqanlarının çıxarılaraq satılacağı ilə hədələyirdilər.

Ən ağır məqamlardan biri isə işgəncələrin videozəng vasitəsilə Hindistandakı ailələrinə canlı göstərilməsi olub. Cinayətkarlar bu yolla ailələrdən əlavə pul tələb ediblər.

Ailələr qorxu içində kriptovalyuta vasitəsilə təxminən 16 min dollar göndərsələr də, girovların azad edilməsi baş verməyib və işgəncələr davam edib.

Girovlardan biri sonradan bildirib ki, onları iki gündə bir cəmi bir ovuc qaynadılmış düyü ilə saxlayırdılar və daim ölüm qorxusu içində olublar.

Zərərçəkənlərin sözlərinə görə, onları saxlayan şəxslər Pakistan mənşəli olub və “Baba Xan” ləqəbli mafiya rəhbərinin tapşırıqlarını yerinə yetiriblər. Hər girova ayrıca nəzarətçi ayrılıb və bu nəzarətçilər mütəmadi olaraq rəhbərlərinə hesabat veriblər.

Cinayətkarlar ailələrə saxta aviabiletlər və guya Kanadaya uçuşa hazırlaşdıqlarını göstərən görüntülər göndərərək əvvəlcə miqrasiya üçün razılaşdırılmış məbləği mənimsəyib, daha sonra isə əlavə fidyə tələb ediblər.

Hadisə girovların ailələrinin Hindistanda yerli hakimiyyət orqanlarına müraciət etməsindən sonra üzə çıxıb. Məsələ Hindistanın Xarici İşlər Nazirliyinə çatdırılıb və ölkənin Bakıdakı səfirliyinə təcili tədbir görmək tapşırılıb.

Səfirlik əməkdaşları Azərbaycan polisi ilə birgə araşdırma apararaq girovların ölkəyə daxil olduğunu, lakin planlaşdırılan ünvanda yerləşmədiklərini müəyyən ediblər. Əldə olunan əməliyyat məlumatları əsasında onların saxlanıldığı yer müəyyənləşdirilib.

Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Xəzər rayonunda yerləşən evə daxil olunub və hər üç Hindistan vətəndaşı azad edilib.

Azad edilən Dhruv Patel bildirib ki, polis əməkdaşlarını görəndə sevincdən qışqırıb: “Polislər otağa girəndə sevincdən qışqırdım. Hələ də xilas olduğuma inana bilmirəm. ABŞ-yə getmək arzusu artıq bitib”.

Hazırda azad edilən şəxslərin Hindistana qayıtdığı bildirilir.

Hadisə beynəlxalq insan alveri şəbəkələrinin Azərbaycanı tranzit məntəqəsi kimi istifadə etməyə çalışdığını göstərən növbəti fakt kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi qanunsuz miqrasiya marşrutları üçün cəlbedici hesab olunur.

Bununla belə, son əməliyyat Azərbaycan hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində girovların həyatının xilas edilməsi ilə nəticələnib.

Hadisə ilə bağlı beynəlxalq insan alveri şəbəkəsinin digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdırmaların davam etdiyi bildirilir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti