Qobustanda Qafqaz Albaniyasına aid abidə dağıdıldı - FOTO
Tarix: 13-05-2020, 11:06
Baxılıb: 1 611
Google+ Paylaş
Tumblr Paylaş

Qobustanda Qafqaz Albaniyasına aid abidə dağıdıldı - FOTO

13-05-2020, 11:06

Təhsil Nazirliyi tərəfindən Qobustanda yeni tikilən Sündü orta məktəbinin ərazisindən aşkar olunan abidə barədə məlumat vaxtında müvafiq orqanlara çatdırılmadığından abidənin çox hissəsi dağıdılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, mayın 10-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektoru tərəfindən onlara Qobustan rayonu Sündü kəndi ərazisində tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.
Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə İnstitutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.
Müəyyən edilib ki, tapıntılar Təhsil Nazirliyi tərəfindən yeni tikilən Sündü orta məktəbinin ərazisindən aşkar olunub. Məktəbin bünövrəsi qazılarkən 1,0-2,5 m. dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkar edilib və kənd sakinləri tərəfindən götürülüb.
Əraziyə baxış keçirərkən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqları qeyd edilib. Əldə edilmiş maddi-mədəniyyət nümunələrinə əsasən ərazidə antik dövrə aid nekropol olduğu müəyyən olunub. Akif Quliyevin fikrincə, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olub. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışəb:
"Məktəbin direktoru və tikintinin sahə rəisi ilə söhbət əsnasında, tikinti işlərinə 2020-ci ilin yanvar ayında başlandığı müəyyən edilib. Onların sözlərinə görə qazıntı işləri zamanı çoxlu sayda saxsı qablar aşkar edilib. Kənd sakinləri ilə danışıqlardan sonra bir neçə materialın yerini müəyyən etmək mümkün olub. Sündü kənd klubunda və məktəbdə dörd ədəd kiçik ölcülü dolçaya arxeoloq A.Quliyev tərəfindən baxış keçirilib. Müəyyən edilib ki, bu qablar antik dövr Qafqaz Albaniyasının maddi mədəniyyət nümunələridir. Dolçanın birinin üzərində basma üsulu ilə unikal təsvirlər-damğalar həkk edilib. Təəssüflər olsun ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmayıb və abidənin çox hissəsi dağıdılıb. Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər".
















Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ