
Azərbaycan milli teatr və kino tarixində bənzərsiz və parlaq ifaları ilə xatırlanan, 43 illik sənət yolunda yüzlərlə obraza nəfəs verən fenomenal sənətkar, Xalq artisti Amaliya Pənahova...
1945-ci ilin 15 iyununda Gəncə şəhərində doğulan Amaliya Pənahova 1962-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu ixtisasında təhsil alıb.
Burada kurs rəhbəri görkəmli teatr və kino rejissoru, aktyor, pedaqoq SSRİ Xalq artisti Adil İsgəndərovdan dərs alaraq aktyorluq sənətinin sirlərinə yiyələnir. Hələ uşaqlıq illərindən teatra olan sevgisi məhz bu peşəkar mühitdə daha da alovlanır və artıq ikinci kursdan etibarən Akademik Dram Teatrının səhnəsi üçün yolu açılır.
Onun səhnəyə gəlişi ötən əsrin 60-cı illərinə təsadüf edir. Bu o dövrdür ki, Azərbaycan teatrı üçün olduqca mürəkkəb və ziddiyyətli bir mərhələ sayılır. Belə ki həmin vaxtlarda sovet ideoloji qəlibləri teatr estetikasında özünü ən qabarıq şəkildə göstərməklə yanaşı, şüarçılıq və pafoslu təqdimatlar tamaşaçı ilə teatr arasında baryer yaratmaqda idi.
Dövrün teatr rejissorları, dramaturqları tamaşaçını yenidən teatra qaytarmaq, əvvəlki səmimiyyəti bərpa etmək axtarışında idilər; müxtəlif tamaşalar, müxtəlif obrazlar, müxtəlif quruluşlar... Amaliya Pənahova məhz belə bir zamanda səhnəyə ilk addımını atır – Xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım" pyesindəki Nurcahan obrazı ilə... Cəmi 18 yaşı olmasına baxmayaraq, Nurcahanın səhnə performansı özü ilə bərabər teatra yeni nəfəs, yeni rəng və tamaşaçı ilə obrazın dialoqunu geri qaytarır.
Ümumilikdə Amaliya Pənahovanın teatr yaradıcılığında görkəmli dramaturq İlyas Əfəndiyevin pyesləri önəmli yer tutur. "Mənim günahım"ın Nurcahanı, "Unuda bilmirəm"in Nərmini, "Sən həmişə mənimləsən"in Nargiləsi, "Mahnı dağlarda qaldı"nın Şahnazı aktrisa üçün əlverişli bədii mühit yaratmış, onun teatr portretinin formalaşmasında əsaslı rol oynayıb. Məhz bu obrazlar Xalq artistinin sənət yolunun böyük bir mərhələsini müəyyənləşdirən parlaq səhifəyə çevrilib. Bu obrazların hər biri qadın taleyində sevgi və məsuliyyət, vicdan və əzab kimi həyati anlayışlara yönəlmiş fəlsəfi baxışları özündə ehtiva edirdi. Aktrisa isə həmin surətləri yalnız hadisələrin daşıyıcısı kimi deyil, daxili konfliktin mərkəzində dayanan canlı mənəvi varlıq kimi tamaşaçıya ötürürdü.
Xalq artistinin qadın personajlarının xarakterik keyfiyyətləri bəzən bir-birinə oxşar doğulsa da, Amaliya Pənahova peşəkarlığında tamamilə başqa bir estetika ilə yoğrulur, başqa bir görkəmdə, başqa bir bədii-teatral biçimdə təqdim olunurdu.
Tomrisdən Natəvana, Medeyadan Burla Xatuna, Məhsətidən Larisaya, Ofeliyadan Linzaya kimi fərqli-fərqli və ziddiyyətli xarakterlər peşəkar teatr aktrisasının özünü sübut etməsində fundamental əsasa malik olub. Tarixi-mifoloji qəhrəmanlardan klassik Avropa dramaturgiyasının faciəvi qadın obrazlarına, milli teatr ənənəsinin poetik surətlərindən müasir psixoloji obrazlara qədər bu müxtəliflik Pənahovanın mədəniyyətlərarası sərhədləri aşma qabiliyyətinin təsdiq forması kimi özünü göstərir.
Amaliya Pənahovanın böyük və fədakar teatr yaradıcılığı təkcə səhnə fəaliyyəti ilə məhdudlaşmır. Məhz onun təşəbbüsü ilə 1992-ci ildə Bakı Bələdiyyə Teatrı yaradılır ki, bu da struktur və təşkilatlanma prinsiplərinə görə də yenilik demək idi. Burada əsas diqqət çəkən məqam Azərbaycan milli teatrına bələdiyyə teatrı modelinin gətirilməsi idi. Onun Bakı Bələdiyyə Teatrında quruluş verdiyi "Tomris", "Mənim Ərdəbilim", "Vətənə igidlər gərək", "Dəli Domrul" tamaşaları çox qısa zamanda fərqli quruluş, fərqli baxış və fərqli model baxımından özünü doğrultmağı bacarmış və bu tamaşalar ölkəmizlə yanaşı, qastrol səfərlərində də böyük uğurlar qazanmışdı.
"Əhməd haradadır?" filmindəki Məsmə obrazı isə Xalq artistinin yaradıcılıq bioqrafiyasında zahirən epizodik xarakter daşısa da, mahiyyət etibarilə böyük kinoya gəlişinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir. Məsmə rolu hər nə qədər epizodik olsa da, məhz bu "kiçik meydan" onun sənət yolunda özünü təsdiqləməsi üçün kifayət edir və sonralar "Cazibə qüvvəsi", "Sən niyə susursan?", "Həyat bizi sınayır", "Xatirələr sahili", "Səmt küləyi", "Mezozoy əhvalatı", "Qəribə adam", "Mən mahnı qoşuram", "Gözlə məni", "Arxadan vurulan zərbə" kimi filmlərdə müxtəlif rəngli obrazlara can verir.
Şübhəsiz, Amaliya Pənahovanın kino yaradıcılığının zirvəsi Xalq artisti Eldar Quliyevin rejissorluğunu etdiyi "Babək" filmindəki Zərnisə obrazıdır. Zərnisə obrazında aktrisa qadını yalnız tarixi şəxsiyyətin həyat yoldaşı kimi deyil, eyni zamanda ana, mübarizə yoldaşı və ideya daşıyıcısı kimi təqdim edir. Onun hiss və duyğuları zahiri pafosdan uzaq, daxili yanğı və təbii emosional gərginlik üzərində qurulur. Məhz bu keyfiyyətlər sayəsində obraz tamaşaçının şüurunda sadəcə tarixi bir fiqur kimi deyil, canlı və taleyüklü bir insan siması kimi həkk olunur. Qısası, Zərnisə bir xarakter olaraq Amaliya Pənahovanın kino yaradıcılığında sənət təcrübəsinin ən yüksək ifadə forması kimi qiymətləndirilməlidir.
Görkəmli teatr və kino aktrisasının zəhmətkeş və fədakar sənət yolu dövlət tərəfindən qiymətləndirilib və 1972-ci ildə Dövlət mükafatına, 1985-ci ildə isə Xalq artisti adına layiq görülüb. 2015-ci ildə isə aktrisa Prezidentin Fəxri diplomu ilə təltif edilib.
Bu gün Azərbaycan teatr və kino sənəti özünün tarixi-ənənəvi estetik yaddaşına sadiqlik prinsipini qorumaqla müasir dövrün estetik, texnoloji və ideya çağırışları ilə paralel şəkildə inkişaf edir. Kino və teatr sənəti zamanın dəyişkən ritminə uyğunlaşmaqla yanaşı, milli mədəniyyətin genetik kodunu təşkil edən mənəvi dəyərləri, bədii düşüncə tərzini və klassik sənət məktəblərindən süzülüb gələn yaradıcılıq təcrübəsini ardıcıl şəkildə yaşadır və gələcək nəsillərə ötürür.
Amaliya Pənahovanın ifa mədəniyyəti və səhnə düşüncəsi milli teatr məktəbinin klassik ənənələri ilə müasir bədii axtarışların vəhdətini təşkil edərək, Azərbaycan aktyorluq sənətinin inkişaf trayektoriyasını müəyyənləşdirən əsas istinad nöqtələrindən birinə çevrilib. Bu elə bir zirvədir ki, oradan Azərbaycanın kino və teatr tarixinin dünəni, bu günü və sabahı aydın görünür. Bu mənada, həmin aydınlığı borclu olduğumuz sənətkarlardan biri də məhz elə Amaliya Pənahova şəxsiyyətinin özüdür.
Ruhu şad olsun!






Şərhlər