“Koronavirusun oyundur” iddiasına inananlar artıb, yoxsa... - psixoloqdan açıqlama
Tarix: 20-04-2020, 22:57
Baxılıb: 349
Google+ Paylaş
Tumblr Paylaş

“Koronavirusun oyundur” iddiasına inananlar artıb, yoxsa... - psixoloqdan açıqlama

20-04-2020, 22:57

“Kənardan insanların virusa inanmadığı kimi görünə bilər, amma əslində...”

Artıq bir neçə aydır ki, koronavirus bəlası bütün dünyanı öz cənginə alıb, bəşəriyyəti iflic edib. Çindən sonra ən böyük dövlətlər, o cümlədən ABŞ, İtaliya, İspaniya, İngiltərə bu virusdan ciddi zədələr aldı və hələ də bunu kabus kimi yaşamaqdadırlar. Bütün dünya “super güclər”in belə koronavirusun qarşısında aciz qaldığını, hər keçən gün daha çox itkilər verdiyinin şahidi oldu. 
Virus ortaya çıxandan onun ətrafında müxtəlif iddialar da dolaşmaqdadır. Bəzi mütəxəssislər kabusa çevrilən virusun yarasadan insanlara yoluxduğunu, bəziləri isə onun bioloji silah olduğunu iddia edir. Maraqlıdır ki, son günlər bu virusun varlığına inanmayanaların, onun bir oyun olduğu iddiasına inananların sayı artmağa başlayıb. Əvvəllər hər addımında, hərəkətində tibbi spirtdən istifadə edənlər indi heç maskadan da istifadə etmək istəmir. 
Son dəqiqə! Aparıcı Nərgiz Cəlilova həyatının ən ağır xəbərini ...
Bu cür fikirlərə mətbuatda, sosial şəbəkələrdə tez-tez rast gəlirik. Məsələn, ötən gün tanınmış teleaparıcı Nərgiz Cəlilova da koronavirusun bir oyun olduğunu bildirmişdi: “Bu bəla bütün dünyanın başından rədd olub getsin! Yaşadığımız bu hadisələrlə bağlı ağlımda bəzi müəmmalar var. Bu, mənim iddiamdır ki, koronavirus bir oyundur”.
Bəs koronavirusun bir oyun olduğuna inananların sayı niyə artıb? Səbəb nədir?
Psixoloq Vəfa Rəşidova: “Biz qaynana obrazını şişirtmişik”
Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova Musavat.com-a danışıb. Psixoloq görüntünün aldadıcı olduğunu deyib: “Bəli, belə görüntü var ki, artıq bəzi insanlar koronavirusa inanmamağa başlayıb. Əslində isə belə deyil, bu, görünən tərəfdir. Bu davranışın səbəbi var. Psixologiyada belə bir deyim var: görünən tərəfdə tamam başqa mənzərə olur və biz yalnız onu görə bilirik. Görünən bütün situasiyalarda, o cümlədən xəstəliklərdə, ailə və sevgi münasibətlərində də belə olur. Hətta bir əşya alanda da bu cür olur. Yəni görünən fon və fiqur başqa olur, amma əsas görüntünün arxasındakıdır. İndiki situasiya da buna bənzəyir. Məsələn, insanlar artıq yanlarında hər zaman tibbi spirt daşımır, maskasız gəzir və sairə. Səbəb isə odur ki, buna qədər insanların təlaşı çox idi, çünki yeni bir virus idi və çox tez bir zamanda bu virus bütün dünyanı cənginə aldı, yüzlərlə insan dünyasını dəyişdi və ən əsası onun haqqında çox da məlumatlı deyildik.
Hazırda isə karantin rejiminin ikinci ayına keçmişik və hər zaman yanımızda spirt daşıdığımız, adaptatsiya ola bilmədiyimiz  o təlaşlı günləri bir qədər geridə qoymuşuq. Həmin zamanlar bizim virusu araşdırma dönəmimiz idi. Bu iki ayda həm televiziya, mətbuat, həm də sosial şəbəkələr vasitəsi ilə koronavirus haqqında kifayət qədər məlumatla tanış olduq, önləyici tədbirlərimizi gördük və adaptatsiya dönəmimizi keçmiş olduq. Artıq indiki durum insanların yaşam fəlsəfəsinə çevrilib. Yəni, insanlar bunu anladı və qəbul etdi. 
İndi də insanlar virusa qarşı öz tədbirlərini görür, amma artıq bunu təlaşla etmirlər. Məsələn, bundan əvvəl insanlar evdən çıxıb, marketə gedənə qədər əl və üzlərini, paltarlarını spirtləyirdilər. Bunun özü təlaşın, stressin  göstəricisi idi və heç də normal davranış deyil. Həmin dövrdə adaptatsiya olmaq çətin idi və insanların da qorxusu həddən artıq idi. Zaman getdikcə həmin davranışlar qaydasına düşdü. 
İnsanlar indi də tibbi spirtdən istifadə edir, amma əvvəlki kimi təlaş yoxdur. Toplum bu problemə də alışdı və bununla barışdı. Biz yenə də bilirik ki, koronavirus var və ondan qorunmaq lazımdır. Amma bir daha qeyd edirəm, artıq buna daha sivil, təmkinli şəkildə yanaşırıq. Beləliklə, kənardan insanların davranışları koronavirusa qarşı inamsızlıq kimi görünsə də, əslində belə deyil. Biz də elə buna çalışırdıq ki, insanlar problemə daha sakit, təmkinlə davransınlar”.
Xalidə Gəray,
Musavat.com 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ