
Azərbaycan sənaye və tikinti sektorunda təhlükəli material hesab olunan asbestin istifadəsini tam qadağan etməyi planlaşdırır. Məlumatlara görə, “Mülki dövriyyədən çıxarılan əşyaların siyahısı haqqında” Qanuna təklif edilən dəyişiklik Milli Məclisin 26 dekabr iclasının gündəliyinə daxil edilib. Qanun qəbul edilərsə, qadağa 1 iyul 2027-ci il tarixindən qüvvəyə minəcək.
Asbest nədir və harada istifadə olunur?
Asbest - incə liflərdən ibarət mineral maddədir. Onun yüksək istilik müqaviməti, kimyəvi maddələrə dayanıqlığı və uzunömürlülüyü səbəbindən uzun illər tikinti materialları, izolyasiya məhsulları, sement və şifer istehsalında geniş istifadə olunub. Azərbaycanda da bu material xüsusilə dam örtüklərində tətbiq olunub.
Son elmi araşdırmalar göstərir ki, asbestin lifləri insan orqanizminə daxil olduqda ağciyər xərçəngi, mezotelyoma və xroniki ağciyər xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, asbest bütün formalarda kanserogen hesab olunur. Liflər nəfəs yolu ilə daxil olduqda xəstəliklərin inkişafı illərlə davam edə bilər və müalicəsi çətindir.
Asbestdən istifadə bir çox ölkələrdə qadağan edilib. Avropa Birliyi ölkələri, Yaponiya, Avstraliya və Kanada bu materialdan tam imtina edib. Qadağan olunan ölkələrdə məqsəd işçilərin və ictimaiyyətin sağlamlığını qorumaqdır. Hələ də bəzi ölkələrdə - Çin, Hindistan, Rusiya və ABŞ müəyyən tətbiqlərdə asbestdən istifadə davam edir.
Ekspertlər bildirirlər ki, qanun qəbul edilənə qədər bəzi sahələrdə asbest istifadəsi davam edə bilər. Lakin 1 iyul 2027-ci ildən sonra ölkədə asbest və onun tərkibində olan materialların idxalı, satışı və istifadəsi tam qadağan olunacaq. Bu addım ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Pulmonoloq Həsən Həsənzadə qəzetə açıqlamasında bildirib ki, asbest ağciyərlərdə qalıcı zərərə yol açaraq ağciyər xərçənginə, xüsusən ağciyər pərdəsinin (plevra) arqessiv bir xərçənginə (mezotelioma) yol açabilir: "Normal insanlarda xərçəng riski 3-4 qat artır. Asbestin xərçəng riskini artırdığı artıq uzun illərdir bilinir. Ona görə də tərkibində asbest olan bütün materiallar istifadədən qaldırılmalıdır. Asbest əsasən tikintidə izolyasiya materialı olaraq istifadə edilir. Məsələn, şifer, asbestli su boruları, istisu borularını qoruyan örtüklər. Bu materiallarda asbest minerallar qrupundan istifadə edilir. Xüsusən rayonlarımızda öncəki zamanlarda örtük materialı olaraq qamış-qarğu ilə torpaq suvağı istifadə edilirdi. Bu, yayda istidən, qışda isə soyuqdan qoruyurdu. Son illərdə isə yeni asbestli örtük materialları istifadə edilir.
Ölkəmizdə asbestli su boruları çox olmayıb, daha çox metal borulardan istifadə edilib. Asbestli su boruları daha çox Türkiyə Respublikasında istifadə edilib. Amma 2010-cu ildən Türkiyə Respublikasında asbest istifadəsi qadağan edilib və son illərdə öncədən istifadə edilmiş asbestli materilların dəyişdirilməsi davam etməkdədir".
Həkim deyir ki, tərkibində asbest olan əşya ilə təmas zamanı liflər dəyişmədən və hazır formada nəfəs aldıqda tənəffüs yollarından keçərək ağciyərə daxil olur: “Bu liflər xəbərimiz olmadan bizim hava yollarımıza, limfa düyünlərimizə, əsasən də ağciyərin pərdəsinə toplanır. Uzun müddət həmin sahədə qalaraq DNT-yə zərər verərək kanserogen vəziyyət formalaşdırır.
Asbestə məruz qaldıqdan sonra əlamətlər uzun illər sonra ortaya çıxa bilər. Bir çox hallarda xəstəlik heç bir əlamət vermədən gedə bilir və əlamət verdikdə isə çox gec olmuş ola bilir. Xüsusən də bu məruziyyət siqaretlə birlikdə olduqda xərçəng riski 50-90 dəfə artmış olur".
H.Həsənzadə deyir ki, Avropa ölkələri bu minerallar qrupundan uzun illərdir imtina edib: “Məsələn, Türkiyədə mezotelyoma diaqnozu ilə klinik halları çox görürdük və bu təəccübli deyildi. Lakin biz həmin xəstəni Avropaya kliniki hal təqdimat kimi göndərdikdə təcili qəbul edirlər. Çünki onlar üçün bu xəstəlik nadirdir və rast gəlinmir. Avropada uzun illərdir ki, bu problem ortadan qaldırılıb.
Dünya sənayesində asbestdən daha çox gəmiçilik istehsalında istifadə edilir. Böyük, istifadəsi dayandırılan gəmilər parçalanır və onun materialları təkrar istehsala göndərilir. Lakin hər ölkə bunu qəbul etmir. Asbestlə mübarizə ictimai birlikləri buna etiraz edir. Çünki həmin proses zamanı asbestin yaratdığı təhlükə ilə insanlar üz-üzə qalmış olurlar!.
Pulmonoloq bildirir ki, ölkəmizdə asbestin qadağan olunması çox yaxşı hal olar: “Vaxtında tədbir görmüş sayılırıq. Çünki mezotelyoma ölkəmizdə çox yayılmayıb. Doğrudur, asbestdən şifer kimi istifadə olunur. Şifer sementlə qarışıq olduğu üçün o qədər də təhlükə yaymır, sərt şəkildə qalır. Su borularına və tikintidə izolyator kimi istifadə etdikdə isə daha çox təhlükə yaradır. Bu baxımdan ölkəmizdə də indidən tədbir görülməyi çox yaxşı haldır”.
Həkim bildirib ki, bəkməz istehsalında da ağ torpaq istifadə edilir ki, bu zaman asbestli torpaqlar xüsusi təhlükə daşıyır: “Bəzi rayonlarda isə torpaq yerinə daha çox kül istifadə edilir. Bu o deməkdir ki, ənənəvi olan şey hər zaman faydalı deyil. Qida istehsalına, xüsusən evlərdə satış üçün istehsal olunan qida məhsullarınsa ciddi nəzarət olunan standartlar gətirilməlidir”.






Şərhlər