24.12.2000-ci il tarixində Qəbələ rayonunun Tüntül kəndində kasıb bir ailədə dünyaya göz açdı. Həkimlərin “yaşamayacaq” dediyi balaca Rüstəm qəhrəman olmaq üçün həyata tutundu. Kənd həyatı və yoxsulluq səbəbindən çox çətin bir həyat yaşadıq. Yaşamaq üçün pul qazanmaq şərt idi. Anam həyət-baca işləri ilə məşğul olurdu, lakin bu kifayət etmirdi. Balaca Rüstəm əlimdə böyüdü. Körpə yaşlarından qoxusunu içimə çəkdiyim Rüstəm bizim evin sonbeşiyi, seviləni idi.
Körpə yaşlarından əli iş tutan şəhid qardaşım, əlindən gələn hər işi görərək ailəsinə dəstək olmağa başladı. Böyürtkən yığır, sexlərdə taxta yonur, pul qazanırdı. Elə olurdu ki, yorğunluqdan səhərə qədər eyni vəziyyətdə yatırdı. Çox zəhmətkeş, dərdlərin hələ fərqinə varmayan, çətinliyə sinə gərən bir oğul idi.
2007-ci ildə Tüntül kənd M.Müşviq adına tam orta məktəbin 1-ci sinfinə daxil oldu. İlk vaxtlar dərslərdə fəal idi, sonradan ailənin onu oxutmağa gücünün çatmadığını anlayaraq dərslərində zəifləməyə başladı. Müəllimləri onun tərbiyəli, cəsarətli və mehriban olmasını hər zaman vurğulayır, onunla fəxr edirdilər. Rüstəmin sakitliyi, dərsi diqqətlə dinləməsi və sinif yoldaşlarına qarşı davranışı seçilirdi. Sinif yoldaşları tərəfindən çox sevilən bir şagird idi.
Böyüyəndə hərbçi olmaq arzusu ilə yaşayırdı. Əsgər getmək xəyalı onda hələ balaca yaşlarından başlamışdı. Şəhidlik mövzusuna çox həssas idi. Şəhid olduqdan sonra belə telefonundan vətənpərvərlik mövzusunda çoxsaylı video-roliklərə rast gəlmişik.
05.07.2019-cu ildə Rüstəmin arzusu gerçəkləşdi — əsgər olaraq Vətənə xidmətə yollandı. Ana və bacısını canından çox sevən Rüstəm bizi bir-birimizə və Allaha əmanət edib yola düşdü. Üzündə gülüş, ürəyində sevinc vardı. İlk aylarını Ağcabədi N saylı hərbi hissədə xidmət etdi, daha sonra ailəsindən xəbərsiz Cəlilabad N saylı Xüsusi Təyinatlı Qüvvələrə yazıldı. Bu xəbəri bizə sevinclə bölüşdü. Xüsusi Təyinatlı olmaq onun böyük arzusu idi. Orada qalaraq gizir olmaq istəyirdi. Bir arzusuna çatmışdı. Baş snayper kimi yüksək nəticələr göstərərək xidmətini davam etdirirdi.
Müharibə xəbərləri eşidirdik, amma inanmırdıq. Hər dərdini, hər sirrini bizimlə bölüşən Rüstəm Xüsusi Təyinatlı olduqdan sonra artıq çox şey danışmırdı, sadəcə hal-əhval tuturdu. 27 sentyabrda müharibənin başladığı xəbəri yayıldı. Bizə dəfələrlə müharibədə olmadığını deyirdi, halbuki ilk günlərdən döyüşlərin içində idi. Müxtəlif rayonlarda, dağlarda təlimlərdə iştirak etmişdi, amma bizim heç birindən xəbərimiz olmamışdı.
10 gün Rüstəmdən xəbər ala bilmədik. Sonradan məlum oldu ki, yaralı imiş — çiynindən qəlpə yarası almışdı. Bizə xəstəxanadan zəng etmişdi, lakin yaralı olduğunu bildirməmişdi. Həkimlərin təkidlərinə baxmayaraq, çiynində 3 qəlpə ilə yenidən müharibəyə qayıtdı. Dostları üçün çox narahat idi. Onunla birlikdə yaralanan və şəhid olan yoldaşları çox olmuşdu. Bu, onda qisas hissini daha da alovlandırmışdı.
21 oktyabr gecəsi verilən tapşırıqla torpaqların azadlığı uğrunda döyüşə yollandılar. Gecə səhərə qədər yol gedən döyüşçülər qəfil düşmənlə üz-üzə gəldilər. Qızğın döyüş başladı. Səhərə yaxın 19 yaşlı igid, düşmənin gülləsinə tuş gəldi. Ürəyindən aldığı güllə yarası nəticəsində Rüstəm yerindəcə şəhid oldu. Gedən təkcə bir can deyildi — onunla birlikdə neçə arzular, ümidlər, yarım qalan bir ömür də torpağa gömüldü.
Nəşi 2 gün Füzuli rayonunun Əhmədbəyli kəndində hospitalda saxlanıldıqdan sonra 23.10.2020-ci ildə Qəbələ rayonunun Tüntül kəndinə gətirilərək torpağa tapşırıldı. Biz Rüstəmin şəhid olmasını məhz 23 oktyabr günü öyrəndik.
Rüstəm Murov dağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda düşmən qüvvələrinə ağır zərbələr endirmişdir.
Şəhadətindən sonra İlham Əliyevin sərəncamı ilə aşağıdakı orden və medallarla təltif olunmuşdur:
-
Azərbaycan Bayrağı ordeni
-
Vətən uğrunda
-
Xocavəndin azadlığı uğrunda
-
Kəlbəcərin azadlığı uğrunda
-
Füzulinin azadlığı uğrunda
-
Cəsur döyüşçü
-
Şücaətə görə
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Şəhadətindən sonra qardaşımın adını əbədiləşdirmək məqsədilə onun həyat və döyüş yolundan bəhs edən “Hər şeyin bitdiyi yerdə Xüsusi Təyinatlılar başlayar” adlı kitabın müəllifi oldum. Onun adını və qəhrəmanlığını yaşatmaq bir bacı kimi özümə borc bildim. Ümid edirəm ki, mənim gözümdə hər zaman balaca qalan, əlimlə böyütdüyüm körpə qardaşım yaddaşlarda bir qəhrəman kimi, xoş xatirə kimi əbədi yaşayacaq və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidimiz daim xatırlanacaq.






Şərhlər