
Son dövrlərdə maliyyə intizamı ilə yanaşı, vətəndaşların ümumi davranış göstəricilərinin də kredit riskinin qiymətləndirilməsində nəzərə alınması məsələsi gündəmə gəlir. Xüsusilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozan sürücülərin bank xidmətlərinə çıxışının məhdudlaşdırılması ideyası müzakirə mövzusudur.
Bu barədə iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib və bildirib ki, bu təşəbbüs tamamilə əsassız yanaşmadır:
“Yol hərəkəti qaydalarının pozulmasının kredit almaqla nə əlaqəsi var? Bunlar tamamilə fərqli sahələrdir. Dünyanın heç bir ölkəsində bank-maliyyə münasibətləri inzibati xətalarla bu formada əlaqələndirilmir. Kredit verilməsi maliyyə intizamı və öhdəliklərin icrası ilə bağlı məsələdir. Bankdan kredit götürməyin əsas və yeganə meyarı kredit tarixçəsidir. Əgər şəxsin əvvəlki öhdəlikləri vaxtında yerinə yetirilibsə, gecikmələr yoxdursa və maliyyə intizamı yüksəkdirsə, ona kredit verilməsi üçün əsas var. Əksinə, kredit tarixçəsi zəif olan şəxslər üçün risk dərəcəsi artır və banklar bunu nəzərə alır. Bir çox xarici ölkələrdə yaxşı kredit tarixçəsinə malik şəxslərə daha aşağı faiz dərəcələri, daha uzunmüddətli ödəniş imkanları və əlavə güzəştlər təqdim olunur. Yəni maliyyə bazarında fərqləndirici amil yol hərəkəti qaydaları deyil, məhz maliyyə davranışıdır”.
İqtisadçı Natiq Cəfərli yol hərəkəti qaydalarını pozan sürücülərə kredit verilməməsi təklifinə sərt reaksiya verib. O bildirib ki, sürücünün intizamı ilə bank öhdəlikləri arasında heç bir məntiqi əlaqə yoxdur. Ekspertin fikrincə bankların əsas meyarı vətəndaşın maliyyə tarixçəsi olmalıdır.
Dünya təcrübəsində də belə bir yanaşmanın olmadığını deyən Natiq Cəfərli vurğulayıb ki, inzibati xətalarla maliyyə münasibətlərini qarışdırmaq yanlışdır. O qeyd edib ki, əsas meyar vətəndaşın əvvəlki borclarını necə ödəməsidir və bu qayda beynəlxalq praktikaya uyğun olaraq saxlanılmalıdır.
“Əgər məqsəd vətəndaşların məsuliyyətini artırmaqdırsa, bunun üçün ayrıca hüquqi mexanizmlər mövcuddur. Kredit sistemini digər sahələrlə qarışdırmaq düzgün deyil. Hesab edirəm ki, ölkəmizdə də beynəlxalq praktikaya uyğun olaraq kredit tarixçəsi əsas meyar kimi qalmalıdır”, – deyə o əlavə edib.






Şərhlər