Sülhməramlıların qanunsuzluğuna parlamentdən sərt reaksiya: “Getsinlər!”
Tarix: 1-12-2022, 12:48
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

Sülhməramlıların qanunsuzluğuna parlamentdən sərt reaksiya: “Getsinlər!”

1-12-2022, 12:48

Qarabağdakı sülhməramlı kontingentin qanunsuz davranışları getdikcə artır. Onların separatçılara dəstəyi, təxribatlarına göz yumması, hətta buna həvəsləndirməsi, binalar tikməsi bəlli idi və buna rəsmi səviyyədə etirazlar bildirilib. Amma kontingent bundan nəticə çıxarmaq əvəzinə qanundankənar, təxribat sayıla bilən davranışlarını pik həddə çatdırır.
Söhbət Azərbaycanın toponimlərinin dəyişdirilməsindən, sənədlərdə Qarabağ iqtisadi rayonu əvəzinə “Dağlıq Qarabağ vilayəti”, “Mardakert”, “Martuni” ifadələrinin yazılmasından gedir.
Bu məsələ parlamentin son iclasında müzakirə olunub və deputat, regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiyanın Qarabağdakı hərbi kontingentinin özbaşınalıqlarına sərt reaksiya verib. S.Novruzov bildirib ki, hərbi kontingent üçtərəfli razılaşmaya, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyən prezident Putinə hörmətsizlik edirlər. Komitə sədri bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət ediləcəyini söyləyib: “Sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar. Bununla bağlı biz Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən 1000-dən artıq toponimimiz dəyişdirilib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. İşlərini görə bilmirlərsə, getsinlər”.
Komitə sədri Ziyafət Əsgərov da bu mövzuda danışarkən həmkarının fikirlərini dəstəkləyib.
Sülhməramlıların bu davranışlarının arxasında daha məkrli niyyətlər də dayana bilər, görünən budur ki, qarşıda daha qanunsuz hərəkətlər edə bilərlər. Odur ki, indidən onlarla sərt danışmaq mütləqdir. Azərbaycan tamamilə haqlı olaraq işinin, funksiyasının öhdəsindən gələ bilməyən sülhməramlıların bölgədən çıxarılmasını tələb edə bilər. Çünki onlar bölgəyə gələrkən bəlli öhdəliklər üzrə yerləşiblər, bu öhdəliklə və vəzifələri yerinə yetirə bilmirlərsə, əksinə, Azərbaycana problemlər yaradırlarsa, getmələri ən məntiqli variantdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ