
“Ölkəmizin mədəniyyət paytaxtı Şuşa özünün tarixi irsi ilə yanaşı Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verib”.
Bunu Reportyor.tv açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat ən vacib məqamlardan birinin keçmiş məcburi köçkünlərin dogma yurdlarına qayıtması olduğunu vurğulayıb: “Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Artıq birinci “Böyük Qayıdış” dövlət proqramı qəbul edilib, proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Birinci mərhələdə dövlətimizin əsas vəzifəsi 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanın məskunlaşdırılması nəzərdə tutulur.
“Qarabağın erməni sakinlərinə gəlincə, dövlətimizin başçısı Forumda bu məsələ ilə bağlı aydın şəkildə mövqeyini ifadə edib. Bu mövqe ondan ibarətdir ki, Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq. Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyən Prezident bildirib: “Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”. Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir. Ona görə də, Qarabağ erməniləri dövlətimizin xoş niyyətini nə qədər tez anlasalar, bir o qədər özləri üçün yaxşı olacaq”.






Şərhlər