
“Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib”.
Bu barədə AQTA-dan verilən məlumatda həmçinin deyilir ki, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub:
“Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb. Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb”.
Bu fakt ölkə ərazisində satılan dönərlərin də qida standartlarına nə dərəcədə uyğun olması məsələsini yenidən gündəmə gətirir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, əhalidə yararsız ətlərlə bağlı illərdir narahatlıq var:
“Demək olar ki, həftədə 2-3 dəfə ətlərdən şübhə ilə bağlı zənglər gəlir. Bu narahatlığa son qoymaq üçün DİN çox effektiv fəaliyyət göstərir. Bəzi qurumlardan fərqli olaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi problemi cərimə yolu ilə həll etmir. Bütün hüquqi prosedur addımlar atılır, həbslər həyata keçirilir.
Xatırladım ki, illər əvvəl “Leş Tofiq” ifşa olunmuşdu. Düşünürəm ki, bu qurum daha fəal işləməlidir. Təəssüf ki, Azərbaycanda heç bir ətin satışına qadağa yoxdur. Qanunvericiliyə əsasən, sadəcə ətin mənşəyinin bildirilməsi kifayət edir. AİB isə bu vəziyyətlə qəti razı deyil. Ölkədə ənənəvi olmayan ətlərin satışına qadağa qoyulmalıdır. 1963-ü ildə dərc olunmuş kitabda təkcə, Azərbaycanda eşşək əti yeməli ət kimi xarakterizə olunur. Sonradan öyrəndik ki, kitabçanı ermənilər tərtib ediblər. Həmin dövrdə heç bir respublikada eşşək əti yeməli ət kimi xarakterizə olunmayıb. Atlar regionlarda saxlanır, şəhərdə at saxlamırlar. Əhali mütləq ictimai nəzarət həyata keçirməli, lazımi dövlət qurumlarına məlumat verməlidir. Təəssüf ki, AİB belə məsələlərdə əhalinin fəallığına hələ ki, nail ola bilməyib”.
E.Hüseynov hesab edir ki, bu problemin birdəfəlik həllinin vaxtı çatıb:
“Murdar olmuş heyvan ətləri mal əti adı altında qarışıq şəkildə uşaq bağçalarına, restoranlara, dönərxanalara verilir. Əhalinin bununla bağlı narahatlığı böyükdür. Nazirlər Kabinetinin 94 saylı qərarı yerinə yetirilmədiyi müddətdə əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər markalanmalıdır. Əhali, biznes qurumları malı dükanlardan almalıdır. Heyvanların harada yetişdirildiyi, harada kəsildiyi bildirilməlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hələ ki, bu sahədə ciddi nailiyyət əldə edə bilməyib. Satışına icazə verilıməyən ətlər birmənalı şəkildə qadağan olunmalıdır. Murdar ətlərlə bağlı qanunvericilikdə konkretlər müddəalar olmalıdır. Belə məsələlər önə çəkilməlidir. Aidiyyəti qurumlar da səlahiyyətləri çərçivəsində daha fəal işləməlidirlər”.
Nigar HƏSƏNLİ,






Şərhlər