
Ağcaqanadlardan qorunmaq üçün hər zaman güclü kimyəvi vasitələrdən istifadə etmək vacib deyil.
Alimlər müəyyən ediblər ki, bir bitki təbii həşəratqovucu kimi təsir göstərir və laboratoriya sınaqlarında bəzi məşhur vasitələrdən daha yüksək effektivlik nümayiş etdirib. Söhbət pişik nanəsindən ("Nepeta cataria") gedir.
ABŞ-ın "Ayova Ştat Universiteti"nin tədqiqatçıları bitkinin əsas aktiv maddəsi olan nepetalaktonu ehtiva edən efir yağını araşdırıblar. Eksperimentlərin nəticələri alimlərin özlərini də təəccübləndirib.
Araşdırmaya əsasən, laboratoriya şəraitində nepetalakton ağcaqanadları uzaqlaşdırmaq baxımından bir çox məşhur həşəratəleyhinə vasitələrin əsas komponenti olan DEET-dən (dietiltoluamid) təxminən 10 dəfə daha güclü təsir göstərib. Bununla belə, təbii efir yağları yarpaqlardan kimyəvi maddələrə nisbətən daha tez buxarlanır. Buna görə də təzə dərilmiş və bir qədər əzilmiş pişik nanəsi qısa gəzintilər zamanı insanı ağcaqanadlar üçün daha az cəlbedici edə bilər.
Bu necə işləyir?
Alimlərin sözlərinə görə, pişik nanəsinin qoxusu ağcaqanadlara insanlarda gözyaşardıcı qazın və ya çox kəskin xardal və vasabinin yaratdığı təsirə bənzər reaksiya verir. Bitki həşəratlarda TRPA1 adlı xüsusi ağrı reseptorunu aktivləşdirir.
Ağcaqanad insana yaxınlaşarkən cibdəki pişik nanəsinin qoxusunu hiss etdikdə, onun sinir sistemi bunu güclü xəbərdarlıq siqnalı və təhlükə kimi qəbul edir. Nəticədə həşərat insanın üzərinə qonmaq əvəzinə instinktiv olaraq uzaqlaşır.
Alternativ vasitələr
Əgər yaşadığınız ərazidə pişik nanəsi tapılmırsa, limon evkaliptindən istifadə etmək olar. Bu bitkinin tərkibindəki maddə ABŞ-ın "Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri" (CDC) tərəfindən ağcaqanadlara qarşı effektiv təbii vasitə kimi rəsmi şəkildə tanınıb.
Mütəxəssislər limon evkaliptinin yağını salfetin üzərinə damızdıraraq cibdə saxlamağın mümkün olduğunu bildirirlər.
Bununla yanaşı, təbii üsulların müəyyən məhdudiyyətləri də var. Onlar dəri üçün təhlükəsiz hesab olunsa və qısa gəzintilər və ya açıq havada istirahət zamanı faydalı olsa da, ağcaqanadların çox olduğu ərazilərdə kifayət qədər effektiv olmaya bilər. Belə hallarda bu cür təbii vasitələr ənənəvi qoruyucu vasitələrə əlavə kimi istifadə edilməlidir.//Demokrat.az






Şərhlər