
Hindistanda təhlükəli Nipah virusuna yoluxanların çoxalması, eyni zamanda ilk dəfə olaraq onun xarici ölkəyə ixracı faktının qeydə alınması Hindistanla əməkdaşlıq edən ölkələrin təhlükəsizlik tədbirlərinə əl atmasına səbəb olub. Məlumdur ki, ötən həftənin sonlarında Banqladeşdə Hindistandan gələn bir qadın Nipahdan həyatını itirib. Bu, artıq virusun xarici ölkələrə yayılmağa başladığını göstərdiyinə görə Hindistanla əlaqələri sıx olan əksər ölkələrdə təhlükəsizlik tədbirləri tətbiq olunmağa başlayıb.
Belarus hakimiyyətinin qərarı ilə Hindistandan gələn şəxslər hava limanlarında temperatur yoxlamasından keçirilməyə başlanıb. Özbəkistan isə Hindistandan heyvan idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Qərara əsasən, diri heyvan və quş ətinin idxalına qoyulan qadağa bütün Hindistan ərazisində tətbiq olunur.
Bundan əlavə, Qərbi Benqal əyalətindən dövlət baytarlıq xidmətinin (siyahısı) nəzarəti altında olan bütün malların (ət, süd, yumurta, balıq və s.) idxalı müvəqqəti olaraq məhdudlaşdırılıb. Beynəlxalq tranzit məhdudiyyətlərə tabe deyil. Qərarda qeyd olunur ki, tədbir Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatları və Qərbi Benqaldakı ölümcül Nipah virusunun yayılması ilə bağlı mürəkkəb epidemioloji vəziyyətə dair açıq mənbəli məlumatlar əsasında qəbul edilib.
Qeyd edək ki, ölüm sonluğu 75 faizdən çox olan bu zoonotik virus insanlara yarasalar kimi heyvanlardan keçir. Çirklənmiş qida məhsulları vasitəsilə və insandan insana ötürülmə də mümkündür. Son illərdə Hindistanda Nipah virusuna yoluxma halları müntəzəm olaraq qeydə alınıb və Cənub-Şərqi Asiya ölkələrində də insanlara yoluxma halları müşahidə edilib.
Azərbaycan da Hindistanla kifayət qədər geniş ticarət əlaqələrinə malikdir. Gömrük statistikasına əsasən 2024-cü ildə ölkələr arasında qarşılıqlı ticarətin həcmi 958 milyon 343,39 min dollar təşkil edib. Bunun 223 milyon 926,95 min dolları Azərbaycanın idxalı, qalanı əsasən neft və aviasiya yanacağından ibarət ixracı olub.
2025-ci ildə qarşılıqlı ticarətin həcmi 400,6 milyon dollara qədər azalıb. Azalma əsasən Azərbaycandan neft ixracının hesabınadır. Belə ki, Hindistandan idxal 209 milyon 860,34 min dollar təşkil edib ki, bu da 2024-cü ildəkindən cəmi 15 milyon dollar azdır. Hindistandan idxalımızda iribuynuzlu heyvan əti xüsusi yer tutur. 2024-cü ildə ümumilikdə Hindistandan 2240,73 min dollar dəyərində 715,49 ton iribuynuzlu heyvan əti idxalı qeydə alınıb. 2025-ci ilin 11 ayında isə 3 milyon 781,53 min dollarlıq 1 128,54 ton dondurulmuş, sümükdən ayrılmış, qabaq yarımşaqqalar, bütöv və ya ən çoxu beş parçaya bölünmüş formada iribuynuzlu heyvan əti, 27,85 min dollarlıq 9,98 ton dondurulmuş mal qaraciyəri idxal etmişik.
2024-cü ilin eyni dövrü ilə müqayisədə Hindistandan ət idxalı həcmi 63 faiz, dəyəri isə 78 faiz artıb. Hindistandan Azərbaycana mal əti idxalı 2000-ci illərdən geniş vüsət alıb. 2020-ci ildə Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra Paklistanla hərbi-strateji əməkdaşlığın gücləndirilməsi fonunda Hindistanla münasibətlərdə soyuqlaşma başlandıqdan sonra idxal azalsa da, 2024-cü ildən yenidən artmağa başlayıb. Bəzi məlumatlara görə, Hindistandan iribuynuzlu heyvan ətini kütləvi yeməkxanalarda istehlak üçün bir sıra dövlət qurumları idxal edir.
Qeyd edək ki, daxildə mal ətinin bahalaşması belə istehlakçıların xaricdən daha ucuz ət idxalını artırıb. Belə ki, 2025-ci ilin yanvar-noyabrında Azərbaycanın ümumilikdə 33,83 milyon dollar dəyərində 8 167 ton iri buynuzlu heyvan əti idxal edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 8 faiz, dəyəri isə 6,8 faiz artıb. Ən çox ət idxal edilən ölkələr sırasında birinci yerdə 3 899 ton və 19,41 milyon dollarla Ukrayna gəlir. 2024-cü ildə bu göstərici 4 112 ton və 20,04 milyon dollar olub ki, bu da həcmin 5 faiz azaldığını göstərir. Braziliyadan 2025-ci ilin 11 ayında 9,54 milyon dəyərində 2 959 ton vət almışıq. 2024-cü illə müqayisədə həcmi 19 faiz, dəyəri isə 21,6 faiz artıb.
Yeri gəlmişkən, Hindistandan ətdən başqa da qida məhsulları idxal edirik. Ötən ilin 11 ayında 2477,46 min dollar dəyərində 429 ton kərə yağı, 36156,44 min dollar dəyərində 35850,94 ton qabığı yarı ağardılmış və ya tam ağardılmış, pardaqlanmış və ya pardaqlanmamış, minalanmış və ya minalanmamış düyü almışıq. Bundan əlavə, qara çay, müxtəlif ədviyyatlar və çərəzlər də idxal edirik.
Ticarətlə yanaşı, Azərbaycana çoxsaylı hindistanlılar turist kimi gəlir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ildə Hindistandan ölkəmizə 167 min nəfərdən çox turist gəlib. Bütün bunlar Nipah virusunun Hindistandan Azərbaycana yoluxması imkanlarının olması deməkdir. Bu şəraitdə Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi Hindistandan ət və digər ərzaq idxalına nəzarəti artırmaq, yaxud tam qadağan etmək kimi tədbirlər planlaşdırırmı?
Musavat.com olaraq müvafiq sorğu ilə AQTA-ya müraciət etmişik, cavablandırıldıqda oxucularla bölüşəcəyik.
Xatırladaq ki, 2023-cü ildə AQTA “Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kq mal əti məhsulunda salmonella bakteriyası aşkarlamışdı. Agentlik həmin məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə qərar qəbul etmişdi. Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyularaq Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilmişdi. Ümid edirik ki, bu dəfə də AQTA vaxtında zəruri tədbirləri həyata keçirməklə effektiv müalicəsi tapılmayan, peyvəndi olmayan Nipah virusunun ölkəmizə idxalının qarşısını ala biləcək.
Dünya,
Musavat.com






Şərhlər