Müğənni Roza Zərgərli ötən günlərdə paytaxt ərazisində insident törədən həmkarı, Xalq artisti Ağadadaş Ağayevə dəstəyini açıq şəkildə bəyan edib.
Bu barədə post açan ifaçı sözlərində bunları qeyd edib:
"Sosial medianın fəal istifadəçisi olduğumçün sosial şəbəkədə gördüyüm görüntülərlə bağlı araşdırma aparıb gördüm ki, Ağadadaş müəllimdir. Sənət yoldaşlarım, dövlət xadimlərimizə əhsən olsun ki, Ağadadaş müəllim haqda gözəl fikirlər söyləyiblər. Amma, biganə qalmamaq mənim də işimdir. Çünki "Bakı vaxtı" verilişinin müəllif və aparıcısı olmuşam. Mən Azərbaycan mədəniyyəti haqda verilişlər ərsəyə gətirəndə, 100 buraxılış olubsa, bunun 40- da Ağadadaş müəllim qonaq olub. Onun Azərbaycan mədəniyyətində çox böyük əməyi və zəhməti var. Heç əmək və zəhməti olmasa belə, 70 yaşı haqlamış ağsaqqalı, onun kimi kübar insanı belə döymək olmaz. Sağlığında problem var və qürurlu insandır, bunu heç kimə bildirmir. Bir insanın yaşca böyük insana şiddət göstərməsi mümkünsüzdür Azərbaycan dövlətində. Kənardan baxan insanlar sanki şouya baxırdılar, konsertə gəliblər. Bu doğru deyil. Ağadadaş müəllim indən belə 70 il də oxumasa, onun bir əsəri çox müğənnilərin repertuarına bərabərdir. "Sən elə bir zirvəsən" adlı mahnısıyla artıq onun dəyərinin nə qədər olmasını hamımız bilirik və dərk edirik. Elə bir insana, hətta, onda günah olsa da belə, əl qaldırmaq və yaxud da əlində nə iləsə hücum etmək, itələmək, yıxmaq, kənardan da hamının vəhşicəsinə baxmağı çox ayıb və təhqiramizdir. Hərdən tanınmağıma peşimanam. Çünki biz çalışırıq. Hamı deyəcək özü üçün çalışır. Yox. Biz vətənimiz üçün, sizlərçün və özümüzçün çalışırıq. O insanın 90- cı illərdə olan əməyi, zəhməti danılmazdır. Onu döyən insanı şəxsən tanısaydım, ona qadınlığımla ikicə kəlimə söz deyərdim. Mən utanıram ki, o insan azərbaycanlıdır. Kim nə deyirsə desin, elə Xalq artistlərimiz, ağsaqqqallarımız var ki, onlar nə eləsələr də keçərlidir. Yəni onlar tərbiyədən kənar heç nə eləmirlər. Gör insanı nə həddə gətiriblər ki, o qədər kübar insan bu qədər aqressiv olub. Bilirəm ki, 52 min söz yazacaqsınız, amma, umrumda deyil. Elə sənətkarlarımız var ki, onlar toxunulmazdır".
Qeyd edək ki, ötən gün tanınmış müğənni Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zəminində tanışına balta atıb. Balta digər adama dəyərək xəsarət yetirib. Daha sonra müğənninin özü tanışı tərəfindən döyülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb ediliblər.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
