Ekspert: “ABŞ rəhbərliyi bir daha Qarabağın məhz Azərbaycan ərazisi olduğunu təsdiqlədi...”
ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik. Xahiş edirəm 28 May - Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.
Ekspertlərə görə, məktubda yetərincə önəmli məqamlar yer alıb. Belə ki, Trampın məktubu Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlayır. Bildirilir ki, məktubun belə formada, yəni beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə vurğu ilə başlaması təsadüfi hesab edilməməlidir. Trumpın məktubundakı bu məqam ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstəyi kimi xarakterizə olunur.
Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc ...
“Yeni Müsavat”a danışan deputat Hikmət Babaoğlu bildirdi ki, ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir: “Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər üzrə, o cümlədən hərbi-siyasi istiqamətlər üzrə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrlərindəndir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar kontekstində olduqca mühüm strateji əhəmiyyətə malik olmasını şərtləndirir”.
H.Babaoğluya görə, bu günlərdə Trampın İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil faktoru olaraq bu münasibətlər sistemində nüfuzu kimi qiymətləndirilməlidir: “Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, bundan sonrakı mərhələdə də ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf dinamikasına malik olacaq”.
Müxalifətin AB ilə sazişdə hakimiyyəti qane etməyən məqamlar ...
“Yeni Müsavat”a danışan deputat Elman Nəsirov da Trampın təbrik məktubunda bir sıra diqqəti cəlb edən məqamların olduğunu söylədi: “Birincisi, ABŞ prezidenti Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə xüsusi qiymət verir. Azərbaycanın bu istiqamət haqqında atdığı addımları müdafiə edir. Eyni zamanda, bu məktubda ABŞ-Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsi ilə bağlı mövqe öz əksini tapıb. Bir daha bu qənaətə gəlmək olar ki, dünyanın fövqəldövləti Azərbaycanda gedən prosesləri çox diqqətlə izləyir. Xüsusilə də pandemiya dövründə Azərbaycan dövlətinin atdığı addımları, ölkə prezidentinin bu sahədəki fəaliyyətini diqqətlə izləyir. Bu baxımdan Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayır. Nəzərə alsaq ki, ABŞ ATƏT-in Minsk Qrupuna həmsədr dövlətdir, Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni də yüksək qiymətləndirməsi, nəticə etibarı ilə bu münaqişənin həlli prosesində də Amerikanın Azərbaycanın mövqeyini müdafiə etməsi anlamını ortaya qoyur. Bir daha onu göstərir ki, ABŞ Azərbaycanı sülhpərvər, demokratik inkişaf yolu keçmiş, uğurlu daxili və xarici siyasət həyata keçirən dövlət kimi qəbul və müdafiə edir. Onu da bildirim ki, bu günlərdə ABŞ-ın Minnesota ştatı qondarma Qarabağ rejiminin ”müstəqilliyi"nin tanınması ilə bağlı qərar qəbul edib. Bu reallıq fonunda da ABŞ prezidentinin təbrik məktubunda Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün növbəti dəfə tanınması, müdafiə edilməsi ilə bağlı fikirlərin səslənməsi çox böyük siyasi çəkisi olan məsələdir. Bununla da ABŞ rəhbərliyi bir daha Dağlıq Qarabağın məhz Azərbaycan ərazisi olduğunu təsdiqləmiş olur. Bütün bunları da nəzərə aldıqda təbrik məktubunun böyük siyasi əhəmiyyəti var".