
Qarabağdan könüllü getmiş ermənilər geri qayıtmaq istəmir, bəs onların yerinə “danışan” kimlərdir?
Erməni lobbisinin güclü təsiri altında olan bir qrup amerikalı konqresmen növbəti dəfə Ağ Evə təzyiq göstərməyə çalışıb. Belə ki, bir qrup konqresmen Ağ Evi erməni “qaçqınlarının” qondarma “artsax”a qayıtmasını dəstək verməyə çağırıblar.
ABŞ-dakı erməni təşkilatı “Hay Dat” Bürosunun mərkəzi ofisinin yaydığı bəyanatda deyilir: “Onlar ABŞ-ın dövlət katibi Marko Rubionu beynəlxalq hüquq və sülhün bərqərar olması məqsədilə məcburi köçkün ermənilərin öz vətənlərinə, "artsax"a ləyaqətlə qayıtmasını" təmin etməyə çağırırlar".
“Hay Dat”ın Vaşinqton ofisinin icraçı direktoru Aram Qambaryan deyib ki, konqresmenlərin bu məktubu açıq siqnaldır: “Davamlı sülhə aparan istənilən yol Azərbaycanın yerli xristian əhalisinin "artsax"a qayıtmaq hüququnu tanımaqdan başlamalıdır". Məktubda Azərbaycanın 2023-cü ildə blokadası və “artsax”a hərbi hücumunun nəticələri açıqlanır. Həmçinin qeyd olunur ki, “müharibə nəticəsində öz yurdundan didərgin düşmüş xalqların geri qayıtmaq hüququ beynəlxalq hüququn əsas prinsipidir”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a söylədi ki, bu müraciət Qarabağı könüllü tərk edən ermənilərin özlərinə belə sərf etmir: “İstənilən hadisə baş verəndə onun kim üçün sərfəli olduğu ilk ağıla gələn fikirdir. İndiki şəraitdə Qarabağdan çıxan ermənilərin məsələsinin yenidən gündəmə gətirilməsi kimə sərfəli ola bilər? Ermənistanın indiki hakimiyyətinə sərfəli deyil. Çünki onlar sakit şəkildə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırlar. Qarabağdan könüllü şəkildə çıxan ermənilərə də bu sərf etmir. Çünki onlar geri qayıtmaq fikrində deyillər. Geri qayıtsalar, qanuni yolla veriləcək cəzalardan ehtiyat edirlər. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti ermənilər Qarabağı tərk edəndən sonra dəfələrlə müraciət etdi ki, siz gəlin, qayıdın, yaşayın, şərait var. Amma onlar qayıtmırlar. Azərbaycan tərəfi bu humanist mövqedən çıxış edib, bu gün də həmin münasibət qalır. Şəxsən mən hesab edirəm ki, ermənilərin geri qayıtmasına heç bir ehtiyac yoxdur. Onlar Qarabağda yaşamaq haqlarını, hüquqlarını mənəvi cəhətdən itiriblər. Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə bu haqdan məhrum olublar. Bu, şəxsi mövqeyimdir. Amma Azərbaycan hakimiyyəti dünyadakı hüquqlara riayət edir, humanist mövqedən çıxış edərək onların geri qayıdacaqları halda şərait yaradılacağını bəyan edir. Amma bu oranı tərk edən ermənilərin mənfəətlərinə cavab vermir. Sadəcə, xaricdə bəzi erməni mərkəzləri var ki, mövcud durum onlara sərf edir. Bu məsələni onlar özlərinin biznes mərkəzlərinə çeviriblər. Eyni zamanda bu durum müəyyən ölkələrə də sərf edir. Məsələn, Amerikaya da, Rusiyaya da sərf edir ki, oradakı vəziyyəti nəzarətdə saxlasınlar. İstəyirlər ki, bu məsələ hər zaman gündəmdə olsun. Həmçinin bu məsələdə ən çox maraqlı olan ABŞ konqresmenləri və senatorlardır. Çünki onlar bu məsələdən külli miqdarda pul qazanırlar. Erməni mərkəzləri onları bu məsələdə maliyyələşdirir. Onun üçün bu prosesin dayanmasını istəmirlər. Azərbaycana qarşı bundan bir təzyiq vasitəsi kimi istifadə edirlər. İndiki məsələdə onların bu məsələni qaldırması hesab edirəm ki, heç bir reallığa cavab vermir. Əslində konqresmenlərin özləri də bunu real başa düşürlər”.
A.Nağı Tramp administrasiyasının regionda sülhün tərəfdarı olmasından da söz açdı: “Amerikada Ağ Evdə, Konqres və Senatda kifayət qədər qüvvələr var ki, müəyyən maraqlara xidmət edirlər. Ən çox onlar bu məsələni erməni lobbisinin dəstəyi ilə qabardırlar. Ola bilər ki, Rusiyanın Amerikanın içərisində müəyyən qruplarla əlaqəsi olsun. Konqresmenlərin və senatorların pul qazanmaları üçün bu proses davam etməlidir. Ən çox bu məsələyə belə mövqe bildirmək doğru olardı. Bir sözlə, bu tezis çox zəifdir. Erməni cəmiyyəti tərəfindən dəstəklənməyəcək. Onun ətrafında səs qazanmaq mümkün olmayacaq. Paşinyana qarşı hansısa böyük kampaniya da aparmaq mümkün olmayacaq. Bu məsələ ilə bağlı erməni baş naziri də ciddi şəkildə ittiham edə bilməyəcəklər. Çünki Paşinyanın deməyə sözü var. Dəfələrlə o və onun komandası ittihamla bildiriblər ki, Qarabağı tərk edənlər o torpaqları qorumadılar. Yəni qonaq olduqları torpaqlarla bağlı belə fikirlər səsləndiriblər. Onun üçün də bu təbliğat onların xeyrinə işləməyəcək. Sadəcə, yüngülvari gərginlik yarada bilərlər. Onun da heç bir nəticəsi olmayacaq”.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, bu, ABŞ-dakı ermənilərin və onlara dəstək verən ermənipərəst qüvvələrin növbəti dəfə Azərbaycan-Amerika münasibətlərini pozmaq cəhdləridir: “İki ölkə rəhbərləri arasında son günlərdə müşahidə olunan müsbət münasibətlər, qarşılıqlı dəstək mesajları həmin qüvvələri ciddi şəkildə narahat etməkdədir. Bu məsələləri pozmaq üçün mifik ideyanı yenidən gündəmə gətirməyə, artıq tarixin zibilliyinə göndərilmiş "artsax" fikrini dirçəltməyə çalışırlar.
Azərbaycan 2023-cü il antiterror tədbiri ilə Qarabağdakı, Xankəndidəki yüz illik separatizmi bitirdi. Özü də bu əməliyyat elə bir şəkildə aparıldı ki, mülki şəxslərə və obyektlərə heç bir ziyan vurulmadı. Həmin ərəfələrdə də Azərbaycan onlayn formatda, sayt üzərindən Qarabağda qalmaq və yaşamaq istəyən ermənilər üçün bir imkan yaratdı. Müraciət edənlər araşdırılacaq, həqiqətən də yerli, Qarabağ sakini olan ermənidirsə onun yaşaması təmin ediləcəkdi. Təəssüf ki, ermənilərin demək olar hamısı bu şansdan istifadə etmədilər. Çünki onların bir qismi Azərbaycanın bu separatizmə son qoyacağına inanmadığı, böyük bir qismi isə Xankəndi və ətraf əraziləri özününkü saymadığına görə müraciət etmədilər. Bununla da onlar Azərbaycanda yaşamaq şanslarını itirmiş oldular. Antiterror tədbirindən sonra da Azərbaycan onlardan yerli sakinləri Qarabağada yaşamağa, geri qayıtmağa səslədi. Bunun üçün hər cür dəstək verməyə, təmin etməyə hazır olduğunu bəyan etdi. Onlar xaricdəki erməni diasporunun, daxildəki radikal siyasi qrupun və kilsənin müdaxiləsi nəticəsində qayıtmadılar, geri dönmədilər. Bununla da bu mövzu - “qaçqın” ermənilərin “artsax”a qayıtması mövzusu birdəfəlik qapanmış oldu.
Özü də bir sıra digər araşdırma və faktlar da göstərdi ki, Qarabağda onların şişirdilmiş şəkildə təqdim etdiyi 120 min yox, bir ovuc erməni yaşayırmış. Onlar bu işi bu formada məqsədli şəkildə etdilər. Bir məqsəd gələcəkdə bu amildən Azərbaycana qarşı təzyiq formasında istifadə etmək idisə, digər bir məqsəd öz soydaşlarının “ağır” durumunu dünyaya, varlı ermənilərə təqdim edib onların üzərindən pul qazanmaq istəyi idi. Radikal qruplar üçün sıravi ermənilərin vəziyyəti heç zaman prioritet və önəmli olmayıb. Bu amildən onlar hər zaman öz siyasi və maliyyə maraqları üçün istifadə ediblər.
İndi yenidən Qarabağdan öz xoşu ilə köçüb gedən erməniləri bir amil olaraq istifadə etməyə cəhd göstərirlər. Onlarda Azərbaycana təzyiq etmək, “yazıq” erməni obrazı yaradıb ondan istifadə etmək marağı var. Bu cəhd, bu amildən istifadə etmək gözlədikləri effekti verməyəcək. Azərbaycan “artsax”, “qaçqın” erməni, Qarabağa ermənilərin qayıtması, o torpaqların yenidən işğal edilməsi məsələlərinə birdəfəlik son qoyub. Azərbaycan təkcə bu məsələlərə son qoymadı, ümumiyyətlə, bir neçə yüz illik “böyük Ermənistan” ideyasını da məhv etdi. Onların bunu anlaması və bu cür avantürist fikirlərdən vaz keçməsi lazımdır. Güclü və qalib Azərbaycanla bu üslubda danışmaq, diktə etmək, şantaj və təhdid üsulu ilə istəklərini həyata keçirmək baş tutmayacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Şərhlər