
Kremlin əsl niyyəti - regionda istənilən platformanı Moskva təhlükə kimi qəbul edir
Rusiya Mərkəzi Asiya və Azərbaycan dövlət başçıları arasında məşvərətçi görüşlər formatına qoşulmağı nəzərdən keçirməyi məqsədəuyğun hesab edir. TASS xəbər verir ki, bu sözləri Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko deyib.
Düşənbədə çıxış edən rusiyalı diplomat bəyan edib ki, Moskva “Mərkəzi Asiya beşliyi”nin formalaşmasını və Azərbaycanın bu görüşlərə daxil edilməsi qərarını “böyük maraqla izləyir”. O, formata qoşulmağın arqumentləri kimi Rusiyanın regiona “coğrafi və tarixi yaxınlığını”, iqtisadi və nəqliyyat əlaqələrini göstərib.
Zenkonun fikrincə, Rusiyanın cəlb edilməsi guya “koordinasiyanı gücləndirəcək”, “inteqrasiyanı təşviq edəcək” və “daha əhatəli təhlükəsizlik arxitekturası” yaradacaq, eyni zamanda formal olaraq region ölkələrinin müstəqilliyini qoruyacaq. Aydındır ki, Moskva bu formata qoşulmaqla buradakı ölkələri nəzarətdə saxlamaq niyyəti güdür. Bəs bu plana liderlər nə deyəcək?
Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Mərkəzi Asiya və Azərbaycan dövlət başçıları arasında məşvərətçi görüşlər formatına qoşulmaq niyyəti ilə bağlı fikirlər Moskvanın bu təşəbbüsə təsadüfi maraq göstərmədiyini, əksinə, prosesi diqqətlə izlədiyini və ona inteqrasiya olunmaq üçün zəmin, yaxud bəhanə axtardığını nümayiş etdirir: “Zenkonun arqumentləri Kremlin klassik ritorikasını xatırladır: "coğrafi və tarixi yaxınlıq", “iqtisadi və nəqliyyat əlaqələri”, “təhlükəsizlik və koordinasiya”. Bu tezislər postsovet məkanında Rusiyanın demək olar ki, bütün inteqrasiya təşəbbüslərində istifadə etdiyi ideoloji çərçivənin tərkib hissəsidir. Lakin sual ondan ibarətdir ki, bu arqumentlər region ölkələrinin real maraqlarına nə dərəcədə cavab verir? Mərkəzi Asiya dövlət başçılarının son illərdə xarici güclərdən kənar, öz aralarında məsləhətçi mexanizmlər yaratmaq cəhdi təsadüfi deyil. Bu formatın əsas üstünlüyü region ölkələrinin suveren qərarvermə imkanlarının qorunması, daxili problemləri üçüncü tərəflərin diktəsi olmadan müzakirə etmək istəkləridir. Məhz bu məqam Moskvanı narahat edir. Çünki Rusiya postsovet məkanında formalaşan istənilən müstəqil platformanı öz təsir imkanlarının zəifləməsi kimi qiymətləndirir. Bu baxımdan, Kremlin “formatı gücləndirmək” adı altında ona qoşulmaq istəyi əslində nəzarət mexanizmini ələ almaq cəhdidir. Aleksey Zenkonun “daha əhatəli təhlükəsizlik arxitekturası” ilə bağlı fikirləri isə xüsusilə diqqət çəkir. Rusiya uzun illərdir region ölkələri üçün guya “təhlükəsizlik zəmanətçisi” rolunda çıxış etməyə çalışır. Lakin Ukrayna müharibəsi, KTMT-nin faktiki səmərəsizliyi və Rusiyanın özünün real təhlükə olması bu iddiaların əsasının olmadığını göstərib. Eyni zamanda Rusiyanın “müstəqillik qorunacaq” kimi verdiyi təminatlar da regionda skeptik qarşılanır. Tarix göstərir ki, Moskva inteqrasiya etdiyi formatlarda bərabərhüquqlu tərəfdaşlıqdan daha çox asılılıq modeli qurmağa üstünlük verir.
Bəs Mərkəzi Asiya ölkələri və Azərbaycan bu təşəbbüsə necə reaksiya verəcək? Mövcud geosiyasi reallıqlar fonunda region liderlərinin ehtiyatlı davranacağı gözləniləndir. Onlar bir tərəfdən Rusiya ilə münasibətləri kəskinləşdirmək istəmir, digər tərəfdən isə yenicə formalaşan müstəqil dialoq platformasının Moskvanın təsiri altına düşməsinə razı olmayacaqlar. Azərbaycan üçün isə məsələ daha prinsipial xarakter daşıyır. Bakı son illərdə balanslı və çoxşaxəli xarici siyasət kursu yürüdərək heç bir blokun və ya formatın alətinə çevrilməməyə xüsusi önəm verir. Bu baxımdan, Rusiyanın təklif etdiyi iştirak modeli Azərbaycanın milli maraqları ilə üst-üstə düşmür. Beləliklə, Moskvanın məşvərətçi görüşlər formatına qoşulmaq təşəbbüsü regionda “yeni inteqrasiya” cəhdi kimi təqdim olunsa da, mahiyyət etibarilə köhnə təsir ssenarisinin davamıdır. Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün əsas çağırış bu cür təşəbbüsləri diqqətlə ölçüb-biçmək, formal vədlərlə real riskləri bir-birindən ayırmaqdır. Görünən odur ki, region liderləri bu dəfə Kreml ritorikasına əvvəlki illərlə müqayisədə daha tənqidi və rasional yanaşacaqlar".
Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi 12 gün bağlı olacaq | sfera.az

Çingiz Şahbazi
Politoloq Çingiz Şahbazi bu təşkilatın Rusiyasız özünü qorumasının vacibliyini vurğuladı: “Əgər Rusiya Prezidenti Vladimir Putin tərəfindən belə bir təşəbbüs reallaşarsa, heç şübhəsiz ki, bu təşəbbüs Putinin ağlına Rusiyanın regional təsirini itirməmək instinktindən meydana gəlib. Əlbəttə, Mərkəzi Asiyanın müstəqil diplomatiyası və xüsusilə də Azərbaycanın regionda yüksələn rolu Putini bu istiqamətdə düşündürür və o, nəhayət, hərəkətə keçməyə cəhd göstərmək istəyir. Bu səbəbdən Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibinin dili ilə təşkilata üzv ölkələrin liderlərinin nəbzini yoxlamaq qərarına gəlib desək yanılmarıq. Hesab edirəm ki, Dövlət Başçılarının Məşvərət Görüşü formatında təmsil olunan liderlər Putinin bu təşəbbüsü ilə bağlı yekdillik sərgiləməyəcəklər. Rusiyanın təşkilata tamhüquqlu üzv ölkə olaraq, dominant iştirakına razılıq verilməyəcək. Zatən formatın əsas qayəsi Rusiyasız müzakirə mühiti yaratmaq məqsədi daşıyır. Bundan başqa, Putinin özünü ora yerləşdirmək məqsədi hər kəsə aydındır və bu, Mərkəzi Asiyanın müstəqil diplomatiyasına maneə törətməklə, onları nəzarətdə saxlamaq imkanı əldə etməkdir. Bu baxımdan Rusiyanın iştirakı variantı üzərində dayanmaq daha məntiqlidir. Rusiya məhdud iştirakçı olaraq təşkilata daxil ola bilər. Bu, müşahidəçi və yaxud da xüsusi qonaq qismində iştirak etmək hüququdur. Aydındır ki, burada qərarvermə mexanizmlərinə daxil olmaq məhdudiyyəti var. Əlbəttə, Mərkəzi Asya ölkələrinin liderləri Rusiyanın təzyiqləri qarşısında dözüm göstərə bilməsələr, bu zaman Rusiyanın istəyinə nail olmaq ehtimalı da istisna deyil. Bu, hesab edirəm ki, rədd cavabı qədər çox zəif ehtimaldır. Azərbaycan açıq şəkildə Rusiyanı rədd etməz, amma formatın mahiyyətinin dəyişməsinə səbəb olacaq hər hansı bir qərara da öz etirazını bildirə bilər. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kriteriyalarında bərabərlik və suverenlik prinsipləri əsas planda yer alır və bu kriteriyalar hər zaman qorunub saxlanılır. Bütün bunlar isə Rusiyanın formata tamhüquqlu üzv olmaq üçün şansını azaldır. Əslində Rusiyanın üzv olduğu bütün təşkilatlarda dominant davranış vərdişləri və bu istiqamətdə təcrübəsi məlumdur. Bu səbəbdən Rusiyanın iştirakı formatın müstəqilliyinə öz təsirini göstərəcək və bərabərlik balansı pozulacaq. Bu baxımdan postsovet məkanında Rusiyasız platforma olaraq, bu format öz müstəqilliyini qoruyub saxlamalı və inkişaf etməlidir”.






Şərhlər