
Azərbaycanın neft məhsullarının Ermənistana nəqli bu ölkənin şimal və cənub qonşularımızdan enerji asılılığını azalda bilər - Rusiya və İran prosesi poza bilərmi?
Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də ölkəmizdən Ermənistana neft məhsullarının ixracına başlanıb. Ötən ay Qəbələdə Baş nazirin müavini Şahin Mustafayev və onun erməni həmkarı Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin yola salınıb.
Neft məhsullarımızın Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Baş nazir Nikol Paşinyan Bakıdan ilk benzin tədarükünü alqışlayıb. O həmçinin Gürcüstana xəbərdarlıq edib ki, normal tranzit tarifləri tətbiq edilməzsə, Bakı və İrəvan alternativ marşrutlar tapacaq. “Ümid edirəm ki, ya bu məsələlər həll olunacaq, ya da iqtisadi qurumlar alternativ idxal və ixrac marşrutları tapacaqlar”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, Gürcüstan tərəfi neft məhsullarının tranzitinə görə fantastik rüsum (hər ton üçün 92 dollar) tələb eləmişdi. Hərçənd dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilirdi ki, baş nazir İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, yüklərin dəmiryolu ilə ilk dəfə tamamilə pulsuz daşınması həyata keçiriləcək. Bəs sonrakı yüklər hansı qiymətə daşınacaq?
Bütün hallarda son olaylar Bakı ilə İrəvanın sülh gündəliyinin deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir. O sırada Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.
Məlumdur ki, Ermənistan Rusiya və İrandan enerji məhsulları alan ölkədir. Elə isə neft məhsullarımızın İrəvana göndərilməsinə Moskva və Tehranın cavab reaksiyası necə ola bilər? Buna əngəl olmaq cəhdləri, yaxud hansısa təxribatlar mümkündürmü?
Qabil Hüseynli
Professor Qabil Hüseynli Azərbaycan və Ermənistanın kənar təhlükələrə qarşı birgə hərəkət etməli olduğunu zəruri sayır. Rusiya və İranın həmişə sülhə qarşı çıxdığını deyən professorun fikrincə, səbəb regionda hakimi - mütləq olmaq ambisiyasından irəli gəlir. “Cənubi Qafqazda köklü dəyişikliklər bölgənin iki böyük dövlətinin tarixi planlarını pozub. İndi onlardan asılı olmayan hadisələr baş verir. Bu da Rusiya və İranı narahat edir. Onlardan biri də münaqişənin başa çatmasıdır. İkinci səbəb isə Türkiyənin regionda güclənməsidir. Türkiyə isə NATO-nun cənub cinahına nəzarət edən deməkdir. Xüsusən də Rusiya təkhakimliyi itirdiyi üçün qəzəblidir. Amma günahı özündə axtarması lazımdır”, - Qabil Hüseynli qeyd edib. Bunun səbəbinin ilk növbədə Ukraynaya hərbi təcavüz olduğunu bildirən politoloq, digər faktorun Kremlin Azərbaycana və Ermənistana münasibətində görür: “Əsasən də Ermənistana təbəəsi kimi baxması nəticə etibarı ilə Rusiyadan uzaqlaşmağa səbəb oldu. Rusiya həmişə keçmiş münaqişənin qalmasında maraqlı olub. Dünənə qədər də Qarabağın statusunu gələcək nəsillərə saxlamaq istəyirdilər. Pyotrdan qalan vəsiyyəti sona çatdıra bilmədilər. Sözümün canı budur ki, indi yaranan sülh çox kövrəkdir, yeni etimad mühiti yaranır. Ona görə də bunu pozmaq istəyənlərə Bakı və İrəvan birlikdə cavab verməli, həmişə həssas olmalıdırlar ki, istənilən kiçik təxribat cəhdi beşikdə boğulsun”.
Professor sonda əlavə edib ki, İran Rusiyanın müttəfiqi olaraq bu prosesi pozmaq istərdi, xüsusən də Zəngəzur dəhlizinə görə, amma buna müvəfəqq olmaq indi çətindir, təsir rıçaqları əldən çıxıb: “Amma neft məhsullarının getməsi iqtisadi yanaşma cəhətdən Moskva və Tehranı bir o qədər narahat etməyəcək. Azərbaycan Ermənistanın enerji təminatında böyük rol ala bilməz, amma onun şimal və cənub qonşularımızdan asılılığını qismən azalda bilər. İstənilən halda neft və qaz, eləcə də enerji bu ölkələrdən gəlir, bir də Metsamor AES rol oynayır. Bakı neftinin nəqli iqtisadi deyil, daha çox siyasi əhəmiyyət kəsb edir”.
Asif Nərimanlı
Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, bu, sülh prosesində xüsusi əhəmiyyət kəsb edir: “Birincisi, Azərbaycan və Ermənistan arasında neft məhsullarının ixracı ilə bağlı razılaşma sülh prosesinin praktiki müstəviyə daşınmasıdır. İkincisi, bu addım Azərbaycan və Ermənistan arasına etimad quruculuğuna mühüm töhfə verir. Sülhün davamlı və dayanıqlı olmasını şərtləndirən əsas amil iki xalq arasında etimad mühitinin yaradılmasıdır. 30 illik müharibə dövrü və düşmənçilik bu məsələdə ciddi çətinliklər yaradıb və belə görünür ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulması üçün kifayət etməyə bilər. Bu kontekstdə neft məhsullarının ixracı - Azərbaycan və Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması düşmənçiliyin arxa fona keçməsində əhəmiyyətli rol oynayacaq, çünki dövlətlər arasında iqtisadi əlaqələr həm də cəmiyyətlərin yaxınlaşması, qarşılıqlı ticarətin yaranması deməkdir. Üçüncüsü, burada Azərbaycan və Ermənistanın iqtisadi-ticarət əlaqələrinin hər iki ölkəyə və regiona verəcəyi siyasi-iqtisadi divident önəmlidir”.
Onun fikrincə, Azərbaycan Ermənistanın timsalında yeni bazar qazanır: “Nəzərə almaq lazımdır ki, neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Bu, Azərbaycan üçün iqtisadi gəlir gətirəcək. Eyni zamanda, ikitərəfli ticarət əlaqələrinin qurulması ilə siyasi yaxınlaşma güclənəcək ki, sülh prosesinin tamamlanması üçün bu, vacib elementdir. Azərbaycandan neft məhsullarını idxal etmək Ermənistana ilk növbədə enerji təhlükəsizliyini şaxələndirmək imkanı verir və məhdud mənbələrdən asılılığını azaldır. Və bu, həm də rəsmi İrəvanın daha müstəqil siyasət yürütmək perspektivlərini gücləndirir”.






Şərhlər