Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Putin Əliyevə vədini tutmasa... - "Günahkar Kiyev rejimidir" bəhanəsi keçməyəcək!
Putin Əliyevə vədini tutmasa... - "Günahkar Kiyev rejimidir" bəhanəsi keçməyəcək!

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov səfirimiz Rəhman Mustafayevlə görüşüb. Nazirliyin saytındakı məlumatdan aydın olur ki, görüş dünən, AZAL təyyarəsinin Qroznı üzərində vurulmasının ildönümü gününə təsadüf edib.

Qeyd olunur ki, məsləhətləşmələr zamanı Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə keçirilən görüşdən sonra iki ölkə münasibətlərinin mövcud vəziyyəti və perspektivləri diqqət mərkəzində saxlanılıb. Sitat: “İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin (Moskva Bəyannaməsi – red.) müddəalarına uyğun surətdə bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəlikləri bir daha təsdiqlənib”.

Səfirimiz isə görüşdən sonra bildirib ki, Azərbaycan qəza ilə bağlı istintaqın tezliklə bitməsini və kompensasiya ödənişlərinin həyata keçirilməsini gözləyir. Diplomat həmçinin faciəyə görə məsuliyyət daşıyanların ədalət mühakiməsinə cəlb olunacağına ümid etdiyini vurğulayıb. “Bu gün ikitərəfli münasibətlərdə əsas məsələ qəza ilə əlaqədar məsələlərin tez və ədalətli həllidir”, - diplomat faktiki Bakının əsas şərtini bir daha qarşı tərəfə xatırladıb...

Bu yerdə Moskva Bəyannaməsinin 7-ci bəndini yada salmaq pis olmaz: “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.

Göründüyü kimi, öhdəliyi pozan yüzdə yüz Rusiyadır. Hərçənd Moskvanın öz imzasına hörmət eləməməsi təzə məsələ sayılmaz. 1994-cü ildə Budapeşt Memorandumu ilə Ukraynanın ərazi bütövlüyünə verilən yazılı zəmanətin aqibəti görkdür.

Siyasi müşahidəçilərə görə, ola bilsin Rusiya XİN-dəki dünənki görüş zamanı təyyarə olayı mövzusunda Bakıya yenə bəzi vədlər verilib. Vəddən işə keçmək zamanı çatmadımı? Moskva daha nəyi gözləyir? Axı qəzaya uğrayan təkcə təyyarəmiz yox, həm də iki ölkə arasında çətinliklə qurulmuş inam-etimad idi.

Rusiya XİN sözçüsü Mariya Zaxarovanın günahı “Kiyev rejimi”nin üstünə atmaqla iş bitmir. Ona qalsa, biz də deyə bilərik ki, Rusiya 2022-də bu ədalətsiz müharibəni başlamasaydı, heç bir avia-qəza olmazdı. Yəni səbəblərin səbəbi məsələsi...

Bu da istisna deyil ki, Putin oktyabrın əvvəlində Düşənbədə AZAL təyyarəsi ilə bağlı məlum öhdəlikləri götürərkən ümid edirmiş ki, Ukrayna cəbhəsində ilin sonunadək dönüş xarakterli hərbi uğurlar qazanıb bütün dünyanı şoka salacaq və ondan sonra kimsə, hansısa “Yaxın xaric” ölkəsi Rusiyadan hesab sormağa cəsarət etməyəcək.

Bu, baş vermədi. Moskva “Ukrayna bataqlığı”nda qalmaqda davam edir və böyük ehtimalla, oradan asanlıqla çıxmayacaq. Rusiyanın ən azından yaxın illər üçün kollektiv Qərbin, özəlliklə Avropa Birliyinin sanksiyalarından qurtulması gözlənilmir. Deməli, məntiqlə Kreml olan-qalan dost-tərəfdaşının qədrini bilməlidir.

Azərbaycan isə ötən ilin sonunada Qroznı üzərində mülki təyyarəmiz vurulanadək bu statusa ən uyğun gələn postsovet ölkələrindən biri idi. Yenə o statusda qala bilərdi, əgər Kreml olaydan dolayı özünü rəsmi Bakı qarşısında təkəbbürlü aparmayıb da, dərhal gərəkən addımları atsaydı, velikorus davranışı göstərməsəydi...

Lakin Moskva Azərbaycanın strateji önəmini lazımınca dəyərləndirmədi. Nəticə bəlli. Bakı geri çəkilmədi, tələblərində israr elədi. Sonrakı hadisələr, o cümlədən bu ölkədə soydaşlarımızın sıxışdırılması, Azərbaycan əleyhinə Kremlə yaxın mediada bitməyən şər-böhtan kampaniyası da məlum. Halbuki indinin özündə belə, Bakı Moskvanın bölgədəki maraqlarını ciddiyə alır. Rusiya əleyhinə alyans və birliklərə qoşulmayıb, qoşulmur.

Ancaq bir şeyi artıq tam əminliklə söyləmək olar ki, Azərbaycan-Rusiya münasibətləri 25 dekabr 2025-dək olan səviyyəyə qayıtmayacaq - Bakının tələbləri yerinə yetirilsə belə. Kreml, Putin bu fürsəti, “qızıl” şansı qaçırdı. Çünki hər şey vaxtında ediləndə qiymətli və gözəl olur. Onsuz da Azərbaycan ictimai rəyində erməni məsələsinə görə Rusiyanın imici, yumşaq desək, bərbad idi.

Üstəgəl, Rusiya qonşu Ukraynaya qarşı 4 ilə yaxındır apardığı işğalçı müharibə ilə, beynəlxalq hüququ ayaqaltı eləməklə keçmiş sovet respublikalarını özündən bir az da itələyib, daha da “ürküdüb”. Hazırda bu ölkələr ondan maksimum məsafə saxlamağa çalışırlar, üzə vurmasalar da. Düz də edirlər.

Qaldı ki, 38 günahsız insanın həlak olduğu avia-qəzaya, Putin gec də olsa, heç olmasa, yeni il ərəfəsi çoxdan gözlənilən bəzi addımları ata bilər. Hələ bir neçə gün var...

Şərhlər