
İran prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ, İsrail və Avropa ilə faktiki olaraq tammiqyaslı müharibə şəraitində olduğunu bəyan edib.
Pezeşkian qeyd edib ki, Qərb dövlətləri və İsrail İranın güclənməsini, müstəqil şəkildə ayaqda durmasını istəmir. O vurğulayıb ki, "İranın hərbi potensialı əvvəlki hücumlarla müqayisədə xeyli güclənib, hazırda İrana qarşı hər hansı zərbə endiriləcəyi təqdirdə, Tehran daha sərt və qətiyyətli cavab verməyə hazırdır".
Pezeşkianın "tammiqyaslı müharibə şəraiti" ifadəsi nə dərəcədə realdır? Bu, daha çox daxili auditoriyaya hesablanmış siyasi mesajdır, yoxsa faktiki vəziyyəti əks etdirir? İranın "hərbi gücümüz xeyli artıb" iddiası nə dərəcədə əsaslıdır? Tehran hansı konkret sahələrdə üstünlük əldə edib - raket texnologiyaları, PUA-lar, hava hücumundan müdafiə, yoxsa dəniz qüvvələri?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloqun fikrincə, Pezeşkian ölkəsinin ABŞ, İsrail və Avropa ilə faktiki olaraq tammiqyaslı müharibə şəraitində olduğunu bəyan etməklə həqiqəti söyləyib:
"Ancaq onun "İranın hərbi potensialı əvvəlki hücumlarla müqayisədə xeyli güclənib, hazırda İrana qarşı hər hansı zərbə endiriləcəyi təqdirdə, Tehran daha sərt və qətiyyətli cavab verməyə hazırdır" açıqlamasının nə dərəcədə həqiqət olduğu suallar doğurur. Çünki özü bir müddət əvvəl söyləmişdi ki, İranın ağır problemlərinin həllində acizdir. Buna baxmayaraq, Məsud Pezeşkian "biz müharibəyə hazırıq" deməklə İran cəmiyyətini sakitləşdirməyə çalışır. Halbuki, İranın hava müdafiə sisteminin hansı vəziyyətdə olduğu bəlli deyil. İsrail birinci dəfə İrana hücum etdikdə qonşu dövlətin hava müdafiə sistemi tamamilə dağıdılmışdı.
İsrail və ABŞ 12 günlük müharibədə İranın uranı zənginləşdirən mərkəzlərinə ağır zərbələr vurdular. Bu, İranın uranı zənginləşdirmək planlarına mane oldu. Buna baxmayaraq, İran müharibədən sonra ballistik raket istehsalını artırmağa müvəffəq olub. İran ballistik raket istehsalı üçün zəruri komponentləri Çindən alır. Çinin özü də ballistik raket istehsalını artırıb. Bununla bağlı Pentaqonun geniş hesabatı hazırlanıb. Həmin hesabatda Çinin Monqolustanla sərhəddə yaxın bölgələrdə yüzlərlə ballistik raket yerləşdirdiyi bildirilib".
Politoloq qeyd edib ki, İranın ballistik raketləri İsraili İranın uranı zənginləşdirməsi qədər narahat edir:
"İsrailin baş naziri Benyamin Netanyahu məhz bu mövzunu müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşə çalışırdı. Netanyahu Trampı inandırmağa çalışıb ki, İranın ballistik raket istehsalına da mane olmaq lazımdır. Bu isə o deməkdir ki, gələn il yenidən İsrail-İran müharibəsinin şahidi ola bilərik".






Şərhlər