Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Bakı uzun müharibəyə hazırlaşmalı - sabah da başlaya bilər
Bakı uzun müharibəyə hazırlaşmalı - sabah da başlaya bilər

ABŞ prezidenti Trampın İrana iki həftəlik vaxt verməsinə, əlbəttə ki, inanmaq olmaz. Necə deyərlər, “başına gələn, başmaqçı olar”. 2025-ci ilin yayında, indiki kimi, Omanda keçirilən növbəti danışıqlar raundundan sonra Tramp İrana iki həftə vaxt verdiyini demişdi, amma heç üç gün keçməmiş — iyunun 13-də İsrail ABŞ-ın xeyir-duası ilə 12 günlük savaşı başlatmışdı. İndi İsrail özünü arxa plana keçirib, müharibə istəklisi kimi ABŞ-ı qabağa verir. Amma bunun prinsipial fərqi yoxdur — düşmənin bir və ya iki nömrəlisi olmur.

Picture background

Fevralın 17-də bu dəfə də Omanın vasitəçiliyi ilə, lakin Cenevrədə keçirilən danışıqlarda Trampın xüsusi elçiləri Uitkoff və Kuşnerlə İranın xarici işlər naziri arasında görüş barədə çox az rəsmi məlumat var. Məlumdur ki, ABŞ İrandan öz ərazisində uran zənginləşdirməsindən tamamilə imtina etməsini, mövcud bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsini (Rusiya onları qəbul etməyə hazırdır), raket proqramının inkişafını məhdudlaşdırmasını, Yəmən husilərinə, “Hizbullah” və “HƏMAS”a dəstəyini dayandırmasını tələb edir. İran da öz növbəsində nüvə proqramı ilə bağlı güzəştə getməyə hazırdır, lakin raket proqramı və müttəfiqlərinə dəstəyi müzakirə etməkdən imtina edir. İndi Tehran iki həftəlik taym-aut götürüb, amma rejimin bu şərtləri qəbul edəcəyinə inanan azdır. Hər iki tərəf danışıqlara daha çox vaxt qazanmaq fürsəti kimi baxır.

O səbəbdən dünyanın nüfuzlu xəbər agentlikləri də Trampın sabah — fevralın 21-də və ya fevralın 24-dək İrana qarşı əməliyyata başlaya biləcəyini yazırlar. ABŞ Hərbi Dəniz Qüvvələrinin ən güclü qüvvələrindən hesab olunan “Gerald Ford” təyyarədaşıyan gəmisi də məhz 21–24 fevral aralığında Fars körfəzi girişinə yaxın ərazidə “Abraham Lincoln” aviadaşıyan qrupuna qoşulmalıdır. Bundan əlavə, ABŞ Yaxın Şərqə, o cümlədən İrana yaxın olan Qətər və Bəhreyndəki bazalarına yüzlərlə təyyarə, hava hücumundan müdafiə sistemi və çoxlu sayda sursat yerləşdirib.



Trampın müharibə yox, təzyiq yolu ilə Xameneini hakimiyyətdən uzaqlaşdırmaq, onun yerinə Qərblə münasibətlərdə radikal mövqeyi olmayan birini gətirmək variantından da danışılır. Lakin qurudan ordu girməsə, bu məqsədə çatmağın mümkün olmadığı deyilir. Başqa ssenarilər də müzakirə olunur: ali lideri və əsas hərbi generaliteti nöqtə zərbələri ilə zərərsizləşdirmək, amma ölkəyə nəzarəti davam etdirə biləcək bəzi İran liderlərini sağ saxlamaq planı da ehtimal edilir.

Amerika diplomatik dairələrində yaxşı əlaqələri ilə tanınan “Axios” yazır ki, İranla müharibə çoxlarının düşündüyündən daha yaxındır və bu, 12 günlük müharibə kimi qısa olmayacaq. ABŞ dövlət katibi Rubionun İsrailə gözlənilən səfərində İran şübhəsiz ki, əsas, bəlkə də yeganə mövzu olacaq. İsrail budəfəki müharibədə İranın raket proqramını əsas hədəf kimi görür. Çünki 12 günlük savaşda İranın istifadə etdiyi ballistik raketlər İsrailə ciddi zərbə vurmuş, 28 israilli ölmüş, bir neçə min nəfər yaralanmış və evlər dağıdılmışdı.

Trampın ayətullah rejiminə qarşı açıq təhdidlərindən və bölgədə qüvvələrin nümayişkaranə şəkildə artırılmasından sonra Amerika prezidenti geri çəkilə bilməz. Çünki İran nə Qrenlandiya, nə də Kanadadır. Həmin iddialardan geri çəkilmək Trampa xal qazandırırdısa, İran qarşısında geri addım atmaq onun nüfuzunu zədələyə bilər. ABŞ prezidentinin yekun qərarı üçün yəqin ki, çox gözləmək lazım gəlməyəcək.

Picture background

Müharibə tərəfdarlarının gözləntilərini bir kənara qoysaq, İran ətrafında artan hərbi gərginliyin Azərbaycan üçün yarada biləcəyi risklərdən narahat olmalıyıq. Əsas risklərdən biri sərhəd təhlükəsizliyi ilə bağlıdır. Əgər doğrudan da iddia edildiyi kimi bu dəfə savaş daha uzun davam edərsə, qaçqın axını və sərhədyanı gərginlik ehtimalı artacaq, ciddi logistika problemləri yarana bilər. Digər mühüm məqam İranla iqtisadi və tranzit layihələridir. Regionda davamlı müharibə nəqliyyat dəhlizlərinin fəaliyyətinə, investisiya mühitinə və enerji ixrac marşrutlarına mənfi təsir göstərəcək. Bu isə ölkənin iqtisadi planlaşdırmasına risk yaradır. İran müharibəsi qonşuluğumuzda radikal qrupların aktivləşməsi və qeyri-sabitliyin regiona yayılması ehtimalını da artıra bilər.
Diplomatik baxımdan da vəziyyət həssasdır. Azərbaycan həm İsrail, həm də ABŞ daxil olmaqla müxtəlif tərəfdaşlarla münasibətləri balanslaşdırmağa çalışdığından, genişmiqyaslı qarşıdurma xarici siyasət manevr imkanlarını çətinləşdirə bilər. Ona görə müharibənin qarşısını almağa gücümüz yetməsə, qonşuluqda mümkün uzunmüddətli savaşa hazır olmalıyıq.

Şərhlər