Müxalifətdən “Evdə qal” kampaniyasına kimlər qoşuldu?
Tarix: 6-04-2020, 19:39
Baxılıb: 296
Google+ Paylaş
Tumblr Paylaş

Müxalifətdən “Evdə qal” kampaniyasına kimlər qoşuldu?

6-04-2020, 19:39

Tural Abbaslı: “Evdə qal" kampaniyası başlayan andan...”
Fuad Əliyev: “Biz birlik, həmrəylik nümayiş nümayiş etdiririk”
Arzuxan Əlizadə: “Azərbaycan hakimiyyətinə dəstək verməyə hazır olduğumuzu bəyan etmişik”
Koronavirusla əlaqədar Azərbaycanda yarım aydan çoxdur ki, “Evdə qal” kampaniyası aparılır. Əksər qurumlar bu kampaniyaya qoşulub, birlik nümayiş etdirir, tərəfdarlarını, üzvlərini evdən çıxmamağa çağırırlar. 
Ancaq Azərbaycan müxalifəti bu proseslərdə aktiv görünmür. Doğrudur, “Evdə qal” kampaniyasına qoşulub, siyasi partiyalar fəaliyyətlərini onlayn sistemdə aparırlar, əksəriyyət qərargahlarının qapılarını bağlayıb. Lakin ötənlərdə hökumətin siyasətini bəyənməyib, insanları sosial şəbəkələr üzərindən etiraz aksiyalarına səsləyən müxalif qüvvələr, xüsusi ilə Müsavat, AXCP rəhbərliyi, funksionerləri ehtiyac yarandığı indiki vaxtda vətəndaşları evdən çıxmamağa çağırmırlar. Demək olar ki, evdə qalın çağırışı edən müxalif siyasi qüvvə yoxdur. 
AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyətin atdığı bir çox addımlara dəstək verdiklərini bildirdi: “Deməzdim ki, pandemiya zamanında müxalifət səssiz və prosesə tövhəsiz qalıb. Hələ karantin elan olunan ilk günlərdən bir çox müxalifət partiyaları indiki məqamda iqtidarla siyasi mübarizəni ikinci plana atdıqlarını, əsas məsələnin insanların sağlamlığı olduğunu bəyan etdi. Bundan sonra hakimiyyətin atdığı bir çox addımlara birbaşa və açıq formada dəstək verdilər. Hətta, rəhbəri olduğum AĞ Partiya daxil olmaqla bir çox müxalifət partiyaları da pandemiya dönəmində bu və ya digər sahələrdə atılmalı olan addımlar mövzusunda iqtidara təklif paketləri belə verdilər. "Evdə qal" kampaniyası başlayan andan da bu prosesə açıq dəstək vermişik və təbii ki, eyni zamanda gördüyümüz və müşahidə etdiyimiz çatışmazlıqları da dilə gətirmişik. Partiyalar olaraq bütün kütləvi və digər tədbirlərimizi təxirə salmışıq. Hətta partiyanın rəhbər orqanlarının iclaslarını belə online formada distant şəkildə edirik. Baxmayaraq ki, məsələn Operativ Qərargah iclaslarını hələ də ənənəvi formada və sosial məsafə qorunmadan edir. Buradan bir məsələyə də toxunmaq istərdim. Belə ki, gücləndirilmiş karantin dönəmində insanların sərbəst hərəkətlərinə məhdudiyyətlər tətbiq olunur. Bununla belə bəzi sahədə çalışan və fəaliyyət göstərən insanlara xüsusi icazələr tətbiq olunur. Ancaq, siyasi partiyaların fəaliyyətlərinin minimum səviyyədə də olsa, davam etdirmələrini təmin etmək üçün heç bir şərait yaradılmayıb. Hazırda qərəzli olub, bunun düşünülmüş və siyasi maraq daşıyan addım olduğunu demək istəmirəm, ancaq, bu məsələnin həlli istiqamətində addımların hələ də atılmaması narahatlıq yaratmaya bilməz. Bununla bağlı bir neçə partiya olaraq aidiyyatı orqanlara müraciət də ünvanlamışıq. Güman edirəm ki, tezliklə bu məsələ də öz müsbət həllini tapar və partiyalar öz işlərini minimum səviyyədə də olsa davam etdirərlər”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev dedi ki, ALDP karantin rejiminin ilk günlərindən vətəndaşlar arasında maarifləndirmə işləri aparır: “Bununla bağlı partiyanın mətbuat xidməti youtube vasitəsilə sosialoji çarx yayımlayıb. Daha sonra “Evdə qal” kampaniyası ilə bağlı ikinci çarx hazırlandı ki, o da bu gün yayımlandı. Bu baxımdan partiya olaraq, biz birlik, həmrəylik nümayiş nümayiş etdiririk”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə hər kəs birliyə çağırdı: “Hələ martın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə əlaqədar ilk qadağalar tətbiq edilməyə başlanarkən AMİP Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına dəstək bəyanatı ilə çıxış edib. Biz Partiya olaraq həmin müraciətlə görülən bütün qabaqlayıcı tədbirləri təqdir etdiyimizi və vəziyyətin normallaşması üçün Azərbaycan hakimiyyətinə dəstək verməyə hazır olduğumuzu bəyan etmişik. Eyni zamanda mövcud şəraitdə ehtimal edilən fəsadların aradan qaldırılması və gələcəkdə yarana biləcək problemləri önləmək məqsədi ilə bir sıra qabaqlayıcı addımların atılmasını məqsədəuyğun hesab edərək, bu yöndə təkliflərimizi də vermişik. Sonrakı mərhələdə mövcud vəziyyəti diqqətdə saxlamaq və partiya üzvlərinin mütəmadi olaraq maarifləndirilməsi məqsədi ilə xüsusi bir qrup da yaratmışıq. Xüsusi qrupumuz onlayn rejimdə daimi fəaliyyət göstərir. Şübhəsiz ki, üzvlərimizə mümkün qədər evdə qalmaları ilə bağlı çağırışlar da etmişik və bu gün də edirik. Bildiyim qədər təmasda olduğum digər partiya sədrləri də üzvlərinə bu tip çağırışlar ediblər. Bununla əlaqədar müxalifətin birlikdə çağırış etməsinə gəlincə isə bunda da heç bir problem görmürəm. Sadəcə olaraq hesab edirəm ki, müxalif düşərgədə olan insanların əksəriyyəti pandemiya ilə əlaqədar görülən tədbirləri anlayışla qarşılayır və o səbəbdən də birlikdə belə çağırış edilməsinə xüsusi zərurət olmayıb. Şübhəsiz ki, belə zərurət yaranacağı təqdirdə birlikdə müraciət etməyə hazırıq. Eyni zamanda hökumət də “Evdə qal” çağırışı etdiyi insanların, xüsusilə də, əhalinin aztəminatlı hissəsinin karantin dövrü üçün zəruri ehtiyaclarının təmin edilməsi qayğısına qalmalıdır. Fürsətdən istifadə edərək bir daha hər kəsi bu çətin günlərdə dövlətimizin yanında olmağa, qəbul edilmiş qərarları anlayışla qarşılamağa, heç bir halda panikaya yol verməməyə və vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çağırıram”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ