“00447 saylı məxfi qrifli əmr: Azərbaycandan 1500 nəfər güllələnsin”
Qulaq tarixi Muzeyindən əldə etdiyimiz arxiv sənədlərindən məlum olur ki, Yejovun məlum əmri ilə ittifaq respublikalarının hər birindən limitlər, yəni repressiyaya məruz qalacaq şəxslərin sayı təsdiqlənib. Həmin şəxslər isə iki kateqoriyaya bölünüb. Birinci kateqoriyaya aid şəxslər barəsində güllənmə, ikinci kateqoriyaya aid şəxslər barəsində isə 8-10 il müddətinə islah-əmək düşərgələrinə, yəni uzaq Sibirə sürgünə göndərilmək hökmü çıxarılmalı imiş. Bu əmrin icra edilməsi üçün hətta məhkəmədən kənar xüsusi “üçlük orqanı” yaradılıb. Çünki, heç bir məhkəmə bu qədər sayda işə baxıb, hökm çıxara bilməzdi. Həmin “üçlük orqanı”na misal üçün Azərbaycan NKVD-sinin idarə rəisi, prokuroru və partiya hakimiyyətinin nümayəndəsi daxil olub.

T. Polyanskayanın sözlərinə görə, Azərbaycanda repressiya birbaşa olaraq kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun adı ilə bağlı olub: “1937-ci ilin fevral-mart plenumlarında o da iştirak edib. Həmin plenumlarda Stalin ilk dəfə müxalif düşüncəli şəxslərin məhv edilməsinin vacibliyini elan edib. Bağırov plenumdan sonra Bakıya qayıdıb və repressiyaları elan edərək bütün müxalif düşüncəliləri məhv etməyə hazır olduğunu bəyan edib. Əgər biz Azərbaycan SSR ilə bağlı repressiyaya məruz qalmalı şəxslərin limitinə baxsaq, çox unikal bir halla qarşılaşırıq. Belə ki, Azərbaycan nadir respublikalardan olub ki, “Böyük terror” zamanı respublikanın rəhbəri repressiyaya məruz qalmayıb. Ona görə ki, SSRİ-nin bir çox regionlarında “Böyük terror”u başladanların özləri artıq 1938-ci ildən başlayaraq onun qurbanı olublar. Bağırov isə bundan yayına bilib”.
“Bağırovun xahişi ilə Azərbaycan üzrə güllələnmə limiti 1500 nəfərdən 3500 nəfərə qaldırılır”
Rusiyalı tarixçi bildirib ki, Yejovun məxfi qrifli 00447 saylı əmrinə əsasən, Azərbaycana əvvəl 5250 nəfər limit ayrılıb: “Əgər biz bunu Ermənistanla müqayisə etsək, bu rəqəm haradasa 3 dəfə çox olub. Bu, onu göstərir ki, Azərbaycandan dərhal repressiya siyahısına böyük sayda insan daxil edilib. Onlardan 1500 nəfəri birinci kateqoriya üzrə, yəni güllələnməli, 3750 nəfəri isə islah-əmək düşərgələrinə sürgünə göndərilməli imiş.
Böyük terror zamanı istintaqın aparılmasının xüsusiyyətləri ondan ibarət olub ki, həmin şəxslərə qarşı fiziki güc tətbiq edilib. Məqsəd isə həmin adamın günahını sübuta yetirmək yox, sadəcə, etiraf almaq olub. Həmin şəxsdən cinayət ortağının adını çəkmək tələb olunub. Adı çəkilən şəxslər də həbs olunub. Ona görə də, məcburən limitlər artırılıb. Əmrə əsasən, Azərbaycan SSR-inin xalq daxili işlər komissarı 1500 nəfərdən artığını güllələyə bilməzmiş. Lakin aparılan istintaq zamanı, yəni, güclə etiraf etdirmədən sonra birinci kateqoriya üzrə mühakimə olunacaqların sayına 2 min nəfər əlavə olunub. Bu zaman nə baş verir? Mərkəzə, Moskvaya şifrələnmiş teleqram göndərilir. Həmin teleqramda Azərbaycan üzrə güllələnməyə məruz qalacaq şəxslərlə bağlı limitin artırılması istənilir. Mərkəz Bakının istəyini qəbul edir və faktiki olaraq Bağırovun xahişi ilə Azərbaycandan güllələnmə üzrə limit 2 min nəfər artırılaraq 3500 nəfərə çatdırılır. Baxın, həmin sənəd Kommunist Partiyasının Siyasi Bürosunun bütün üzləri, Stalin, Molotov, Kaqanoviç, Voroşilov və Mikoyan tərəfindən dərhal imzalanır”.

Qulaq tarixi muzeyində nümayiş olunan bu sənədlərin orijinalı Rusiyanın dövlət arxivlərində saxlanılır. Həmin arxivlərdə “Böyük Terrorla” bağlı sənədlər, “Stalinin xüsusi qovluğu”, “Yejovun xüsusi qovluğu” mövcuddur. Bu materialları öyrənən zaman repressiyanın miqyası, onun qəddarlığı və kütləviliyini anlamaq mümkündür.
T. Polyanskaya bildirib ki, tarixçilərin hesablamalarına görə “Böyük terror” illərində tək Azərbaycandan 25 mindən çox insan repressiyaya məruz qalıb. Bura həm Yejovun 00447 saylı əmr ilə, həm də “milli əməliyyat” zamanı repressiyaya məruz qalmış şəxslər daxildirlər.
O qeyd edib ki, təkcə elə “Kommunarka”da azərbaycanlılar daxil olmaqla 60-dan çox xalqın nümayəndəsinin güllələndikdən sonra dəfn olunduğu məlumdur: “Bu gün Azərbaycandan repressiya olunanlarla bağlı arxivlərdə yeddi siyahı mövcuddur. Onlardan biri Bakı ilə, altısı isə ümumilikdə Azərbaycanla bağlı siyahıdır. Həmin siyahıda olanların 16 nəfəri məhz “Kommunarka”da dəfn olunub”, deyə Qulaq tarixi muzeyinin baş elmi əməkdaşı bildirib.
“Kommunarka”da dəfn olunan azərbaycanlılar
Kommunarkada dəfn olunan azərbaycanlılar arasında məşhur Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid Xan Naxçıvanski, Azərbaycan Xalq Cümhuriyyətinin donanmasının komandanı olmuş Çingiz İldırım, Azərbaycanın xarici ticarət xalq komissarı Teymur Əliyev, Azərbaycanın Mərkəzi İcraiyyə Komitəsinin sədri olmuş Sultanməcid Əfəndiyev, Azərbaycan SSR-in xalq maarif komissarı olmuş Ruhulla Axundov və Özbəkistanda yüksək dövlət vəzifəsi tutmuş Əliheydər Şirvani Mustafabəyovun adlarını çəkmək olar.

SSRİ-nin dağılmasına qədər “Kommunarka” dövlət təhlükəsizlik orqanlarının mühafizə etdiyi xüsusi təyinatlı gizli obyekt olaraq qalıb. Burada kütləvi məzarlıqların mövcudluğu yalnız 1991-ci ildə, yəni, Sovetlər İttifaqı dağılandan sonra məlum olub. 1999-cu ilin yazında güllələnmə poliqonunun ərazisi Rusiya Federal Təhlükəsizlik Xİdmətindən alınaraq Rus Pravoslav Kilsəsinin yurisiksiyasına verilib. 2007-ci ildə isə burada Rusiyanın Müqəddəs yeni şahidləri və etirafçıları adlı kilsə məbədi inşa olunub.
Məbədin rəhbəri İeromonax Yermogen Semin “Kommunarka”da Azərbaycandan olan görkəmli şəxslərin dəfn olunması barədə danışarkən general Cəmşid Xan Naxçıvanskini xüsusi vurğulayıb: “O, diviziya komandiri olub, müharibələrdə iştirak edib, lakin taleyin iradəsi ilə repressiyaya məruz qalıb. Bir neçə il bundan qabaq Azərbaycandan bura nümayəndələr gəlmişdi. Onun xatirəsi burada yad olundu. Bu bizim üçün çox önəmlidir”, deyə din xadimi qeyd edib.
2012-2018-ci illərdə Qulaq Tarixi Muzeyi arxeoloqlarla birlikdə “Kommunarka”da tədqiqatlara başlayıb. Aparılan tədqiqatlar nəticəsində əvvəllər məlum olmayan və əhəmiyyətli sahədə böyük dəfn sahəsi müəyyən edilib. Daxil olan materiallar əsasında 130 dəfn yerinin müfəssəl xəritəsi tərtib edilib və nekropolun ümumi sahəsi 1943 kv.m müəyyən edilib. 2021-ci ildə Yaddaş Fondu “Kommunarka”-da 6609 şəxsiyyətin məlumat bazasını, tədqiqat nəticələrini və xüsusi obyektin tarixinə dair sənədlərin və materialların surətlərini ehtiva edən məlumat mərkəzi açıb.
“NKVD” zabitlərinin planına görə, “Kommunarka”da dəfn edilmiş insanların xatirəsi silinməli, dəfn olunduğu yer isə əbədi olaraq naməlum qalmalı imiş. Lakin son edamlardan cəmi yarım əsr sonra, 1991-ci ildə bu dəfnlərin mövcudluğu məlum olur. Bu gün isə burada yatanların adlarını belə çəkmək mümkündür. Onların adları “Kommunarka” yaradılan xatirə lövhəsinə həkk olunub.
Şərhlər