20 Yanvar müstəqilliyimizə aparan müqəddəs yolun başlanğıcıdır !
Tarix: 15-01-2022, 12:38
Baxılıb: 1 424
Google+ Paylaş
Tumblr Paylaş

20 Yanvar müstəqilliyimizə aparan müqəddəs yolun başlanğıcıdır !

15-01-2022, 12:38

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 
20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.
Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində- Moskvada...
20 Yanvar faciəsi bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə hərtərəfli əhatə etdi. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davam etdirilir. 
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir. Bu il xalqımız 20 Yanvar hadisələrinin 32-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. 
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.
Beləliklə, 20 Yanvar faciəsi təkcə əliyalın və silahsız xalqın qəddarcasına, amansız soyqırımına məruz qalması kimi qiymətləndirilməklə yanaşı, həm də Sovet rejiminin əsl mahiyyətinin göstəricisi kimi də dəyərləndirilməlidir. Bu gün hər bir vətəndaşımız milli azadlıq tariximizdə müstəsna xidməti olan cənnətməkan 20 Yanvar şəhidlərimizin qəhrəmanlığını son dərəcə yüksək qiymətləndirməklə yanaşı, eyni zamanda gələcək nəsillərimizin milli ruhda, milli təfəkkürdə formalaşması baxımından üzərimizə ciddi məsuliyyət qoyur. Şübhəsiz ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfər bu millətin nə qədər böyük bir əzəmətli və möhtəşəm bir toplum olduğunu bütün dünyaya əyani nümayiş etdirdi.
  Bu gün dəyişən dünyamızda baş verən sürətli proseslərə adekvat cavab vermək baxımından heç şübhəsiz ki, mövcud şərtlərin və çağırışların mahiyyətini düzgün və əsaslı dərk etməklə, hər birimiz tarixin dərslərindən ciddi nəticə çıxarmalı və gələcək nəsillərin milli ruhda tərbiyyə olunmasında səylərimizi birləşdirməliyik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar, müzəffər xalqımıza isə hər zaman şanlı qələbələr diləyirik !

Natiq Cavadov – Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin direktoru,
Xaləddin Tağıyev – kollecin müəllimi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ