Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » “Kupça” niyə verilmir? - Əkrəm Həsənov səbəbləri açıqladı: korrupsiya, qapalı reyestr və gizli maraqlar
“Kupça” niyə verilmir? - Əkrəm Həsənov səbəbləri açıqladı: korrupsiya, qapalı reyestr və gizli maraqlar

Mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışın (“kupça”nın) verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat təşkil edir.

Çıxarışın hazırlanma müddətindən asılı olaraq əlavə xidmət haqları tətbiq olunur. Belə ki, sənəd 10 iş gününə təqdim edildikdə 36 manat, 7 iş gününə 54 manat, 3 iş gününə 72 manat, 1 iş gününə hazırlandıqda isə 108 manat ödəniş tələb edilir. Mənzilə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.

Reallıq tamam başqadır!

Azərbaycanda minlərlə vətəndaşın illərdir gözlədiyi “kupça” probleminin kökü Qarabağ problemindən daha dərindir. Paytaxt Bakıda və regionlarda on minlərlə ev, yaşayış binası, obyekt və hətta iri ticarət mərkəzləri var ki, faktiki istifadə olunsa da, rəsmi çıxarış – mülkiyyət hüququnu təsdiqləyən sənəd yoxdur. Bu vəziyyət vətəndaşların mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla yanaşı, iqtisadi dövriyyəyə də ciddi zərbə vurur.

Tanınmış hüquqşünas, vəkil Əkrəm Həsənov Musavat.com-a açıqlamasında problemin əsas səbəbinin texniki və ya hüquqi boşluqlar deyil, sistemli maraqlar və korrupsiya amili olduğunu bildirib.

“Əsas problem korrupsiya maraqlarıdır”

Vəkilin sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrinin qapalı saxlanılması təsadüfi deyil: “Daşınmaz əmlakın dövlət reyestri açıq olsa, çox ciddi məsələlər üzə çıxacaq. Hamı görəcək ki, hansı torpaq, hansı obyekt real olaraq var, sənəd üzərində isə yoxdur. Bu isə bəzi məmurlar üçün sərfəli deyil. Çünki bu sahə qeyri-rəsmi qazanc mənbəyinə çevrilib”.

Onun fikrincə, bu gün praktikada çıxarış almağın rəsmi proseduru olsa da, bir çox hallarda qeyri-rəsmi yollar daha effektiv sayılır: “Vətəndaşa bəzən elə Əmlak Komitəsindən deyirlər ki, get məhkəməyə müraciət et. Sonra məhkəmə qərarı çıxarır və həmin qərar əsasında çıxarış verilir. Nəticədə eyni vəziyyətdə olan Azərbaycan Respublikasının bir vətəndaşına çıxarış verilir, digərinə isə verilmir. Bu isə hüquqi bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır”.

Qapalı reyestr: kim nə qədər əmlaka sahibdir – bilinmir

Əkrəm Həsənovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə daşınmaz əmlak reyestri açıqdır və hər bir vətəndaş istənilən torpaq sahəsinin və ya binanın hüquqi statusunu yoxlaya bilər. Azərbaycanda isə bu məlumatlar ictimaiyyət üçün əlçatan deyil. Bu vəziyyət iki ciddi nəticə yaradır: “Qanunsuz tikililərin illərlə qeyri-müəyyən statusda saxlanılması, bəzi əmlakların gizli şəkildə rəsmiləşdirilməsi”.

Vəkil qeyd edir ki, reyestr açıq olsa, vətəndaş dərhal görə bilər ki, qonşuluqdakı oxşar evə çıxarış verilib, amma onun evinə verilməyib. Bu isə şəffaflıq tələbini gücləndirəcək. Vətəndaş gedib evinə “kupça” verilməsini tələb edəcək. Bu gün Azərbaycanda minlərlə obyekt faktiki mövcuddur, amma hüquqi qeydiyyatda yoxdur! Paytaxtın mərkəzində yerləşən kommersiya obyektləri, mehmanxanalar və iri tikililər arasında da çıxarışı olmayanlar var. Şəhərdə hər gün yanından keçdiyimiz, fəaliyyət göstərən, gəlir gətirən obyektlər var ki, dövlət reyestrində yoxdur və ya hüquqi statusu qeyri-müəyyəndir. Bu isə dövlətin vergi gəlirlərinə də mənfi təsir edir. Çünki qeydiyyatda olmayan əmlak tam şəkildə vergiyə cəlb olunmur və iqtisadi dövriyyədə hüquqi təminat vasitəsi kimi istifadə edilə bilmir. Vətəndaşlar əmlaklarını girov qoyub banklardan kredit ala bilmirlər, nəticə etibarı ilə Azərbaycanda iqtisadi dövriyyə böyümür, inkişaf etmir”.

Tarixi sənədi olan evlər belə çıxarış ala bilmir

Vəkil konkret misallar da çəkir. Onun sözlərinə görə, Bakının qəsəbələrində və digər ərazilərdə hələ çar Rusiyası və Sovet dövründən qalan evlərin sənədləri mövcuddur. Buna baxmayaraq, həmin evlərin bir hissəsi bu gün də çıxarış ala bilməyib. Bu isə mülkiyyət hüququnun davamlılığı prinsipinə zidd sayılır.

Əmlak amnistiyası və açıq reyestr süni problemin həll yoludur

Əkrəm Həsənov hesab edir ki, problemin köklü həlli üçün iki əsas addım atılmalıdır: “Birinci addım əmlak amnistiyasının verilməsidir. Bu, mövcud tikililərin böyük hissəsinin hüquqi qeydiyyata alınmasını və vətəndaşlara çıxarış verilməsini təmin edə bilər. Bunun üçün müəyyən keçid müddəti müəyyən oluna bilər. Məsələn, 2-3 il müəyyən edilə bilər. İkinci addım isə daşınmaz əmlak reyestrinin açıq elan edilməsidir. Bütün torpaq və tikililər vahid elektron xəritədə göstərilməli və ictimaiyyət üçün əlçatan olmalıdır. Vəkilin sözlərinə görə, bu addımlar həm korrupsiya risklərini azaldacaq, həm də dövlət büdcəsinə əlavə vergi daxilolmaları yaradacaq.

“İqtisadi inkişaf mülkiyyət hüququndan başlayır”

Əkrəm Həsənov vurğulayır ki, mülkiyyət hüququnun rəsmi qeydiyyatı iqtisadi inkişafın əsas şərtlərindən biridir. Çünki yalnız hüquqi qeydiyyatda olan əmlak girov qoyula, kredit təminatı kimi istifadə edilə və investisiya obyektinə çevrilə bilər. Əks halda, minlərlə ev və obyekt faktiki mövcud olsa da, iqtisadi baxımdan “ölü kapital” olaraq qalır. Yəni Azərbaycanda “kupça” problemi təkcə sənəd məsələsi deyil. Bu, həm hüquqi dövlət prinsipinin, həm iqtisadi inkişafın, həm də vətəndaşların mülkiyyət hüquqlarının birbaşa göstəricisi hesab olunur. Şəffaf reyestr və geniş əmlak amnistiyası olmadan bu problemin tam həlli mümkün görünmür.

Şərhlər