Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » İki həftə qaldı - Salonlar, bərbərlər və kafelər...
İki həftə qaldı - Salonlar, bərbərlər və kafelər...

Deputat deyir ki, bu obyektlərin xərclərində hər hansı yeni artım baş verməyəcək, sadəcə...

Məlumdur ki, “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. Bu, Milli Məclisin müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Bu qərar qeyd edilən sahələrdə xidmətlərin qiymətinə təsir göstərə bilər. İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, mikro və kiçik sahibkarlar əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmamalıdır. Onun sözlərinə görə, əks halda bu, mikro və kiçik sahibkarların vergi yükünün ağırlaşmasına gətirib çıxara bilər.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə “Bakı-Xəbər”ə deyib ki, istənilən sahədə vergi və rüsumların artırılması qiymət artımına səbəb olur: “Bütün vergi artımları biznesə yükdürsə, onlar da qiyməti artırmaq məcburiyyətində olacaq, başqa çıxış yolları yoxdur. Qiymət artımı üstəgəl inflyasiya sahibkarlıqla məşğul olanları çətin vəziyyətə salacaq. Nəzərə almaq lazımdır ki, iş adamları, kiçik sahibkarlar da istehlakçıdır. Ərzağın satış qiymətinin artması və vergilərin artması istər-istəməz qiymət artımına səbəb olacaq. Bərbərxana, gözəllik salonu işlədən şəxslər xidmətlərdə qiymət artımına gedəcək”.

Bəs çıxış yolu nədir, qiymət artımı qaçılmazdırmı?

Vüqar Bayramov

İqtisadçı deputat Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “ƏDV geri al” mexanizmi yalnız əlavə dəyər vergisi ödəyicisi olan obyektlərə şamil edilir: "ƏDV geri al mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərdə yalnız ƏDV ödəyicisi olan qurumlar üçün tətbiq edilə bilər." Əgər hər hansı salon və ya mərkəz əlavə dəyər vergisi ödəyicisi deyilsə, yəni sadələşdirilmiş vergi ödəyicisidirsə, bu halda həmin obyektdə ‘ƏDV geri al’ mexanizmi tətbiq olunmayacaq. Çünki bu mexanizm yalnız ƏDV ödəyicisi olan ticarət və xidmət obyektlərinə aiddir.

Praktiki olaraq ƏDV ilə işləməyən, sadələşdirilmiş vergi ödəyicisi olan salon və mərkəzlərin xərclərində heç bir artım baş verməyəcək. Onlar üçün ‘ƏDV geri al’ mexanizminə qoşulmaq məcburi deyil.

ƏDV ödəyicisi olan salonlar və mərkəzlər isə bu mexanizmlə işləməyə davam edəcəklər. Bu o deməkdir ki, onların ödədikləri əlavə dəyər vergisinin bir hissəsi istehlakçılara geri qaytarılacaq. Qeyd edim ki, bu mərkəzlər əvvəlki dövrlərdə də ƏDV ödəyicisi olublar və ödədikləri ƏDV-nin müəyyən hissəsi geri qaytarılıb. Bu baxımdan onların xərclərində hər hansı yeni artım baş vermir. Burada söhbət yeni ƏDV ödənişindən yox, mövcud ƏDV-nin geri qaytarılması mexanizmindən gedir".

Məlumat üçün bildirək ki, dünya praktikasında əlavə dəyər vergisinin (ƏDV, VAT) tətbiqi və geri qaytarılması mexanizmi əsasən mallar üzərində qurulub və xidmət sahəsini çox vaxt əhatə etmir. Əksər ölkələrdə ƏDV istehlak vergisi kimi qiymətə daxil edilir və istehlakçı onu birbaşa ödəyir. Verginin geri qaytarılması isə ya bizneslər üçün xərclərin kompensasiyası, ya da turistlər üçün stimullaşdırıcı mexanizm kimi tətbiq olunur.

Avropa İttifaqı ölkələrində geniş yayılmış VAT refund sistemi əsasən xarici turistlərə şamil edilir və yalnız mallara aiddir. Turist aldığı məhsulu ölkədən çıxardığını sübut etdikdən sonra ödədiyi verginin bir hissəsini geri ala bilir. Xidmətlər - otel, restoran, bərbərxana, gözəllik salonu və oxşar sahələr - bu sistemdən demək olar ki, kənarda qalır. Yəni Avropada saç kəsimi, kosmetoloji xidmət və ya kafedə yemək üçün ödənilən VAT geri qaytarılmır.

Bir sıra ölkələrdə xidmət sektorunda vergi yükü fərqli üsullarla tənzimlənir. Məsələn, bəzi Avropa ölkələrində ictimai iaşə və turizm sahəsi üçün ƏDV dərəcəsi aşağı salınır. Bu zaman vergi geri qaytarılmır, amma aşağı faiz hesabına qiymət artımının qarşısı qismən alınır. Bu, xüsusilə pandemiya dövründə restoran və kafelərin dəstəklənməsi üçün geniş tətbiq olunmuşdu.

Asiya ölkələrində də oxşar yanaşma var. Cənubi Koreyada müəyyən dövrlərdə xarici turistlər üçün kosmetoloji və estetik xidmətlərə görə verginin geri qaytarılması ilə bağlı pilot proqramlar tətbiq edilib. Lakin bu proqramlar daimi xarakter daşımayıb və əsasən turizmin stimullaşdırılmasına yönəlib. Əksər hallarda yerli istehlakçılar üçün xidmətlərdə VAT refund mexanizmi mövcud deyil.

Yaxın regionda, məsələn, Özbəkistanda dövlət müəyyən sahələri stimullaşdırmaq məqsədilə bizneslərə vergi güzəştləri tətbiq edir. Burada mexanizm istehlakçıya birbaşa “geri al” formasında yox, sahibkarın ödədiyi ƏDV-nin bir hissəsinin kompensasiyası və ya vergi yükünün azaldılması kimi işləyir. Məqsəd qiymət artımının qarşısını almaq və kölgə iqtisadiyyatını azaltmaqdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti