
Ermənistanda revanşist dairələrin nümayəndələri ölkənin gələcəyi ilə bağlı yeni bədbin proqnozlar səsləndiriblər. Bu dəfə revanşist politoloq Artur Xaçikyan SOS siqnalı verib.
Onun fikrincə, İsrailin qondarma "erməni soyqırımı"nı tanıması Ermənistanın maraqları ilə yox, Təl-Əviv və Ankara arasında münasibətlərin kəskinləşməsi ilə bağlıdır və ermənilər bu qərarı öz diplomatik uğurları kimi qiymətləndirməməlidirlər.
Xaçikyana görə, Yaxın Şərq və Cənubi Qafqazda maraqları toqquşan böyük dövlətlər gələcəkdə Ermənistanın taleyini onun iştirakı olmadan həll edə bilər. O iddia edib ki, növbəti geosiyasi qarşıdurmanın əsas mərkəzlərindən biri Mehri olacaq. Erməni politoloqun fikrincə, burada bir tərəfdən Türkiyə, Azərbaycan, İsrail və ABŞ, digər tərəfdən isə Rusiya və İranın maraqları toqquşacaq. Xaçikyan hesab edir ki, Ermənistana Mehri dəhlizinin açılması ilə bağlı təzyiqlər daha da güclənəcək. O bildirib ki, bu layihə müxtəlif dövlətlər tərəfindən İranı şimaldan təcrid etmək, Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsini təmin etmək və Rusiyanın cənub kommunikasiyalarını zəiflətmək məqsədi daşıyır.
Xaçikyanın qənaətincə, böyük dövlətlər razılığa gəlsə, Ermənistan yenidən kənarda qalacaq və ona yalnız qəbul edilmiş qərarlar barədə məlumat veriləcək. O, razılıq əldə olunmasa, məsələnin güc yolu ilə həllinin də mümkün olduğunu irəli sürüb. Xaçikyan, həmçinin Türkiyə ilə İsrail arasında Cənubi Qafqazın təsir dairələrinin bölüşdürülməsi barədə razılaşmanın mümkünlüyünü də istisna etməyib. Məqalənin sonunda isə istehzalı şəkildə Ermənistanı Şükran Günü süfrəsində hissələrə bölünən hinduşkaya bənzədərək onun taleyinin yenə də kənar güclər tərəfindən müəyyən ediləcəyini söyləyib.
Xaçikyanın ehtimalları nə dərəcədə əsaslı sayılmalıdır? Ermənistan üçün əsas varlıq qarantı hansı dövlətlər ola bilər?
yusif_bagirzade-22_(1).jpg (59 KB)
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Artur Xaçikyanın səsləndirdiyi fikirlər daha çox Ermənistan daxilində mövcud olan təhlükəsizlik narahatlıqlarının və revanşist siyasi dairələrin baxışlarının ifadəsidir: “Onun irəli sürdüyü ssenarilər müəyyən geosiyasi reallıqlara söykənsə də, bir sıra hissələri fərziyyə xarakteri daşıyır və onları qaçılmaz proses kimi təqdim etmək doğru olmaz.
Mehri istiqamətinin strateji əhəmiyyəti həqiqətən də böyükdür. Bu ərazi həm Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması, həm İranın şimal sərhədlərinin təhlükəsizliyi, həm də regional nəqliyyat marşrutları baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də ABŞ, Rusiya, Türkiyə, İran və digər aktorların bu bölgəyə xüsusi diqqət yetirməsi təbiidir. Lakin bu, Ermənistanın ərazi bütövlüyünün bölüşdürülməsi və ya taleyinin böyük güclər tərəfindən gizli razılaşmalarla həll ediləcəyi anlamına gəlmir.
Xaçikyanın "Mehri dəhlizi" ilə bağlı iddiaları da daha çox siyasi qiymətləndirmədir”.
Ermənistanın təhlükəsizlik təminatına gəlincə, politoloqun sözlərinə görə, son illərin təcrübəsi göstərdi ki, tək bir gücə arxalanmaq İrəvan üçün etibarlı model deyil: “Uzun illər Ermənistan əsas təhlükəsizlik qarantı kimi Rusiyaya güvənirdi. Lakin son dövrdə iki ölkə arasında münasibətlər ciddi şəkildə zəifləyib və bu, Ermənistan cəmiyyətində də Rusiyanın imkanları barədə suallar yaradıb.
Digər tərəfdən, ABŞ və Avropa İttifaqı Ermənistana siyasi və iqtisadi dəstəyini artırsa da, onlar Rusiyanın vaxtilə üzərinə götürdüyü hərbi təhlükəsizlik öhdəliklərini tam əvəz etmirlər. İran isə Ermənistanın sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu dəfələrlə bəyan edib və xüsusilə Mehri istiqamətində status-kvonun qorunmasını öz milli təhlükəsizlik marağı hesab edir. Bununla belə, Tehran da Ermənistanın formal təhlükəsizlik qarantı deyil.
Bu baxımdan Ermənistan üçün ən real "varlıq qarantı" xarici güclərdən daha çox balanslaşdırılmış xarici siyasət, qonşularla münasibətlərin normallaşdırılması və regional kommunikasiyaların qarşılıqlı fayda prinsipi əsasında açılması ola bilər. Azərbaycan və Türkiyə ilə uzunmüddətli sülhün əldə olunması Ermənistanın təhlükəsizliyini istənilən xarici hərbi təminatdan daha davamlı şəkildə möhkəmləndirə bilər”.
Etibar Seyidağa
Musavat.com






Şərhlər