Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » İqbal Ağazadənin Telegram hesabı ələ keçirildi: adından pul istədilər, Ləman Ələşrəfqızı 600 manat göndərdi
İqbal Ağazadənin Telegram hesabı ələ keçirildi: adından pul istədilər, Ləman Ələşrəfqızı 600 manat göndərdi

İqbal Ağazadənin Telegram hesabı kiberdələduzlar tərəfindən ələ keçirilib.

Reportyor.tv xəbər verir ki, hesabın ələ keçirilməsindən sonra dələduzlar siyasətçinin adından onun əlaqə siyahısında olan şəxslərə mesajlar göndərərək müxtəlif məbləğlərdə pul istəyirlər. Məlumata görə, bəzi şəxslər bu tələyə düşüblər.

Zərərçəkənlərdən biri də Ləman Ələşrəfqızı olub. O, baş verən hadisə ilə bağlı sosial media hesabında paylaşım edərək dələduzluğun necə həyata keçirildiyini ətraflı izah edib.

Ləman Ələşrəfqızının sözlərinə görə, ona Telegram vasitəsilə İqbal Ağazadənin adından mesaj yazılıb. Mesajda guya siyasətçinin xəstəxanada olduğu, bank kartında vəsait olmadığı və təcili olaraq 300 manat borca ehtiyacı olduğu bildirilib. Mesajda pulun 2-3 saat ərzində geri qaytarılacağı da qeyd olunub.

Jurnalist yaxın münasibətlərinə güvənərək heç bir əlavə dəqiqləşdirmə aparmadan əvvəlcə 300 manat göndərib. Daha sonra həmin hesabdan əlavə 420 manat istənilib. Ləman Ələşrəfqızı kartında yalnız 300 manat qaldığını bildirərək həmin məbləği də köçürüb. Beləliklə, ümumilikdə 600 manat dələduzların hesabına göndərilib.

Bundan sonra qarşı tərəf Telegram üzərindən qısa zəng edərək daha 340 manat göndərilməsini istəyib. Məhz bu məqam jurnalistdə şübhə yaradıb. O, əvvəlcə Telegram vasitəsilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib. Daha sonra İqbal Ağazadənin adi telefon nömrəsinə zəng edərək öyrənib ki, siyasətçinin Telegram hesabı hakerlər tərəfindən ələ keçirilib və o, bu barədə artıq sosial şəbəkədə xəbərdarlıq edib.

Ləman Ələşrəfqızı paylaşımında baş verənlərə görə özünü də tənqid edib. O bildirib ki, uzun illərdir Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla bağlı xəbərdarlıqlarını ictimaiyyətə çatdırsa da, sonda özü belə bir dələduzluğun qurbanına çevrilib.

Onun sözlərinə görə, dələduzun “xəstəxanadayam, kartımda pul yoxdur” ifadələri onda inam yaradıb. Bundan əlavə, qarşı tərəfin İqbal Ağazadənin yazı üslubunu və danışıq tərzini kifayət qədər peşəkar şəkildə təqlid etməsi də onu çaşdırıb.

Jurnalist qeyd edib ki, hadisəni başa düşdüyünü hiss edən dələduz dərhal Telegram hesabını silib. O, göndərdiyi 600 manatın qəbzlərinin isə uzun müddət yaddaşından silinməyəcəyini bildirib.

Ləman Ələşrəfqızı paylaşımının sonunda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elşad Hacıyevə müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş edib.

Qeyd edək ki, son dövrlər Telegram, WhatsApp və digər messencer platformalarında tanınmış şəxslərin hesablarının ələ keçirilməsi, onların adından yaxınlarına və dostlarına pul istənilməsi halları artmaqdadır. Mütəxəssislər və hüquq-mühafizə orqanları vətəndaşlara belə hallarda pul köçürməzdən əvvəl həmin şəxslə telefon vasitəsilə birbaşa əlaqə saxlamağı və məlumatın doğruluğunu dəqiqləşdirməyi tövsiyə edirlər.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti