
Türkiyə Bosfor və Dardanel boğazlarından keçən beynəlxalq gəmilər üçün tranzit haqlarını növbəti dəfə artırıb. Yeni qərara əsasən, bu gündən etibarən boğazlardan keçən gəmilər üçün tətbiq olunan rüsum təxminən 15 faiz artırılaraq hər xalis ton üçün 5,83 dollardan 6,70 dollara qaldırılıb.
Bu tarif 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq. Təkcə ötən il Bosfor və Dardanel boğazlarından 40 mindən çox gəmi keçib və Türkiyə tranzit haqları hesabına 223 milyon dollar gəlir əldə edib.
Bosfor və Dardanel boğazları Avropa ilə Asiyanı birləşdirən, qlobal dəniz ticarətinin ən strateji marşrutlarından biri hesab olunur. Bu boğazlardan neft, taxıl, metal, konteyner yükləri və digər məhsullar daşındığından, tranzit rüsumlarında edilən hər dəyişiklik beynəlxalq yükdaşımaların maya dəyərinə təsir göstərir. Bu baxımdan Türkiyənin son qərarı da təkcə gəmiçilik sektorunu deyil, region ölkələrinin ticarət əlaqələrini və logistika xərclərini yenidən gündəmə gətirib.
Bəs tranzit haqlarının artırılması Azərbaycanın idxal və ixrac əməliyyatlarına necə təsir göstərə bilər? Bu qərar yükdaşıma və logistika xərclərini artıracaqmı? Azərbaycandan xarici bazarlara göndərilən məhsulların rəqabət qabiliyyətinə təsir olacaqmı? Türkiyənin bu addımı Orta Dəhliz və regionun tranzit imkanları baxımından hansı yeni reallıqları formalaşdıra bilər?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Türkiyə son dörd il ərzində bu addımı bir neçə dəfə atıb. Düzdür, əvvəllər – 1983-cü ildən 2022-ci ilə qədər tranzit haqqı dəyişmədən qalıb. Həmin vaxt tarif xalis ton çəkisi əsas götürülməklə, 1 ton üçün 80 sent (yəni 0.8 dollar) səviyyəsində müəyyən olunmuşdu. Lakin 2022-ci ildən sonra Türkiyə bu tarifləri dəfələrlə artırdı. Nəticədə dörd il ərzində bu göstərici 8 dəfəyə qədər yüksəldi. Hesab etmirəm ki, Türkiyə buna yalnız iqtisadi mənfəət prizmasından yanaşır. Şübhəsiz ki, bu addım həm maddi qazanc gətirir, eyni zamanda, Türkiyənin strateji mövqeyini gücləndirməyə xidmət edir.
Konkret olaraq boğazlar məsələsində Bosforu xüsusi vurğulamaq istəyirəm. Bosfor intensiv istifadə dərəcəsinə görə beynəlxalq boğazlar arasında ən əhəmiyyətlilərindən biridir. Belə ki, buradan orta hesabla bir gündə 100-dən artıq, bəzi hallarda isə hətta 120-dən çox gəmi keçir. Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan və digər region ölkələrinin həm təchizatında, həm də ixracatında boğazlar böyük rol oynayır. Bu mənada həm Dardanel, həm də Bosfor boğazları strateji cəhətdən olduqca əhəmiyyətli su yollarıdır. Buradan müxtəlif istiqamətlərə daşınan malların növlərindən asılı olaraq, ticarətə olan təsirlər də fərqli şəkildə özünü göstərir. Azərbaycan kontekstində də bu tip təsirlər birmənalı deyil və birbaşa məhsulun növünə yönəlik xarakter daşıyır.
Ümumi tendensiyaya nəzər salsaq, dəyəri yüksək olan məhsulların qiymətində logistika və ya rüsum xərclərindən qaynaqlanan artım faizi daha az hiss olunur. Lakin həcm baxımından böyük tutuma malik olan, yəni ucuz və kütləvi yüklərdə qiymət artımları daha çox gözləniləndir. Bu vəziyyət təkcə Azərbaycan kontekstinə deyil, qlobal ticarətə də aiddir.
Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsi isə davamlı artım dinamikasına malikdir. Bu boğazlar vasitəsilə ölkəmizin istehlak etdiyi mallar arasında həcm baxımından böyük dəyər daşımayan məhsullarda müəyyən qiymət dəyişiklikləri qaçılmaz ola bilər. Lakin bir gəmi ilə daşınan və qiymət ifadəsində yüksək dəyərə malik məhsullarda rüsumla bağlı yaranan artımlar hər bir kiçik element üzrə son qiymətə ciddi şəkildə təsir göstərmir”.
İqtisadçı bu təsirin Azərbaycana deyil, Qara dəniz limanlarından daha intensiv istifadə edən məhsullara daha çox təsir edəcəyini düşünür: “Düzdür, Azərbaycanın da, məsələn, SOCAR-ın neft-kimya məhsulları, metallurgiya və digər qeyri-neft ixracı var ki, bunlar dəniz limanları vasitəsilə daşınır. Onlarda da, təbii ki, müəyyən logistik xərclərin artması hesabına qiymətlərdə bir qədər artım mümkündür. Böyük ölçüdə Azərbaycan bazarında hər hansı ciddi qiymət artımına, inflyasiyaya, təchizat zəncirində və ya ixracatda problemlərə səbəb olacağını düşünmək düzgün olmazdı.
Türkiyənin bu boğazlardan əldə etdiyi gəlir ölkə iqtisadiyyatının ümumi həcmi ilə müqayisədə, sadəcə, dəryada bir damladır. Doğrudur, burda müəyyən maliyyə dividendləri mövcuddur, lakin Türkiyənin beynəlxalq ticarətdəki ümumi strateji əhəmiyyətini artıran faktor iqtisadi qazancdan daha güclü və önəmlidir".
Musavat.com






Şərhlər