Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Müharibənin gedişatı dəyişir - Kiyevə bu silahlar da veriləcək?
Müharibənin gedişatı dəyişir - Kiyevə bu silahlar da veriləcək?

Ukraynada savaş cəbhə xəttindəki toqquşmalarla məhdudlaşmır, proses strateji dərinlik mərhələsinə keçir

“Ukrayna üçün uzaqmənzilli silahlar müharibənin gedişatını dəyişdirə və Avropanın təhlükəsizliyini gücləndirə bilər”. Belə bir açıqlamanı ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko verib. “Avropa üçün ideal vəziyyət bizə uzaqmənzilli silahlar vermələri və Rusiyanın hərbi sənayesinin əhəmiyyətli bir hissəsini məhv etməyimiz olardı.

Avropa Rusiyanın mümkün işğalına hazırlaşmaq üçün xeyli vaxt qazanardı. Avropalılar hələlik bunu bir fürsət kimi görmürlər”, - deyə o bildirib (Axar.az). Ekspertin fikrincə, Ukrayna kifayət qədər müasir raketlə Rusiyanın hərbi-sənaye kompleksinin əhəmiyyətli bir hissəsini sıradan çıxara bilər: “Daha sonra ruslar sıfırdan başlamağa, Çin təchizatı və komponentlərinə əsaslanan texnoloji proseslər qurmağa məcbur olacaqlar”. O, həmçinin qeyd edib ki, raketlərin və “Şahid” PUA-larının istehsal olunduğu yerlər hava hücumundan müdafiə sistemləri tərəfindən ciddi şəkildə qorunur: “Əlbəttə ki, biz ora zərbə endirməyə çalışırıq, amma təəssüf ki, ora nüfuz etmək çətindir”. Bu silahlar Kiyevə veriləcəkmi və həqiqətən də onlar müharibənin gedişatı dəyişə bilərmi? Bu arada Belarus Prezidenti Aleksandr Lukaşenko iddia deyib ki, Ukrayna Rusiyanı məğlub edə biləcəyinə inanırsa və müharibəni davam etdirməyə hazırdırsa, qoy döyüşsün. “Döyüşlər indiki kimi davam edərsə, Ukrayna xəritədən silinəcək”, - Lukaşenko əlavə edib.

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, son açıqlamalar göstərir ki, Ukrayna müharibəsi artıq yalnız cəbhə xəttindəki toqquşmalarla məhdudlaşmır, proses strateji dərinlik mərhələsinə keçir: “Valeri Romanenkonun vurğuladığı uzaqmənzilli silahlar məsələsi əslində Kiyevin deyil, Qərbin hansı nöqtəyə qədər getməyə hazır olması sualını gündəmə gətirir. Bu gün Ukraynanın əsas problemi canlı qüvvə yox, vasitə problemidir. Cəbhədə döyüşən bölmələr hələ də müqavimət göstərir, lakin Rusiyanın hərbi-sənaye kompleksi, raket istehsalı, PUA zavodları və logistik mərkəzləri arxa cəbhədə toxunulmaz qaldıqca Moskva müharibəni uzada bilir. Romanenkonun dediyi kimi, əgər Ukraynaya real mənada 500-1000 km mənzilli raketlər verilsəydi, bu artıq taktiki deyil, strateji oyunun dəyişməsi demək olardı”.

Hərbi ekspert bildirib ki, burada bir məqam da nəzərə alınmalıdır: “Qərb, xüsusilə Avropa, hələ də Ukraynanı öz yerinə vuruşan tərəfdaş kimi görür, amma Rusiyanın tam hərbi-sənaye çöküşünü istəmir. Çünki bu halda Moskvanın reaksiyası proqnozlaşdırılmaz ola bilər. Ona görə də Ukraynaya verilən silahlar indiyə qədər ”qalib gəlmək üçün yox, uduzmamaq üçün" hesablanıb. Digər tərəfdən, Rusiya artıq iqtisadi və texnoloji baxımdan Çin asılılığına sürüşür. Əgər Ukrayna uzaqmənzilli zərbələrlə Rusiya zavodlarını, raket istehsal xətlərini sıradan çıxara bilsə, Moskva illərlə geriyə düşəcək. Bu isə Kreml üçün Ukraynadakı mövqelərdən daha təhlükəlidir. Məhz buna görə də Rusiya bu obyektləri çoxqatlı hava hücumundan müdafiə sistemləri ilə qoruyur. Lukaşenkonun açıqlaması isə daha çox psixoloji müharibə elementidir. “Ukrayna xəritədən silinəcək” ifadəsi reallıqdan çox, Kremlə mesajdır: Minsk hələ də Moskvanın yanındadır. Amma fakt budur ki, Ukrayna artıq üç ildən çoxdur döyüşür və “xəritədən silinmə” ssenarisi baş tutmayıb".

Hərbi ekspert hazırda qeyd olunan silahların Kiyevə verilib-verilməyəcəyidir: “Qərb Ukraynaya tədricən məhdud sayda uzaqmənzilli sistemlər verə bilər, amma Rusiyanın dərinliklərinə sistemli zərbələrə yaşıl işıq yandırmaq üçün ya Kreml daha böyük eskalasiya etməlidir, ya da Qərb öz təhlükəsizliyini artıq Ukrayna cəbhəsində həll etməyə qərar verməlidir. Müharibənin gedişatını dəyişən silah təkcə raket deyil, siyasi iradədir. O iradə formalaşarsa, silah da veriləcək. Əks halda Ukrayna bu müharibəni uzadacaq, amma həlledici dönüş yaratmaq çətin olacaq. Bu müharibənin taleyi Kiyevdə yox, Vaşinqton və Brüsseldə həll olunur”.

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmovun qənaətinə görə hazırkı mərhələdə Ukrayna müharibəsi artıq sadə cəbhə qarşıdurması deyil, strateji və texnoloji rəqabətə çevrilib. O, “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Valeri Romanenkonun açıqlaması silahların Ukraynaya veriləcəyinə işarə edir: “Uzaqmənzilli raketlər və PUA-lar müharibənin gedişatını dəyişə biləcək əsas faktorlardandır. Amma bu, təkcə silah məsələsi deyil, strateji planlama və reallıqla bağlıdır. Ukrayna Rusiyanın hərbi-sənaye kompleksinə ciddi zərbə endirə bilsə, Moskva illərlə texnoloji və istehsal potensialını bərpa etməkdə çətinlik çəkəcək. Bu, həm taktiki, həm də strateji üstünlük deməkdir. Amma burada problem odur ki, bu obyektlər yüksək səviyyəli hava hücumundan müdafiə sistemləri ilə qorunur və ora nüfuz etmək asan deyil. Yəni Ukraynanın effektivliyi həm silahın növündən, həm də onu necə və harada istifadə etməsindən asılıdır. Belarus Prezidenti Lukaşenkonun açıqlaması isə psixoloji təsir xarakterlidir. Onun ”Ukrayna xəritədən silinəcək" fikri, əslində, Rusiyanın tərəfdaşlarını qorxu altında saxlamaq üçün verilən mesajdır. Amma real vəziyyət göstərir ki, Ukrayna öz müqavimətini uzun müddət saxlaya bilir və hərbi potensialını artırır. Əgər Qərb Ukraynaya uzaqmənzilli raket sistemləri verəcəksə, bu, yalnız döyüşün taktikasını dəyişməyəcək, həm də strateji balansı sarsıda bilər. Lakin bunun üçün həm siyasi qərar, həm də risklərin dəyərləndirilməsi lazımdır".

Hərbi ekspert qeyd edib ki, hazırda verilən silahlar əsasən mövcud cəbhə xəttini saxlamaq və Rusiyanın hücumlarını əngəlləmək məqsədinə xidmət edir: “Ümumilikdə demək olar ki, müharibənin gedişatı yalnız silahdan asılı deyil, strateji iradə və planlamadan da asılıdır. Kiyevə lazımi imkanlar yaradılarsa, rəqibin arxa cəbhəsi ciddi risk altında qalacaq, yoxsa, döyüşlər uzanacaq və itkilər artacaq”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti