Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Üçüncü Dünya müharibəsi qərarı Türkiyədə veriləcək – sensasion iddia
Üçüncü Dünya müharibəsi qərarı Türkiyədə veriləcək – sensasion iddia

NATO-nun 7–8 iyul tarixlərində Ankarada keçiriləcək sammitində Alyansın Rusiya ilə mümkün silahlı qarşıdurma ssenariləri baxımından həlledici olacağı gözlənilir

Qlobal təhlükəsizlik gündəmində gərginliyin artdığı bir vaxtda Türkiyə mətbuatında diqqətçəkən iddia ortaya atılıb.

Musavat.com xəbər verir ki, "Türkiye" nəşri NATO-nun 7–8 iyul tarixlərində Ankarada keçiriləcəyi bildirilən sammitinin alyansın Rusiya ilə mümkün silahlı qarşıdurma ssenariləri baxımından həlledici əhəmiyyət daşıya biləcəyini yazıb.

Nəşrin iddiasına görə, Avropa artıq Rusiya ilə genişmiqyaslı müharibə ehtimalını müxtəlif ssenarilər üzrə qiymətləndirir. Məqalədə bildirilir ki, Moskva da belə bir qarşıdurmanın 2030-cu ilə qədər baş verə biləcəyini istisna etmir. Bu fonda Ankara görüşündə veriləcək mesajların NATO-nun gələcək hərbi-siyasi kursuna ciddi təsir göstərə biləcəyi vurğulanır.

Yazıda qeyd edilir ki, sammitin əsas diqqət mərkəzində ABŞ-ın Avropanın təhlükəsizliyi ilə bağlı öhdəlikləri dayanacaq. Son illər Vaşinqtonun NATO daxilində yük bölgüsü ilə bağlı tələbləri, Avropa ölkələrinin isə müdafiə xərclərini artırmaq istiqamətində atdığı addımlar alyans daxilində yeni təhlükəsizlik modelinin formalaşdığını göstərir. Məhz bu səbəbdən Ankarada ABŞ administrasiyasının mümkün Rusiya–NATO qarşıdurmasına münasibəti xüsusi maraq doğurur.

Məqalədə iddia olunur ki, Avropa paytaxtlarında əsas suallardan biri ABŞ-ın mümkün böhran zamanı müttəfiqlərinə əvvəlki kimi tam hərbi dəstək verib-verməyəcəyidir. Xüsusilə Donald Tramp administrasiyasının NATO üzvlərinin müdafiə xərcləri ilə bağlı sərt mövqeyi fonunda Vaşinqtonun gələcək siyasəti diqqətlə izlənilir.

Siyasi ekspert Kamran Həsənov isə hesab edir ki, "Türkiye" nəşrinin yazısı rəsmi məlumatdan daha çox analitik qiymətləndirmə xarakteri daşıyır. Onun sözlərinə görə, Avropanın 2030-cu ilə qədər mümkün təhlükəsizlik risklərini qiymətləndirməsi yeni məsələ deyil. Almaniya başda olmaqla bir sıra Avropa ölkələrinin kəşfiyyat və təhlükəsizlik qurumları son illərdə müxtəlif hesabatlarında bu tarix ətrafında mümkün risklər barədə xəbərdarlıq ediblər.

Ekspert hesab edir ki, NATO hazırda Rusiyaya qarşı birbaşa hərbi əməliyyatlardan daha çox çəkindirmə strategiyasını gücləndirməyə çalışır. Bunun üçün alyans şərq cinahında hərbi mövcudluğunu artırır, müdafiə planlarını yeniləyir və üzv ölkələrin silahlanmasını sürətləndirir.
Kamran Həsənovun fikrincə, Türkiyə də bu prosesdə xüsusi yer tutur. NATO üzvü olmasına baxmayaraq, Ankara həm Rusiya, həm də Qərblə münasibətlərini balanslaşdırmağa çalışır. Türkiyə bir tərəfdən alyansın təhlükəsizlik sistemində iştirak edir, digər tərəfdən isə Moskva ilə iqtisadi və regional əməkdaşlığı davam etdirir. Bu səbəbdən Ankaranın mümkün hərbi qarşıdurmada hansı mövqe tutacağı hələ də tam aydın deyil.

Hərbi-siyasi ekspert Vladimir Sapunov isə hesab edir ki, qarşıdakı sammitdə Rusiyaya qarşı nüvə çəkindirmə strategiyası, NATO-nun şərq cinahında hərbi infrastrukturun gücləndirilməsi, hava hücumundan müdafiə sistemlərinin genişləndirilməsi və nüvə silahının alyansın şərq sərhədlərinə yaxın ərazilərdə yerləşdirilməsi kimi məsələlər də müzakirə oluna bilər.

Ekspert bildirir ki, Avropa ölkələri son illərdə müdafiə xərclərini sürətlə artırır və hərbi sənayeni genişləndirirlər. Onun fikrincə, bu addımlar yalnız Ukraynaya dəstək məqsədi daşımır, həm də NATO-nun uzunmüddətli təhlükəsizlik strategiyasının tərkib hissəsidir.

Bununla yanaşı, Sapunov hesab edir ki, Avropa ölkələrinin ABŞ-ın hərbi və siyasi dəstəyi olmadan Rusiya ilə genişmiqyaslı müharibəyə başlaması real görünmür. Vaşinqtonun nüvə potensialı, kəşfiyyat imkanları və hərbi-logistika sistemi NATO-nun əsas dayağı olaraq qalır.

Ekspert mümkün qarşıdurmanın müxtəlif ssenarilər üzrə inkişaf edə biləcəyini də istisna etmir. Onun fikrincə, ən təhlükəli variant nüvə silahından istifadəni nəzərdə tutan qısamüddətli müharibədir. Digər ehtimal isə yalnız adi silahlardan istifadə olunacaq uzunmüddətli regional qarşıdurmadır. Bununla belə, o hesab edir ki, hazırda bütün tərəflər belə bir ssenaridən yayınmağa çalışır.

Bəzi analitiklər isə hesab edirlər ki, NATO-nun əsas məqsədi birbaşa müharibəyə başlamaq deyil, Rusiyanı çəkindirmək və alyansın müdafiə imkanlarını gücləndirməkdir. Bu baxımdan Ankarada keçiriləcəyi bildirilən görüş daha çox təhlükəsizlik strategiyasının yenilənməsi və üzv ölkələrin öhdəliklərinin dəqiqləşdirilməsi ilə yadda qala bilər. Qeyd etmək lazımdır ki, "Türkiye" nəşrində yer alan məlumatlar və ekspert rəyləri rəsmi NATO mövqeyi hesab olunmur. Hazırda alyans tərəfindən Ankarada keçiriləcəyi iddia olunan sammitdə Rusiya ilə müharibə qərarının müzakirə ediləcəyini təsdiqləyən rəsmi açıqlama yoxdur.

Bununla belə, Ukrayna müharibəsinin davam etməsi, Avropada sürətlənən silahlanma prosesi, NATO-Rusiya münasibətlərində dərinləşən böhran və qlobal təhlükəsizlik mühitində artan gərginlik fonunda qarşıdakı sammit beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilir. Ankarada veriləcək siyasi mesajların NATO-nun gələcək təhlükəsizlik strategiyasına müəyyən təsir göstərə biləcəyi istisna edilmir.

Müsavat.com


Şərhlər