
Əgər, Ermənistanın Qərbə yaxınlaşma prosesi daha da sürətlənərsə, onda Rusiyanın rəsmi İrəvana qarşı iqtisadi, siyasi və informasiya təzyiqlərinin daha amansız xarakter ala biləcəyi qətiyyən istisna edilmir... Bununla yanaşı, Kremlin Ermənistana qarşı Gümrüdəki hərbi baza, enerji asılılığı, ticarət əlaqələri və milyonlarla erməni miqrantın Rusiyadakı fəaliyyəti kimi, önəmli təzyiq faktorlarını da qorumağa çalışacağı şübhə doğurmur...
Ermənistan ABŞ və Qərblə Rusiya arasındakı geopolitik qarşıdurmasnın mərkəzinə yerləşmiş duruma düşüb. Ona görə də, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ermənistana planlaşdırılan işgüzar səfəri Cənubi Qafqazın geopolitik gündəmində önəmli hadisələrdən biri hesab olunur. Bu səfər çərçivəsində Avropa Birliyinin ali nümayəndəsi, Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıqların yekunu barədə ortaq bəyanatla çıxış edəcək. Və Avropa Birliyinin Ermənistana artan marağı ilə Rusiyanın rəsmi İrəvana qarşı ardıcıl sərt xəbərdarlıqlarının məhz eyni vaxtda baş verməsi də qətiyyən təsadüfi görünmür.
Onu da qeyd etmək lazımdır ki, son vatlar Avropa Birliyi Ermənistanla siyasi və iqtisadi əməkdaşlığı sürətlə genişləndirir. Brüssel Ermənistanı Cənubi Qafqazda Avropa Birliyinin etibarlı tərəfdaşına çevirmək niyyətini də gizlətmir. Və bu proses Avropa Birliyinin regionda təsir imkanlarını artırmaq, alternativ nəqliyyat və enerji marşrutlarını möhkəmləndirmək, eyni zamanda, Rusiyanın postsovet məkanındakı dominant mövqeyini zəiflətmək strategiyasının önəmli tərkib hissəsi hesab olunur.
Ona görə də, hazırda Ursula fon der Leyenin İrəvana gözlənilən səfəri Kremlin ciddi diqqət mərkəzindədir. Kremldə hesab edirlər ki, Ermənistanın Avropa strukturlarına yaxınlaşması yalnız xarici siyasət kursunun dəyişməsi anlamı daşımır. Çünki bu, həm də Rusiyanın Cənubi Qafqazdakı uzunmüddətli təhlükəsizlik sisteminə sarsıdıcı zərbələr vura bilər. Və bu bazımdan, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamaları təsadüfi sayıla bilməz.
Məsələ ondadır ki, rus diplomat bildirib ki, Rusiya rəsmi İrəvanın Ermənistanın Avropa Birliyinə inteqrasiya məsələsini referendum vasitəsilə xalqın müzakirəsinə niyə çıxarmaq istəmədiyini anlaya bilmir. Onun fikrincə, Paşinyan hakimiyyətinin bu məsələdə vaxtı uzatmasının arxasında daha çox siyasi konyunktura dayanır. Yəni, Kreml Paşinyan hakimiyyətindən Ermənistanın gələcəyini Avropa Birliyində, yoxsa, Rusiyaya bağlı hərbi-siyasi inteqrasiya sistemində qalmaqda gördüyü barədə açıq cavab gözləyir.
Ancaq maraqlıdır ki, Kremlin bütün təzyiqlərinə baxmayaraq, Ermənistan hazırda bir tərəfdən Avropa Birliyi ilə münasibətləri dərinləşdirir, digər tərəfdən isə hələ də Avrasiya İqtisadi İttifaqında da üzvü olaraq qalır. Eyni zamanda, bu ölkənin KTMT ilə münasibətləri faktiki olaraq, dondurulsa da, rəsmi İrəvan hələlik bu hərbi-siyasi alyansı tərk etməyə tələsmir. Və ona görə də, məhz bu ikili vəziyyət Rusiyanı ciddi şəkildə narahat edən əsas faktorların sırasına daxildir.
Digər tərəfdən, rus diplomat Ermənistan tərəfinin Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyətinin dayandırılması ilə bağlı da heç bir rəsmi məsələ qaldırmadığını vurğulayıb. Bu, onu göstərir ki, siyasi münasibətlərdə yaranmış ciddi gərginliyə baxmayaraq, Kreml hələ də Cənubi Qafqazdakı ən önəmli hərbi dayağını qoruyub saxlayır. Və Gümrüdəki hərbi baza yalnız Ermənistan deyil, bütövlükdə Rusiyanın Cənubi Qafqaz üzrə siyasətinin əsas strateji dayaqlarından biri hesab olunur.
Təbii ki, Rusiyanın Ermənistana qarşı ardıcıl xəbərdarlıq mesajları yalnız bunlarla da yekunlaşmır. Rusiyanın KTMT-dəki daimi nümayəndəsi bəyan edib ki, Ermənistan bu təşkilatdakı gələcəyi ilə bağlı rəsmi qərar verməlidir. Onun sözlərinə görə, rəsmi İrəvan ya KTMT-də iştirakını davam etdirməli, ya da başqa təhlükəsizlik modelini seçdiyini açıq şəkildə bəyan etməlidir. Və bu, Kremlin artıq Ermənistanla bağlı belə qeyri-müəyyən vəziyyətlə daha razılaşmaq istəmədiyini göstərir.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinə qarşı ən sərt xəbərdarlıq isə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev tərəfindən edilib. Belə ki, o, Ermənistanın Rusiya ilə uzun illər ərzində formalaşmış əlaqələrinin qırılmasının ilk növbədə bu ölkənin sadə vətəndaşları üçün ağır sosial-iqtisadi nəticələr doğuracağını bildirib. O, iddia edib ki, ABŞ və Qərb Ermənistanı Rusiyaya qarşı geopolitik alətə çevirib və bu ölkənin gələcək taleyi Qərb üçün qətiyyən prioritet deyil.
Eyni zamanda, Dmitri Medvedev Ermənistanın Ukrayna və Moldova ilə müqayisəsini apararaq, Paşinyan hakimiyyətini təhdid etməkdən də özünü saxlaya bilməyib. Onun iddiasına görə, ABŞ və Qərb tərəfindən bu üç ölkədə oxşar geopolitik ssenari həyata keçirilir. Yəni, Kreml bununla həm Ermənistan cəmiyyətinə, həm də region ölkələrinə mesaj verir ki, Rusiyadan uzaqlaşmaq təhlükəsizlik və iqtisadi baxımdan, ciddi risklər yarada bilər.
Bütün bunlara paralel olaraq, Paşinyan hakimiyyəti Ermənistana qarşı mümkün iqtisadi-ticari təzyiqlərin təsirini minimuma endirməyə çalışır. Onun fikrincə, Rusiyanın ayrı-ayrı erməni ixracatçılarına tətbiq etdiyi müvəqqəti məhdudiyyətlər bu ölkənin ümumi makroiqtisadi göstəricilərinə ciddi təsir göstərməyəcək və Ermənistan iqtisadiyyatı yüksək aktivliyini qoruyur. Bu, həm də rəsmi İrəvanın Kremlin təzyiq imkanlarının məhdud olduğunu qabartmağa hesablanmış siyasi mesaj da hesab oluna bilər.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan tezliklə Rusiya prezidenti Vladimir Putin ilə görüşə biləcəyini vurğulasa da, konkret tarix açıqlamaqdan yayınıb. Bu isə onu göstərir ki, rəsmi İrəvan hələlik nə Kreml ilə münasibətləri tam qoparmaq, nə də Qərbə yaxınlaşma siyasətindən imtina etmək niyyətində deyil. Yəni, rəsmi İrəvan Kremlin bütün xəbərdarlıqlarına baxmayaraq, paralel diplomatiya taktikasında israr edir və hər iki geopolitik istiqamətlə münasibətləri qoruyub, saxlamaq istəyir.
Ancaq Paşinyan hakimiyyətinin bu geopolitik taktikasının uzunmüddətli perspektivdə davam etməsi artıq getdikcə, daha da çətinləşir. ABŞ və Avropa Birliyinin Ermənistanı Rusiyadan uzaqlaşdırma planları ilə Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq strategiyası artıq açıq qarşıdurma mərhələsinə keçməyə başlayıb. Və nəticədə Ermənistan isə bu amansız qarşıdurmanın əsas geopolitik poliqonuna çevrilib.
Belə anlaşılır ki, yaxın gələcəkdə rəsmi İrəvanın atacağı hər bir addım yalnız Ermənistanda ölkədaxili siyasətə deyil, ümumiyyətlə, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına da təsir göstərə bilər. Əgər, Ermənistanın Qərbə yaxınlaşma prosesi daha da sürətlənərsə, onda Kremlin iqtisadi, siyasi və informasiya təzyiqlərinin artacağı qətiyyən istisna edilmir. Bununla yanaşı, Kreml Ermənistana qarşı Gümrüdəki hərbi baza, enerji asılılığı, ticarət əlaqələri və milyonlarla erməni miqrantın Rusiyadakı fəaliyyəti kimi, önəmli təzyiq faktorlarını da qorumağa çalışacaq.
Göründüyü kimi, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ermənistana səfəri Cənubi Qafqaz uğrunda Rusiya ilə Qərb arasında dərinləşən geopolitik qarşıdurmanın yeni və daha amansız mərhələsinin başlanğıcı hesab oluna bilər. Ermənistan isə artıq yalnız xarici siyasət kursunu deyil, gələcək təhlükəsizlik modelini, iqtisadi inkişaf istiqamətini və regiondakı strateji mövqeyini də müəyyən edəcək tarixi seçim qarşısında qalıb. Bu baxımdan, Paşinyan hakimiyyətinin bu qəliz balans siyasətini nə qədər davam etdirə biləcəyi və Cənubi Qafqazda qüvvələr nisbətinin hansı istiqamətə yönələcəyi yəqin ki, tezliklə aydınlaşmağa başlayacaq.






Şərhlər