
Ukraynada davam edən müharibə təkcə cəbhə xəttində deyil, Kremlin siyasi gələcəyi ilə bağlı da yeni müzakirələrə yol açıb. Qərb analitik dairələrində və nüfuzlu beynəlxalq nəşrlərdə Rusiya prezidenti Vladimir Putinin hakimiyyət perspektivi getdikcə daha çox sual altına alınır. Müharibənin uzanması, iqtisadi və siyasi təzyiqlərin dərinləşməsi, eləcə də Rusiya daxilində mümkün hakimiyyət uğrunda mübarizə ilə bağlı səslənən proqnozlar Moskvanın gələcək siyasi mənzərəsini yenidən gündəmə gətirib.
Son qiymətləndirmələrdə Putinin hakimiyyətinin taleyi ilə bağlı müxtəlif ssenarilər irəli sürülür. Bu ehtimallar daxili siyasi qarşıdurmadan elita daxilində parçalanmaya, təhlükəsizlik strukturları arasındakı rəqabətdən mümkün hakimiyyət dəyişikliyinə qədər geniş spektri əhatə edir. Eyni zamanda Ukraynadakı müharibənin gedişi, Rusiyanın daxili sabitliyi və Çinin gələcək mövqeyi Kremlin taleyinə təsir göstərə biləcək əsas amillər kimi göstərilir. Bütün bunların fonunda Putinin siyasi gələcəyi ətrafında aparılan müzakirələr daha da intensiv xarakter alır.
Kremlin daxilində həqiqətən də ciddi parçalanma prosesi başlayıb? Müharibənin uzanması Vladimir Putinin hakimiyyətini əvvəlki illərlə müqayisədə daha həssas vəziyyətə salıb?
Politoloq Əli Orucov mövzu ilə bağlı Musavat.com-a bunları deyib:
“Ukrayna-Rusiya müharibəsinin miqyasının genişlənməsi və beynəlxalq sanksiyaların göstərdiyi təsirlər Moskva üçün arzuolunmaz durum yaradıb. Xüsusən də Ukraynanın Rusiyanın içərilərinə intensiv hücumları, iri şəhərlərin, o cümlədən paytaxtın hava zərbələrinə məruz qalması Putini çətinliyə salıb. Artıq Rusiya xalqı müharibəni açıq şəkildə hiss etməyə başlayıb. Həm ölkənin müdafiə və təhlükəsizlik sahələrindəki ciddi boşluqları, həm də bütün sahələrdə dərinləşən böhran təbii ki, cəmiyyətdəki narazılıqları da artırmaqdadır. Hətta bu narazılıqlar rus elitasında da baş qaldırmaqdadır. Putinin geriyə addım atması onun hakimiyyəti və siyasi gələcəyi üçün ciddi problemlərə yol aça bilər. Müharibə hər gün milyonlarla vəsait və yüzlərlə can itkisi deməkdir. Ortada da Kremli məmnun edəcək heç bir nəticə yoxdur”.
Politoloq bir vacib məqama da toxunub:
“Bu ilin payızında Rusiya parlament seçkilərinə gedəcək. Baxmayaraq ki, Rusiyanın hərbi rəhbərliyi belə vəziyyətdə seçkilərə getməyin əleyhinə olub. Putin üçün bu seçki “var olma” və hakimiyyətini möhkəmləndirmək sınağıdır. Müharibə Rusiyada daha çox hiss edildikcə etirazlar da artacaq. Nəzərə almaq lazımdır ki, Zelenski 40 gün məcburetmə əməliyyatı verdiyi hərbi əməliyyat da Kremlə təzyiqi artıracaq. Gələcək dönəmlərdə proseslərin olduqca riskli dönəmə girəcəyini söyləyə bilərik”.
Cavanşir Abbaslı
Musavat.com






Şərhlər