Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Minlərlə azərbaycanlı hələ də İTKİN sayılır – Bakıdan dünyaya mühüm ÇAĞIRIŞLAR
Minlərlə azərbaycanlı hələ də İTKİN sayılır – Bakıdan dünyaya mühüm ÇAĞIRIŞLAR

İyunun 30-da Bakıda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov bildirib ki, bu il iyunun 30-na olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

“Onlardan 4004-ü I Qarabağ müharibəsində, 6-sı isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüb. 4010 nəfərdən 3228-i hərbçi, 782-si mülki şəxsdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 288-i qadın, 319-u qocadır”, - deyə rəis müavini bildirib.

Xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov çıxışında silahlı münaqişələr zamanı insanların itkin düşməsini yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətlərin yaddaşında dərin iz buraxan faciə kimi dəyərləndirib.

“BMT-nin Baş katibinin 2025-ci ilin may ayında təqdim etdiyi “Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi" hesabatında da dünyada çoxsaylı münaqişələrdə müşahidə edilən böyük insan tələfatının əsas səbəblərindən biri kimi beynəlxalq humanitar hüquqa hörmətin olmaması göstərilib. Bu reallıq bir daha təsdiq edir ki, itkin düşmüş şəxslər məsələsi yalnız milli gündəmin deyil, qlobal humanitar gündəmin də prioritet mövzularından biridir. Beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısını almaq, habelə onların taleyini aydınlaşdırmaq üçün dövlətlərin üzərinə ciddi öhdəliklər qoyur. 1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokolları münaqişə tərəflərindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, həlak olanların axtarılması, insan qalıqlarının eyniləşdirilməsi və onlarla ləyaqətlə davranılmasını tələb edir.

Təəssüf ki, Azərbaycanın üzləşdiyi reallıq bu humanitar normaların kobud şəkildə pozulmasının bariz nümunəsidir. İtkin düşmüş şəxslər probleminin həlli yalnız bir ölkənin deyil, bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir. Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq bu məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib. Bunun sübutu olaraq, Azərbaycan 2020-ci ilin noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış təxminən 2000-dən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib. Hərbçilərimizin bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçirilib. Hazırda sülh prosesi çərçivəsində də bu məsələ diqqət mərkəzindədir”, - deyə nazir müavini diqqətə çatdırıb. (Azertac)

Milli Məclisin deputatı Elçin Mirzəbəylinin fikrincə, itkin düşmüş azərbaycanlılarla bağlı məsələ, təkcə regional humanitar mahiyyət daşımır.

Musavat.com-a şərhində E.Mirzəbəyli bildirib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyi dövrlə bağlı məlumatları hələ də gizli saxlaması beynəlxalq humanitar hüququn pozulmasıdır:

“İstənilən müharibə sülhlə bağlı sənədlərin imzalanması ilə başa çatır, lakin itkin düşmüş insanların taleyi aydınlaşdırılmadıqda münaqişə humanitar baxımdan sona çatmış hesab edilə bilməz. Azərbaycanın Ermənistanın hərbi təcavüzü nəticəsində üzləşdiyi ən ağır problemlərdən biri də məhz minlərlə vətəndaşının taleyinin naməlum qalmasıdır. Bu məsələ təkcə keçmiş müharibənin nəticəsi deyil, eyni zamanda, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının və uzun illər davam edən cəzasızlığın göstəricisidir.

Azərbaycanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş minlərlə vətəndaşı ilə bağlı problemi artıq regional humanitar məsələ çərçivəsindən çıxaraq beynəlxalq hüquq və insan hüquqları müstəvisində qiymətləndirilməlidir. Çünki burada söhbət yalnız insanların yoxa çıxmasından deyil, onların aqibəti barədə məlumatların gizlədilməsindən, kütləvi məzarlıqların yerlərinin açıqlanmamasından, ailələrin həqiqəti bilmək hüququnun pozulmasından və müharibə cinayətlərinin mümkün izlərinin ört-basdır edilməsindən gedir.

Beynəlxalq humanitar hüquq silahlı münaqişə iştirakçılarının üzərinə konkret öhdəliklər qoyur. 1949-cu il Cenevrə Konvensiyalarına əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin axtarılması, qeydiyyatı, şəxsiyyətinin müəyyən edilməsi və yaxın qohumlarının məlumatlandırılması istiqamətində zəruri tədbirlər görməlidirlər. Birinci Əlavə Protokolun 32-ci, 33-cü və 34-cü maddələri ailələrin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququnu tanıyır və tərəflərin bu istiqamətdə əməkdaşlığını tələb edir.

Ermənistanın uzun illər ərzində işğal altında saxladığı ərazilərdə mövcud olmuş kütləvi məzarlıqlar barədə məlumat verməməsi, arxiv sənədlərini açıqlamaması və itkin düşmüş şəxslərin aqibətinin araşdırılması üçün zəruri informasiyanı təqdim etməməsi bu öhdəliklərin yerinə yetirilmədiyini göstərən ciddi faktorlardır. Bu davranış beynəlxalq humanitar hüququn yalnız formal deyil, mahiyyət etibarilə də pozulması deməkdir”.

Deputat vurğulayıb ki, problemin hüquqi mahiyyəti daha dərindir: “BMT sistemində formalaşmış hüquqi yanaşmaya görə, şəxsin taleyinin qəsdən gizlədilməsi və onun aqibəti barədə məlumatların təqdim edilməməsi müəyyən hallarda məcburi itkin düşmə kimi qiymətləndirilə bilər. BMT-nin “Bütün şəxslərin məcburi itkin düşmədən müdafiəsi haqqında Beynəlxalq Konvensiyası” bu əməlləri ağır insan hüquqları pozuntusu kimi tanıyır. Ermənistan həmin Konvensiyanın iştirakçısı olmasa belə, burada təsbit olunan prinsiplər beynəlxalq insan hüquqları hüququnun formalaşmış normalarına söykənir. İşğaldan azad edilmiş ərazilərdə son illərdə aşkar edilən kütləvi məzarlıqlar isə məsələyə yeni hüquqi ölçü qazandırıb.

Bu məzarlıqlar yalnız müharibə qurbanlarının mövcudluğunu təsdiq etmir, eyni zamanda, beynəlxalq araşdırma tələb edən ciddi suallar doğurur. İnsanların hansı şəraitdə öldürülməsi, onların əsir və ya girov statusunda olub-olmaması, işgəncəyə məruz qalıb-qalmaması və sonradan gizli şəkildə basdırılması ehtimalları hərtərəfli istintaq predmetidir. Əgər əsir və ya girov götürülmüş şəxslərin sonradan öldürüldüyü və ya onların taleyinin qəsdən gizlədildiyi müəyyən edilərsə, bu halda söhbət artıq yalnız humanitar hüquq pozuntusundan deyil, hərbi cinayətlərdən və insanlıq əleyhinə cinayətlərin ayrı-ayrı elementlərindən gedə bilər. Məhz buna görə kütləvi məzarlıqların araşdırılması prosesi yalnız identifikasiya ilə məhdudlaşmamalı, hüquqi məsuliyyət mexanizmləri ilə paralel aparılmalıdır”.

E.Mirzəbəyli hesab edir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri bu məsələnin beynəlxalq müstəvidə hüquqi sənədləşdirilməsini davam etdirməkdir:

“Toplanan sübutlar sistemləşdirilməli, beynəlxalq ekspertlərin iştirakı genişləndirilməli, hər bir kütləvi məzarlıq ayrıca hüquqi araşdırma predmeti kimi təqdim olunmalıdır. Bu proses gələcəkdə beynəlxalq məhkəmə instansiyalarında və xüsusi tribunal mexanizmlərində istifadə oluna biləcək sübut bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər mühüm istiqamət Ermənistan üzərində beynəlxalq siyasi və hüquqi təzyiqin artırılmasıdır. İtkin düşmüş şəxslərlə bağlı arxiv sənədlərinin açıqlanması, kütləvi məzarlıqların yerlərini əks etdirən xəritələrin təqdim olunması və bu prosesdə iştirak etmiş şəxslərin ifadələrinin əldə olunması beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmalıdır. Bu məsələ ikitərəfli münasibətlərin deyil, beynəlxalq humanitar hüququn icrasının tərkib hissəsi kimi təqdim edilməlidir.

Müasir texnologiyalar da bu mübarizənin mühüm alətinə çevrilir. DNT ekspertizası, rəqəmsal məlumat bazaları, geofiziki skan sistemləri, peyk görüntülərinin təhlili və süni intellekt əsaslı identifikasiya mexanizmləri onilliklər əvvəl itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi imkanlarını genişləndirir. Lakin texnologiyalar nə qədər inkişaf etsə də, qarşı tərəfin məlumatları gizlətməsi problemin həllini çətinləşdirən əsas amillərdən biri olaraq qalır.

İtkin düşmüş azərbaycanlılar məsələsi artıq, təkcə Azərbaycanın milli gündəliyinin mövzusu deyil. Bu problem müharibə cinayətlərinə görə məsuliyyət prinsipi və insan hüquqlarının universallığı ilə bağlı ciddi sınaqdır, Azərbaycanın həqiqətinin müəyyən olunması və ədalətin bərpasıdır. Lakin həqiqət yalnız bütün məlumatlar açıqlananda, kütləvi məzarlıqların yerləri təqdim ediləndə, itkin düşmüş insanların taleyi barədə faktlar ortaya çıxarılanda və günahkarların əməli hüquqi qiymət alanda tam bərpa oluna bilər. Məhz bu səbəbdən itkin düşmüş azərbaycanlılarla bağlı problem regionda sülh və barışıq prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, beynəlxalq hüququn nüfuzu üçün də mühüm sınaq olaraq qalmaqdadır”, - deyə E.Mirzəbəyli əlavə edib.

Musavat.com

Şərhlər