Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İqtisadiyyat » Sahibkarlıqla bağlı mühüm dəyişiklik: Cinayət məsuliyyəti və güzəştlər yenilənir
Sahibkarlıqla bağlı mühüm dəyişiklik: Cinayət məsuliyyəti və güzəştlər yenilənir

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət qanunvericiliyində mühüm dəyişikliklər hazırlanır.

Milli Məclisdə birinci oxunuşda qəbul edilən yeni layihə qanunsuz və yalançı sahibkarlıqla bağlı məsuliyyət mexanizmini yenidən müəyyənləşdirir. Dəyişikliklərə əsasən, müəyyən iqtisadi cinayətlər üzrə vurulmuş ziyan tam ödənildiyi təqdirdə cinayət məsuliyyətindən azad olunmaq üçün dövlət büdcəsinə ödənilməli olan əlavə məbləğ iki dəfə azaldılır. Eyni zamanda, sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan yalnız qanunsuz kredit almaq, vergi və gömrük güzəştlərindən yararlanmaq və ya digər əmlak mənfəəti əldə etmək məqsədilə fiziki şəxs kimi vergi uçotuna durmaq və ya hüquqi şəxsin fəaliyyətini faktiki idarə etmək də artıq yalançı sahibkarlıq hesab ediləcək.

Bəs bu dəyişikliklər hansı zərurətdən irəli gəlir? Yeni tənzimləmə real sahibkarların fəaliyyətinə necə təsir göstərəcək? Cinayət məsuliyyətindən azadolma şərtlərinin yüngülləşdirilməsi sahibkarlar üçün stimul yaradacaq, yoxsa sui-istifadə risklərini artıracaq? Yeni dəyişikliklər biznes mühitinə və investisiya cəlbediciliyinə necə təsir edəcək?

Dünya praktikasında iqtisadi cinayətlərə münasibət son illərdə dəyişməkdədir. Bir çox ölkələrdə əsas məqsəd sahibkarı həbs etməkdən çox, dövlətə və ya zərərçəkənlərə vurulmuş ziyanın tam ödənilməsinə nail olmaqdır. Xüsusilə Almaniya, Fransa, İtaliya və bir sıra digər Avropa ölkələrində vergi və iqtisadi xarakterli cinayətlər zamanı təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödədikdə, cərimələri yerinə yetirdikdə və istintaqla əməkdaşlıq etdikdə daha yüngül cəzalar və ya cinayət təqibinə xitam verilməsi mexanizmləri tətbiq oluna bilir. Bu yanaşmanın məqsədi dövlət büdcəsinə dəymiş zərərin operativ şəkildə bərpası və biznes fəaliyyətinin tam iflic olmasının qarşısını almaqdır.

Digər tərəfdən, inkişaf etmiş ölkələrdə yalançı sahibkarlıq və "kağız üzərində fəaliyyət göstərən şirkətlər"ə qarşı nəzarət ildən-ilə sərtləşdirilir. Xüsusilə Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada və Sinqapur kimi ölkələrdə şirkətin faktiki sahibi (beneficial owner) barədə məlumatların açıqlanması, şirkətin real iqtisadi fəaliyyət göstərməsi və maliyyə əməliyyatlarının şəffaflığı əsas tələblərdən hesab olunur. Nominal direktorlar, saxta şirkətlər və yalnız vergi güzəştlərindən, kreditlərdən və ya dövlət dəstəyindən yararlanmaq üçün yaradılan hüquqi şəxslər ciddi hüquqi məsuliyyət yaradır.
Ekspertlər beynəlxalq təcrübəyə əsaslanaraq qeyd edirlər ki, iqtisadi cinayətlərlə mübarizədə təkcə cəzaların sərtləşdirilməsi kifayət etmir. Əsas nəticə şəffaf biznes mühitinin formalaşdırılması, effektiv vergi nəzarəti, elektron idarəetmə sistemlərinin inkişafı və hüquqi mexanizmlərin düzgün tətbiqi ilə əldə olunur. Bu baxımdan Azərbaycanda təklif edilən dəyişikliklər də bir tərəfdən dövlətə dəymiş ziyanın daha tez bərpasını, digər tərəfdən isə yalançı sahibkarlıqdan sui-istifadə hallarının qarşısının alınmasını hədəfləyir.

Əsmər Əliyeva

Vəkil Əsmər Əliyeva mövzu ilə bağlı Musavat.com-a deyib ki, Cinayət Məcəlləsinin 193-cü maddəsinin dispozisiyasına dəyişiklik edilərək subyekt dairəsi genişləndirilib: “Belə ki, yalnız hüquqi şəxslərin deyil, fərdi sahibkarların da (fiziki şəxslər), o cümlədən məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub. Bu dəyişiklik şəffaflığın təmin edilməsi istiqamətindədir və artıq sahibkarların faktiki idarəçiliyinin də nəzarətə götürülməsinin tənzimlənməsinə yönəlib. Yeni tənzimləmə həqiqi sahibkarlara heç bir mənfi təsir göstərməyəcək, yalnız yalançı sahibkarların (shell şirkətlər) vergidən yayınması, cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması və s. hərəkətlərinin qarşısının alınması istiqamətində preventiv tədbir rolunda çıxış edəcək. Bu tədbirlər biznes mühitində şəffaflığın və sahibkar arasında sağlam rəqabətin artırılmasına yönəldilib”.

Afaq Mirayiq,
Musavat.com

Şərhlər