
Vilyam Hacıyev qanunsuz əməllərinə görə həbs edildikdən sonra 2020-ci il may ayının 21-dən İmişli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini Rzayev Elçin Adil oğlu daşıyır.
Elə ilk addımlarından sələfinin ölənlərinə rəhmət oxutdurmağa başlayıb. Hamı elə bilirdi yeni icra başçısı özündən əvvəlkinin aqibətini göz önünə gətirib ibrət götürər. Amma bu heç də ondan geri qalmır. İndiyə kimi də necə başlayıbsa, elə də işləyir.
Elçin müəllim təyin olunan kimi qanun pozuntusunun siftəsini edərək qardaşı Şamil Rzayevi özünə köməkçi təyin edib. Bu da qanunvericiliyə ziddir. Bacısı oğlu Hafizi isə özünə sürücü götürüb. Yəni, tam bir ailə podratı.
Şamil Rzayev kreslosuna oturan kimi təşəbbüsü ələ alaraq fürsətdən istifadə etməyə başlayıb. Rayondakı bütün müəssisələrə “haqq” təyin edib. Beləliklə, “aylıq”lar hər ay Şamilin cibinə axıb. Şübhəsiz ki, bundan icra başıçısı olan qardaşı bixəbər olmayıb.
Şamilin “qara kassa”sına yığılan pulları birgə mənimsəyiblər. Gözləri o qədər doymayıb ki, Şamil Rzayev hətta bələdiyyə sədrlərindən də pul tələb edib. Yəqin elə bilirmiş bələdiyyələr İcra Hakimiyyətinə tabedir.
Bir müddət keçəndən sonra İmişli icra başçısı Elçin Rzayev qardaşının özbaşınalığının rayon sakinləri, sahibkarlar, idarə, təşkilatlar daxilində yaratdığı narazılığın dərinləşəcəyindən qorxaraq Şamili köməkçilikdən uzaqlaşdırır.
Amma bu da gözdən pərdə asmaqdan başqa bir şey deyilmiş. Çünki elə işdən çıxdıqdan sonra da Şamil Rzayev rayonda fironluğundan qalmır, bəzi adamlara himayədarlıq edir. Bu adamlardan biri Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur.
Bu idarə İmişlinin Qaradonlu kəndində yerləşir. İcra Hakimiyyətinə birbaşa tabeçiliyi olmasa da Qasım müəllim nəyə görəsə özünü də, idarəni də Rzayev qardaşlarına peşkəş edib. Qazandığının bir hissəsi Şamil Rzayevin daxılına daxil olur. Qazancı da az deyil, həm də çox rəngarəngdir.
Məsələn, Qasım Qasımov idarənin texnikalarını İmişlidəki karxanalara qeyri-rəsmi icarəyə verərək külli miqdarda gəlir götürür. Bundan başqa, ehtiyat hissələri, yanacaq-sürtgü materialları, benzin və s. rayondakı benzindoldurma məntəqələrinə, eyni zamanda, ehtiyat hissələri mağazalarına verilir.
Hələ Qasım Qasımovun balıq biznesini-balıqyetişdirmə göllərini demirəm. Bu göllərin suyunun mənbəyi isə şübhəsiz ki, Qasım Qasımovun idarə etdiyi Mərkəzi Muğan Kollektorudur. Qasım müəllimin bir ənənəsi də var, idarəyə məxsus texnikanı, avadanlıqları sənədlərdə silərək başqa qurumlara verir.
Təbii ki nəyinsə qarşılığında. Yəni, hörmət “hörmət”ə bağlıdır prinsipi ilə. Onun gəlir mənbələrindən biri də dövlətin ayırdığı pulları mənimsəmək üçün keçirilən saxta tenderlərdi.
Qalibləri əvvəldən bilinən belə tenderlərin “otkat”ı da Qasım Qasımov, Şamil Rzayev, Elçin Rzayev triosunun boxçasına gedir. Qasım Qasımov öz “çörəkpulu”su üçün iş adamlarının suyu özünün qoyduğu tariflə satır. Dövlətin tarifi Qasım müəllimə sərf etmir. Hər mövsümdə suyun qiymətini qaldırır…
Qasım Qasımovun “yaradıcılığı” o qədər “zəngin”, su kimi o qədər “aşıb-daşan”dır ki, onu bir məqalə sığışdırmaq mümkün deyil. Adam belə işlərdə sözün əsl mənasında ixtisaslaşıb. Yəqin ona görə də bütün icra başçılarına lazım olub. İndi də İmişlini dədə malı kimi idarə edən Elçin və Şamil Rzayev qardaşlarının istifadəsindədir.
Sima Babayeva
TEREF






Şərhlər