Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » "Qarabağda fəhləlik etsinlər..." – Aqil Abbasın konteksdən çıxarılan çıxışına REAKSİYA
"Qarabağda fəhləlik etsinlər..." – Aqil Abbasın konteksdən çıxarılan çıxışına REAKSİYA

Deputat Aqil Abbasın gənclərin Qarabağda aparılan tikinti işlərində könüllü şəkildə çalışması ilə bağlı təklifi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri belə bir təşəbbüsün ilk növbədə deputatların öz övladları tərəfindən həyata keçirilməsinin daha məqsədəuyğun olacağını bildirirlər.

Pravda.az-a açıqlama verən deputat Aqil Abbas videonun təhrif edilərək paylaşıldığını bildirib. A.Abbas qeyd edib ki, onun dediklərinin bütöv versiyası videoda əks olunmayıb: “Demişəm ki, tələbələr iki ayı boş qalırlar, Qarabağda könüllü tələbə inşaat dəstələri düzəldib işləyə bilərlər və yaxşı da maaş ala bilərlər. Onlara imtiyaz da verilə bilər. Orada ev ala bilərlər. Onlar üçün iş yeri olar. Belə bir söz demişəm. Sözümün də üstündə dururam. Mənim övladlarımın yaşları keçib. Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər. Burada pis bir şey yoxdur. Məni istəməyənlər yenə ara qarışdırmaq üçün belə bir şey paylaşıblar. Açıb baxsınlar mən necə demişəm... Demişəm ki, Qarabağda gedib könüllü vuruşub şəhid olublar, gedib işləyə də bilərlər. Burada qeyri-adi bir şey yoxdur. Pulsuz da deməmişəm. Hətta demişəm ki, pulsuz da işləyə bilərlər, amma maaş alarlar gəlib təhsil haqlarını ödəyə bilərlər”.
Bu təklifə onun həmkarları nə deyir?

Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Aqil Abbasın çıxışı bütöv şəkildə təqdim olunmadan, bir neçə kəsik hissələrə bölünərək, kontekstdən çıxarılmış formada sosial şəbəkələrdə tirajlanıb: "Mən bir neçə gündür bu mövzu ilə bağlı müxtəlif çıxışlar edirəm. Yəni əgər kimsə bu çıxışı paylaşmaq istəyirsə, onu bütöv şəkildə təqdim etməlidir və kəsib kontekstdən çıxarmamalıdır. Bu çıxış bir neçə ay əvvəl edilib, amma son günlər məqsədli şəkildə yenidən kontekstdən çıxarılaraq yayılır və guya “gedib orada qul kimi işləsinlər” kimi təqdim olunur. Çox təəssüf edirəm. Bu cür yanaşmalara son qoyulmalıdır.
Sovet dövründə gənclər yay aylarında bölgələrə gedərək müəyyən proseslərdə iştirak edirdilər. Onlar həm vaxtlarını səmərəli keçirir, həm də təcrübə qazanırdılar. Bu baxımdan mən düşünürəm ki, bu təklif çox yaxşı və normal bir təklifdir. Gənclərin bu proseslərin bir hissəsi olması həm torpağa bağlılıqlarını artıracaq, eyni zamanda həyat və iş təcrübələrini genişləndirəcək, onları həyata daha yaxşı hazırlayacaq.
Mən düşünürəm ki, gənclərin xeyli hissəsi, böyük məmnuniyyətlə bir -iki ay bölgələrdə, Qarabağda səmərəli vaxt keçirməyə razı ola və bu prosesdə fəal iştirak edə bilərlər.
Heç kim demir ki, kontekstdən çıxarılaraq gedib haradasa qul kimi işləsinlər.
Burada söhbət gənclərin təcrübəsinin artırılmasından, biliklərinin genişləndirilməsindən və peşəkarlaşmasından gedir. Bu məsələni bu çərçivədə başa düşmək lazımdır”.

Deputat Elçin Mirzəbəyli bildirir ki, sovet dövründə gənclərdən ibarət inşaat dəstələri yaradılırdı: “Gəncləri yay aylarının müəyyən bir ayında inşaat dəstələri halında bölgələrə göndərirdilər. Azərbaycan gəncləri həmin dövrdə SSRİ-nin müxtəlif şəhərlərində fəaliyyət göstərirdilər. İndiki şəraitdə isə söhbət öz yurdumuzdan, yuvamızdan gedir. Belə inşaat dəstələrinin bərpa olunması, fikrimcə, mümkündür. Bu gənclərin sosiallaşmasına və əməyə olan sevgilərinin artmasına zəmin yarada bilər. Burada təbii ki, ağır fiziki işlərdən söhbət getmir. Hər hansısa bir formada gənclər inşaat prosesinə yardım göstərə bilərlər. Bu sahədə təhsil alan gənclər fəal iştirak edə bilərlər. Aqil müəllimin təklifinə normal yanaşıram. Təbii ki, bunu bir qədər sistemləşdirmək lazımdır”.


Milli Məclisin üzvü Fazil Mustafa da mövzu ilə bağlı fikrini bölüşüb: “Burada əslində tələbə və gənclərin hansısa formada pulsuz işə cəlb olunmasından söhbət getmir. Üç ay müddətinə kiməsə iş yeri təklif olunursa, bu könüllü əsasda baş verir. Əməkhaqqı da normal şəkildə ödənilirsə, bunun nə təhlükəsi, nə də problemi var. Yəni söhbət kiminsə ödənişsiz işlədilməsindən getmir. Aqil Abbasın dediyi fikirlər onun öz yanaşmasıdır və bu yanaşma ümumilikdə normal qəbul edilə bilər. Hər bir fikrin kiminsə xoşuna gəlməməsi mümkündür, lakin bunu şişirdib başqa müstəviyə daşımağa ehtiyac yoxdur. İndi kim istəsə öz yanaşmasını bildirir, Aqil Abbas da öz təklifini səsləndirib. Hazırda Qarabağda bu istiqamət dövlət və müxtəlif şirkətlər vasitəsilə həyata keçirilir. Əgər belə bir imkan varsa ki, orada gənclər könüllü işləyib, eyni zamanda gəlir əldə etsin bunun heç bir qəbahəti yoxdur.
Ümumilikdə Qarabağ məsələsi, bərpa prosesi və infrastrukturun qurulması ilə bağlı istər deputat, istər sıravi vətəndaş olsun, hər kəsin fikri və təşəbbüsü dəyərlidir. Bu proses ümummilli məsələdir. Burada müxtəlif yanaşmaların ortaya qoyulması vacibdir, çünki bu, ictimai məsələdir.
Aqil Abbas da məhz bunu deyir ki, tələbə istəsə, müəyyən şərait yaradılarsa, yay və ya tətil dövründə gedib işləyə və təcrübə qazana bilər. Bəzən elə bir mühit formalaşır ki, sağlam təşəbbüslərin belə səsləndirilməsinə ehtiyatla yanaşılır. Bu isə ümumi ictimai inkişaf üçün zərərli tendensiyadır. Çünki cəmiyyət yalnız müzakirə, fikir mübadiləsi və fərqli baxışların toqquşması ilə inkişaf edə bilər”.

Şahanə Rəhimli
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti