Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri ağdamlılar tərəfindən yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda dərin ehtiramla yad edilib. Ulu Öndərin vəfatının on səkkizinci ildönümü ilə əlaqədar rayon sakinləri əllərində gül-çiçək dəstələri Quzanlı qəsəbəsinin mərkəzi meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət ediblər. Ağdam Rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, YAP rayon təşkilatının fəalları, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, Allahdan ona rəhmət diləyiblər.
Rayon təhsil şöbəsinin müdiri Tahir Abbasov AZƏRTAC-a müsahibəsində deyib: “Bütün Azərbaycan xalqı kimi ağdamlılar da ümummilli liderimiz Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, onun əziz xatirəsini daim uca tutur. Bu gün Ağdam ictimaiyyəti Ulu Öndəri həm də böyük qürur hissi ilə anır. Çünki illər öncə Ulu Öndərin dediyi “Qarabağ məsələsini həll edəcəyik. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır” sözləri öz yerini tapıb. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Ulu Öndərimizin ən böyük arzusu həyata keçib”.
