Nazirlik rəsmisi 190 manatın verilməsindən danışdı: “Təəssüf ki, provokasiya ilə məşğul olanlar da var...”
Tarix: 10-04-2020, 15:23
Baxılıb: 1 034
Google+ Paylaş
Tumblr Paylaş

Nazirlik rəsmisi 190 manatın verilməsindən danışdı: “Təəssüf ki, provokasiya ilə məşğul olanlar da var...”

10-04-2020, 15:23

Koronavirus pandemiyası səbəbindən işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu qədər – 190 manat olmaqla ödəniləcək. 
Bu vəsaitin verilməsi günlərdir ictimaiyyətin müzakirəsindədir. Vəsaitin verilmə prosesi, qərarın kimlərə şamil edilməsi ilə bağlı həm tənqid, həm də tərif səsləndirilir. 
Musavat.com-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov görülən işlərdən danışdı, deyilənlərə münasibət bildirdi. 
F.Talıbov söylədi ki, artıq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.  Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib.
“Yalnız bu mesajın mətninə uyğun olaraq işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər. Artıq vətəndaşlarımız bu barədə SMS alırlar və bu, gün ərzində davam edəcək. Eyni zamanda,  ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər. Davamlı şəkildə bu kateqoriyadan olan vətəndaşlarımız ödəmə ilə təmin ediləcəklər”, - deyə nazirlik rəsmisi bildirib.
Narazı şəxslərlə bağlı isə Fazil Talıbov aşağıdakıları söylədi: "Təbii ki, bu kimi kütləvi aksiyalarda, tədbirlərdə narazı kəsimin də olması qaçılmazdır. Ancaq bizi təəssüfləndirən məqam odur ki, bir çox hallarda bu prosesdən sui-istifadə edərək, sensasiya yaratmaq istəyəni ortaya qoymaq meylləri görürük. Sosial şəbəkə səhifələrində xaricdə oturub, bu prosesləri gözü götürməyən insanların provakasiyasının şahidi oluruq. Təbii ki, cəmiyyət bu kimi məsələlərdə də pisi yaxşıdan ayırır, dövlətin humanist prinsiplərini, xeyirxah addımlarını və dövlət siyasətində vətəndaşın sosial rifahına yönələn addımları hər bir cəmiyyət üzvü görür. Aparılan bu işlər də məhz həssas təbəqənin, pandemiyadan əziyyət çəkən vətəndaşların minimal ehtiyaclarını ödəmək məqsədilə həyata keçirilir. Bu istiqamətdə işlər yüksək səviyyədə həyata keçirilir, proses olduqca şəffaf formada aparılır. Çox təəssüf ki, narazılıqları öz mənafelərinə uyğun şəkildə cəmiyyətə çatdıran insanlar da mövcuddur. Buna biz sadəcə təəssüf edirik”.
Qeyd edək ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün 38 milyon manat məbləğində ilk maliyyələşmə tranşını həyata keçirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ