
NASA Ay və ya Marsa uçuşun simulyasiyası üçün bir il davam edəcək təcrid missiyasına könüllülərin qəbuluna başlayıb.
Reportyor.tv xəbər verir ki, iştirakçılar ABŞ-nin Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzinin ərazisində 12 ay tam təcrid şəraitində yaşayacaqlar. Hazırlıq və məlumatların toplanması ilə birlikdə proqramın ümumi müddəti təxminən 14 ay olacaq. Təcrübənin 2027-ci ilin avqustundan tez başlaması gözlənilmir.
Əvvəlcə ekipaj planetlərarası uçuşu imitasiya edən iki mərtəbəli modulda yerləşdiriləcək. Daha sonra iştirakçılar başqa planetin səthində həyatı canlandıran modula keçəcək və onun hüdudlarından kənara çıxaraq müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Bəzi ssenarilərdə könüllülər səyyar əməliyyatlar üçün rover modulunu da sınaqdan keçirəcəklər.
Namizədlər üçün tələblər astronavtlara qoyulan şərtlərə yaxındır: ABŞ-nin vətəndaşlığı və ya "green card", 30–55 yaş (istisnalar mümkündür), boyun 188 santimetrdən hündür olmaması, ingilis dilini sərbəst bilməsi, texniki təhsil, pəhriz məhdudiyyətinin, yuxuda gəzmə probleminin və yuxu dərmanlarından istifadə vərdişinin olmaması.
Mühəndislik, biologiya, fizika və ya riyaziyyat üzrə ali təhsili olan namizədlərə üstünlük veriləcək. İştirakçılara maddi kompensasiya ödəniləcək. NASA yeni missiya üçün ödənişin məbləğini hələ açıqlamasa da, əvvəlki analoji CHAPEA simulyasiya proqramında iştirakçılara maksimum 60 480 dollaradək kompensasiya verilib. Yeni proqram üzrə də ödənişin olacağı təsdiqlənib, lakin dəqiq məbləğ hələlik açıqlanmayıb. Əldə ediləcək nəticələr isə NASA-nın uzunmüddətli Ay və Mars ekspedisiyalarına hazırlığında istifadə olunacaq.
Musavat.com






Şərhlər