
1943-cü il noyabrın 28-dən dekabrın 1-dək İran paytaxtında müharibədən sonrakı Avropa strukturunu müzakirə etmək üçün “Böyük üçlük” - SSRİ, Böyük Britaniya və ABŞ liderlərinin zirvə görüşü keçirilib. Konfrans çox məxfi şəkildə hazırlansa da, almanlar bu barədə hələ oktyabrın ortalarında xəbər tutublar.
“Tehrana üzən böyük balıqlar” haqqında məlumatı Türkiyədəki Britaniya səfirliyində səfirin köməkçisi, Siseron adlı nasist agenti alban Elias Bazna ötürüb. Reyxin Baş Təhlükəsizlik İdarəsinin rəisi Ernst Kaltenbrunner təcili olaraq Hitlerə İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçillin həyatına sui-qəsd təşkil etmək planının layihəsini təqdim edib və onun tam təsdiqini alıb. “Uzunluğa tullanma” kod adlı əməliyyat SS xüsusi təyinatlı qüvvələrinin rəisi Otto Skorzeniyə tapşırılıb.

Tehran konfransında təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Görüşlərin keçirildiyi Britaniya səfirliyi bir neçə təhlükəsizlik halqası ilə əhatə olunub; rabitə kəsilib və konfrans müddətində media vasitələri qadağan edilib.
Tehrandakı keçmiş SSRİ (indiki Rusiya) səfirliyi əslində şəhər içində bir şəhər olub. 11 hektar ərazidə park, hotel, diplomatik yaşayış məntəqələri və nümayəndəlik kompleksi yerləşib - Stalin, Ruzvelt və Çörçill Almaniyanın bölünməsini məhz burada müzakirə ediblər. Tehrandakı Almaniya agentləri tərəfindən təklif edilən ilk plan, məzarın içindən tunel qazaraq erməni qəbiristanlığından sovet səfirliyinə sızmaq və sonra bu tuneldən təxribatçıları keçirmək olub. Almanların qəbiristanlıqda öz agenti işləyib - xüsusi olaraq qəbirqazan kimi işə götürülən şturmbanfürer Frans Meyer. O, saqqalı boyanmış qoca erməni qılığına girib. Lakin Meyer tezliklə sovet kəşfiyyatı tərəfindən tutulub və Berlində tunel qazmaq ideyası rədd edilib.

Tarixçi və tərcüməçi Əhməd Sareminin sözlərinə görə, hazırda İran arxivlərindən götürülən və məxfilikdən çıxarılan sənədlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, almanların əsas məqsədi üçlüyü öldürmək yox, oğurlamaq olub.
“Kaltenbrunnerin fikrincə, Stalin, Ruzvelt və Çörçillin öldürülməsi müharibəni dayandıra bilməzdi. Lakin liderlərin alman əsirliyində saxlanması anti-Hitler koalisiyası ölkələrinin əhalisi arasında şok yarada, cəbhədə qarışıqlığa və xaosa səbəb olardı. Tehrandakı SS təxribatçılarının məqsədi məhz bu idi”, - Ə.Saremi deyib.
İranda çıxan “Xəbər” qəzeti bu barədə yazıb: “Stalinin Türkiyə vasitəsilə Berlinə aparılaraq və orada qəfəsdə nümayiş etdirilməsi nəzərdə tutulub. Ruzveltə gəldikdə, reyx nazirləri iki yerə bölünüb: bəziləri ABŞ prezidentinin təslim olmaq əmrini verməyə məcbur edilməli olduğuna inanıb, digərləri isə onun xüsusi qəddarlıqla edamının tərəfdarı olublar. Kaltenbrunner Ruzvelti köpəkbalıqlarına yedizdirməyi və hadisəni lentə almağı təklif edib. Çörçillə gəldikdə isə, heç bir fikir ayrılığı olmayıb - onlar sadəcə onu yerindəcə öldürməyi planlaşdırıblar”.

Əməliyyatlara gəlincə, 22-27 noyabr tarixləri arasında Qum və Qəzvin ərazilərinə atılan on dörd SS paraşütçü qrupu saxlanıb. Digər nasistlər tərəfdən çoxlu sayda rəqabətli təklif olub. Skorzeni özü adam oğurluğunu ləğv edib və sadəcə partlayıcı maddələrlə yüklənən təyyarə və intiharçı pilotu sovet səfirliyinə göndərməklə liderləri öldürməyi təklif edib. Çoxsaylı planlar rədd edilib, müzakirə olunub və yenidən işlənib və nəticədə alman agentlərinin həbsi razılaşmanı bitirib.
Nasist agentlərinin dindirilməsinə görə, 29 noyabrda onlar Tehranda kütləvi iğtişaşlar yaratmağı və bunun sayəsində rəhbərlərin kortejini pusquya salmağı planlaşdırıblar. İsfahanda SS zabiti Şunemann Qaşqay qəbilə liderləri ilə danışıqlar aparıb: onların qoşunları İran paytaxtına gəlib hökumət binalarına hücum etməli və xaos yaratmalı imiş. Planlar sadə bir səbəbdən baş tutmayıb: Berlindən dollar gəlməyib və Qaşqay liderləri əvvəlcədən ödəniş olmadan hücum etməyə razılaşmayıblar.
Bütün səylərə baxmayaraq, “Uzunluğa tullanma” uğursuz olub. Kəşfiyyat qarşıdurmasının ən aydın mənzərəsi ən yaxşı halda 2043-cü ildə, “Tehran-43” ilə əlaqəli bütün sənədlər Rusiya, Amerika və Britaniya arxivlərində məxfilikdən çıxarıldıqda ortaya çıxacaq. Əlbəttə ki, əgər onlar həqiqətən də məxfilikdən çıxarılarsa...
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






Şərhlər