“Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev müsahibə verib.
Publika.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a uduzduqları matçdan sonra (0:3 - ilk oyun 1:0) media nümayəndələrinin suallarını cavablandırıb:
- Birinci hissədə “Qarabağ”ın hücumlarını dəf etdiniz, amma ikinci hissədə alınmadı…
- Nəinki hücumları dəf etdik, hücumlar da yaratdıq, amma şanslarımızdan istifadə edə bilmədik. “Qarabağ”a qarşı oynamaq çətindir. Düşünürəm ki, layiqli mübarizə apardıq. Həm birinci, həm də ikinci oyunda. İlk matç əldə etdiyimiz imkanları daha çox qola çevirə bilsəydik, fərqli ssenari olacaqdı. Hər halda “Qarabağ”ın kubokda daha çox təcrübəsi var.
- 2 mübahisəli epizod oldu. Birində penalti gözləyirdiniz, digərində qırmızı vərəqə…
- Karlos Jatoba ilə Bəhlul Mustafazadənin mübarizəsində Bəhlul qaydanı pozmuşdu. Fikrimcə, penalti idi. Ümumiyyətlə, mübahisəli epizodlarla bağlı qərar verə bilmirik. Hakimə yaxınlaşırıq, deyir şiddət yoxdur və ya toxunuş fərqli idi. Hər dəfə fərqli situasiya ilə qarşılaşırıq. Ona görə qərar vermək çətindir.
- Kubok əldən getdi, çempionatda isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsınız. Nə qədər çətin olacaq?
- Yanvardan sonra heyətlə bağlı ciddi problemlərimiz oldu. Zədəlilərimiz çox oldu. Özüm də bir ay oynaya bilmədim. Zədədən qayıdan bəzi komanda yoldaşlarımız optimal formalarından uzaq idilər. Mövsümün ortasında bərpa olmaq çox çətin məsələdir. Amma bunlara baxmayaraq, sona qədər döyüşəcəyik. Düşünürəm ki, biz yaxşı yerlərə layiq komandayıq. Avrokuboklara getməyimiz önəmli addım olacaq. Bu, futbol ictimaiyyətini və azarkeşləri inandıra biləcək ki, biz daha yaxşı uğurlar qazana bilərik. Çalışmalıyıq ki, oyunlara optimal dərəcədə hazır olaq. Kubokun oyunları bizə təsir edirdi, 3-5 gündən bir oynayırdıq. Düşünürəm ki, “Qarabağ”la oyunda pis təsir bağışlamadıq. Növbəti oyunlarda da belə çıxış etsək, yaxşı nəticələr əldə edə biləcəyik.
